Köçəryan istintaqa ÇAĞRILIR

    9

    Ermənistanın sabiq prezidenti Robert Köçəryan 1 mart 2008-ci il qırğınının istintaqına cəlb olunur. Novator.az-ın məlumatına görə, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan iyulun 4-də keçirdiyi brifinqdə deyib ki, sabiq prezident şahid qismində dindirilmək üçün istintaqa çağırılıb.

    Sasun Xaçatryan sabiq müdafiə naziri, 1 mart 2008-ci il qırığını zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi postunu tutmuş Seyran Ohanyanın şahid kimi istintaqa ifadə verdiyini də vurğulayıb.

    Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-97-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
    Dağlıq Qarabağ bölgəsində doğulmuş 1962-ci il təvəllüdlü Seyran Ohanyan Azərbaycan torpaqlarının işğalının və Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu ildən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” olub. 2007-ci ildən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postunu tutub. 2008-2016-cı illərdə müdafiə naziri vəzifəsində çalışıb.

    2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ bölgəsində doğulmuş baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

    2008-ci ildə Robert Köçəryanı prezident postunda əvəzləyən Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib.

    İcevan şəhərindən olan Nikol Paşinyanın mayın 8-də baş nazir kürsüsünə oturması ilə qarabağlıların Ermənistanda hökmranlığına son qoyulub.

    2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.

    Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.

    2018-ci il iyulun 3-də Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı axtarışa verib. 1 mart 2008-ci il qırğınında təqsirləndirilən generalın həbsi üçün vəsatət verilib.

    İstintaqın qənaətinə əsasən, 2008-ci ildə müdafiə naziri postunu tutan Mikael Arutunyan və başqa vəzifəli şəxslər faktiki hərbi vəziyyət tətbiq edərək aksiyaçılara divan tutublar. Mikael Arutunyana dövlət hakimiyyətinin mənimsənilməsi ittihamı irəli sürülüb.

    Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub. 2007-ci ilədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildən Ermənistan prezidenti yanında baş hərbi inspektor vəzifəsində çalışıb. \\novator.az

    Hurriyyet.org