“Köçəryanın həbs olunması erməni-rus əlaqələrinə təsir edə bilər” – Balasanyan

    12

    “Müəyyən suallar ortaya qoyula bilər və Ermənistan hakimiyyəti bu suallara cavab vermək üçün hazır olmalıdır”.

    Hurriyyet.org ordu.az-a istinadən xəbər verir ki, bu sözləri İrəvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Diplomatiya kafedrasının dosenti, tarix elmləri namizədi Qriqor Balasanyan “Sputnik Armenia” ilə müsahibəsi zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs olunması məsələsinə toxunarkən deyib.

    Onun sözlərinə görə, Rusiya prezidenti və bu ölkənin rəhbər dairələri Köçəryan ilə Rusiya rəhbərliyi arasında şəxsi əlaqələrin olduğunu müxtəlif səviyyələrdə dəfələrlə vurğulayıb.

    “Köçəryanın həbs olunması erməni-rus əlaqələrinə müəyyən qədər təsir edə bilər. Şəxsi əlaqələr dövlətlərarası münasibətlərdə qəbul olunmasa da, hər halda bilməliyik ki, dövlətlərarası münasibətlərdə şəxsi əlaqələr çox vaxt böyük rol oynayır.

    Buna görə də hesab edirəm ki, müəyyən suallar ortaya qoyula bilər və Ermənistan hakimiyyəti bu suallara cavab vermək üçün hazır olmalıdır”,- deyə Balasanyan bildirib.

    Xatırladaq ki, iyunun 25-də Apellyasiya Məhkəməsinin qərarı ilə Köçəryan yenidən həbs edilib. Məhkəmənin qərarı ilə Köçəryana qarşı ehtiyat tədbiri kimi seçilmiş qondarma qurumun keçmiş və indiki “rəhbərləri”nin şəxsi zəmanəti ləğv olunub.