“Klassik müxalifət istənilən şəxsin, qrupun etirazına sahiblənməyə cəhd edib” – NATİQ CƏFƏRLİ

327

“Yoldaş Qiyasın atdığı addım tam hüquqidir, vətəndaş mövqeyi isə haqlıdır”

“Koronavirus dünyada və ölkəmizdə yayılmağa başlayanda, fevralın sonu-martın əvvələrində bəzi müxalifət və sivil toplum nümayəndələri hər gün çıxışlar edirdilər ki, metronu, məktəbləri bağlayın, hər yeri qapadın, karantin elan edin- millət qırılacaq. Bəzi içiboşlar daha irəli gedərək, “bunlar qəsdən milləti qırmaq istəyir”, deyə hay-küy salmışdılar. O zaman nadir eşidilən məntiqli səsləri, fikirləri biz səsləndirib deyirdik ki, bu işə elmi yanaşmaq, dünyanın beyin və tibb mərkəzləri ilə məsləhətləşmək, onlarla paralel hərəkət etmək lazımdır”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Hökumət zatən öz kefindədi, heç kimə qulaq asmır, özünün də bildiyi bir şey yoxdur”

N.Cəfərli diqqətə çatdırıb ki, hökumət əvvəl sərhədləri, sonra məktəbləri, metronu, ticarət mərkəzlərini, kafe-restoranları bağladı, toyları-yasları qadağan etdi: “Demirəm ki, bəzi müxalifət və sivil toplum nümayəndələrinin sözünə baxıb etdi. Təbii ki, yox. Amma o zaman bu addımlar atılanda, “gördüz, biz dedik, hökumət də etdi”, pozası alan tanınmış insanlar gördük. Amma biz ilk olaraq martın 6-da ictimai çıxışlarda karantin tədbirlərinin elmi əsaslı olmasının vacibliyini vurğuladıq, bu tədbirlərin iqtisadiyyatı çökdürəcəyini yazdıq, addımların rassional və hesablanmış olmasına çağırdıq. Hökumət də müəyyən addımlar atdı, yarımçıq da olsa, təşviq qərarları aldı. Və indi nə qəribədir ki, eyni adamlar karantin tədbirlərinin daha da sərt olmasından şikayət etməyə, bunu “rejimin sərtləşməsi” ilə izah etməyə başladılar. Amma yenə də tək biz punktlarla, addım-addım hökumətin səhvlərini izah etməyə, nəyin necə daha effektli olmasını deyib-yazmağa başladıq. Hökumət isə zatən öz kefindədi, heç kimə qulaq asmır, özünün də bildiyi bir şey yoxdur. Sadəcə, ətraf ölkələrdə nə görürlərsə, onu ən bərbad şəkildə tədbiq edirlər. Yəni sözümün canı odur ki, özünü bu sistemə müxalif bilən qurumlar, şəxslər, ən azından hökumətdən daha məsuliyyətli, daha ağıllı, daha bilikli olmalıdır. Küyə düşüb dünən bir söz, bu gün başqa söz deyib ucuz reytinq dalınca qaçmamalıdırlar”.

“Yoldaş Qiyasın özgürcə və hüquq çərçivəsində olan aksiyasından sonra gördük ki..”

N.Cəfərli onu da nəzərə çatdırıb ki, gənc, əqidəli, öz prinsipləri və dünya görüşü olan yoldaş Giya Sol öz yaşadığı evin damına çıxıb təkbaşına etiraz aksiyası təşkil etdi: “”Facebook”u yaxından izləyən insanlar bilir ki, şəxsən mənim onunla müxtəlif mövzularda dəfələrlə mübahisəm olub. Siyasi baxışları bir qırağa, dilini-üslubunu bəyənməsəm də, onu izləyib, oxuyub, hərdən cavab da verirdim. Hətta təhqir edəndə də yumşaq cavab yazırdım. Çünki mənim əqidəli, ideoloji duruşu olan adamlardan xoşum gəlir. Yoldaş Qiyasın siyasi görüşləri absurda yaxındır, mənim siyasi görüşlərimlə daban-dabana ziddir, onun ideoloji baxışlarını hətta ziyanlı sayıram və bunu həmişə açıq-açıq, məhz ideoloji müstəvidə yazmışam, demişəm. Yoldaş Qiyasın özgürcə və hüquq çərçivəsində olan aksiyasından sonra gördük ki, dünənə qədər onu söyən, təhqir edən, aşağılayan bəzi təməlsiz (yəni, ideoloji təməli olmayan) müxalifət nümayəndələri başladılar ona təriflər yağdırmağa, göylərə ucaltmağa, onun etdiyini, sanki sahiblənməyə, ondan pay almağa çalışdılar. Bəzi içiboş, özlərini müxalifət sayan, bu günə qədər heç bir ideoloji təməl fikirləri olmayan insanlar həmən onu qəhraman elan etməyə çalışdılar, iyrənc mənzərədir”.

“Güya, məsələni “siyasiləşdirərək” sahiblənməyə çalışırlar”

Cəfərlinin sözlərinə görə, o, yoldaş Qiyasa dəstək mesajı yazanda belə, açıq qeyd edib ki, adamın siyasi baxışlarını bəyənmir: “Amma atdığı addım tam hüquqidir, vətəndaş mövqeyi isə haqlıdır. Bunları niyə qeyd etdim? İllərdir klassik müxalifət cəmiyyətdə orqanik, təbii etirazların yaranmasına mane olub, istənilən şəxsin, qrupun etirazına sahiblənməyə cəhd ediblər. Bu isə çox ziyanlı davranış tərzidir. Taksi sürücüləri etiraz edir, həmən bəyanat verirlər ki, rejim dağılır. Kiçik sahibkarlar etiraz edirlər, həmən ortalığa hoppanırlar ki, rejim sahibkarları boğur, taksi sürücüləri öz problemlərinə görə bir yerə yığışır.  Həmən ortalığa düşürlər ki, “gördüz, inqilab yaxınlaşır və belə məntiqsiz davranışla cəmiyyətin müxtəlif kəsimlərinin orqanik etiraz istəklərini boğub beşikdəcə məhv edirlər”. Anlamırlar ki, hər etiraz edən onlardan biri deyil, hətta, etirazlarında onları görmək, dəstəklərini eşitmək belə, istəmirlər. Çünki hər dəfə onlar sosial-iqtisadi məsələlərə görə etiraz edəndə bu kəsim ortalığa düşüb, öz aləmlərində,  güya məsələni “siyasiləşdirərək” sahiblənməyə çalışırlar. Nəticədə onları yanlarında müxtəlif səbəblərə görə görmək istəməyən kəsimləri proseslərdən uzaqlaşdıraraq, əslində, hökumətə xeyir verirlər”.

“Müxalifət partiyaları hər etiraza sahiblənmək cəhdindənsə..”

“Bir daha rica edirəm ki, diqqətlə oxuyub müzakirə edək, hər iki məsələ çox ciddi məsələdir. Biz əgər bu ölkəni dəyişmək istəyiriksə, hökumətdən daha ağıllı, daha bilikli olmağa borcluyuq. Biz əgər ölkədə müxtəlif maraq qruplarının yaranmasını, cəmiyyətin müxtəlif kəsimlərinin öz hüquqları uğrunda addımlar atmasını istəyiriksə, proseslərin orqanik, təbii cərəyan etməsinə nail olmalıyıq. Müxalifət partiyaları hər etiraza sahiblənmək cəhdindənsə, etirazı doğuran səbəbləri elmi, siyasi, sosioloji araşdırıb ortalığa sənədlər, çözüm yolları təklif etməlidirlər ”,-deyə Cəfərli vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org