Komada olan hüquq müdafiəçisi KORONAVİRUSA YOLUXDU

201

“Atam Oqtay Gülalıyevdən dünən xəstəxanaya köçürülməsi üçün COVID-19 testi götürüldü. Bu gün çıxan cavablara əsasən təəssüf ki, nəticə müsbətdir”.

 

Bunu avtomobil qəzasında ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

 

O qeyd edib ki, ailənin qərarına əsasən atasının xəstəxanaya aparılmasını qəbul etməyiblər:

 

“Hələ ki, atamın COVİD-19 üçün müalicəsi ev şəraitində aparılacaq. Səbəb olaraq bildirim ki, atamın hazırkı evdə davam edən baxım şəraiti fərqli olduğundan (xususi cihazla qida, maye, dərman qəbulu və s) düşünmürük ki, indiki vəziyyətdə hansısa xəstəxanada atama bu şəraitdə baxa biləcəklər. Ümid edirik ki, virusa qarşı müalicəsi normal davam edəcək”.

 

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

 

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.

 

Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən noyabrın 8-də Bakıya gətirilib. \\Modern.az