Kissincer və Qromıkonun çəkişməsi – ABŞ və SSRİ-nin baş diplomatları bir-birinə ironik sataşmalar edirmiş

189

Henri Kissincer və Andrey Qromıko… İki əks qütbün, iki nəhəng dövlətin, uzun illər Amerika Birləşmiş Ştatlarının və SSRİ-nin xarici siyasətini tənzimləyən diplomatlar. Onların siyasi baxışları fərqli olsa da, xarakterlərində oxşar cəhətlər çox olub. Hər ikisi kifayət qədər ciddi, hər ikisi ciddi olduqları qədər də güclü yumor hissinə malik siyasətçi olub…

Henri Kissincer soyuqqanlı bir şəxs olub, o, hisslərini, hansısa bir hadisəyə təəcübləndiyini gizlədə bilib, onu təəcübləndirmək çətin bir məsələ olub. Ancaq Andrey Qromıko bunu bacarıb.

Qromıkonu isə çox nadir hallarda gülən görüblər. Ancaq Kissincer üçün həmkarını güldürmək çox da çətin bir iş sayılmayıb. Onun güclü siyasi yumor hissi Qromıkonun donmuş simasını təbəssümlə əridə bilib.

Kissincer Qromıkonu özünə ən güclü rəqib sayıb və onun şəxsiyyətini, siyasi fəaliyyətini yüksək qiymətləndirib:
“Qromıko mənim rəqibim, həmkarım, həm də dostumdur. O, mükəmməl diplomatdır. Qromıko danışıqlardan əvvəl müzakirə mövzusunu, qarşı tərəfin siyasi çəkisini, mövqeyini ən xırda detallarına qədər öyrənir və artıq masa arxasında keçəndə mənzərə ona tam aydın olur. Elə bu səbəbdən də Qromıko çox nadir hallarda məğlub olur…”

Adətən diplomatlar haqqında fikir bildirməkdə çox “xəsislik” edən Qromıko Kissinceri şeytan adlandırsa da, amerikalı həmkarının yüksək siyasi intellekti haqqında “səxavətlə” fikir bildirib: “Kissincer iddialı bir siyasətçidir, həm də ağıllıdır, təmkinlidir. Diplomat üçün bu vacib amillərdir. Onun peşəkar siyasi manevrləri adamı daha dərin düşünməyə vadar edir. Bu cür iddialı və ağıllı siyasətçilərlə danışıqlar aparmaq daha rahat və daha maraqlıdır, nəinki heç bir siyasi intellekti olmayan, hərbi gücünə arxayın olan siysətçilərlə. O, həm də bir insan kimi maraqlı şəxsiyyətdir, dostluğa layiq olan bir adamdır…”

Kissincerlə Qromıko Amerikada, SSRİ-də, digər xarici ölkələrdə dəfələrlə görüşüblər. Diplomatların görüşlərində maraqlı məqamlar da az olmayıb.

1972-ci ildə Kissincerin SSRİ-yə səfəri zamanı Kremlin Yekaterina zalında ABŞ-ın nümayəndə heytləri ilə sovet siyasilərinin görüşü keçirilib, müzakirələr aparılıb, sənədlər hazırlanıb. Görüş zamanı köməkçisi Kissincerə özlərinə məxsus olan portativ surətçıxarma aparatında problem yarandığını söyləyib. Bu zaman Kissincer yanında əyləşən Qromıkoya müraciət edib:

– Cənab Qromıko, mən indi əlimdəki sənədi tavandakı çilçırağa tərəf tutacam. Siz sonra onun surətini mənə verərsiniz. Amma xahiş edirəm “yox” cavabını verməyəsiniz.

Kissincer zarafatyana dediyi bu cümlədə iki məsələyə eyham vurub. Birincisi, o, DTK-nın tavandakı çilçıraqda quraşdırdıqları gizli kameralara işarə edib, ikincisi, Qromıkonun “Cənab Yox” adını bir daha ona xatırladıb.

Qromıko da həmkarına zarafatla cavab verib:

– Cənab Kissincer, no-no, çünki çilçıraqdakı kameralar hələ çarın dövründən quraşdırılıb. Onlar adam şəkillərini aydın çəkirlər, inanmıram ki, sənədlərdə olan yazıları kameralar aydın çəksin.

Ümumiyyətlə, amerikalı siyasətçilər SSRİ-yə səfər edərkən məxfiliyi təmin etmək məsələsində çox ehtiyatla davranıblar, DTK-nın hər yerdə “göz”ü olduğunu da həmkarlarına deməkdən çəkinməyiblər. Kissincer növbəti dəfə də bu məsələni Qromıkoya zarafatla bildirib. Belə ki, Moskvada açıq havada həmkarlar söhbət edərkən, amerikalı diplomat ağaclara diqqətlə nəzər saldıqdan sonra təbəssümlə Qromıkoya müraciət edib:

– Cənab Qromıko, Moskvanın təbiəti mənim çox xoşuma gəlir. Amma nədənsə, ağacların budaqları mənə tərəf daha çox əyilir. Belə başa düşdüm ki, budaqlardakı kameralar yerlilərlə qonaqları da ayrıd edə bilir.

Kissincerin Moskvaya növbəti səfərlərinin birində Leonid İliç Brejnev amerikalı siyasətçini ov etməyə dəvət edib. Kissincer ovçuluq məharətinin olmamasını bildirsə də, Brejnev ona ov paltarları və tüfəng verərək atəş “mövqe”yini göstərib.

Brejnevin üç atəşdən sonra yaraladığı qaban arxası üstə yerə sərələnib. Mənzərəni maraqla seyr edən Kissincer zarafatından qalmayıb:

– Qaban xam ovçu gördü, ürəyi getdi.

Kənarda dayanan Qromıko həmkarının zarafatına zarafatla cavab verib:

– Bu qaban bizim meşələrin qabanına bənzəmir. Yəqin ki, o, Vyetnamdan gəlib. Ona görə sizi görüb ürəyi getdi…

Diplomat həmkarlarla daha bir maraqlı hadisə jurnalistlərin də gözündən yayınmayıb. Kissincer SSRİ-yə növbəti səfərlərinin birində həyat yoldaşını da özü ilə Moskvaya gətirib. Havaların qəfil soyumasından ayaqqabıda olan diplomatın həyat yoldaşına Moskvada yarımboğaz çəkmə veriblər. Səfərin sonuna qədər o, həmin çəkmələrdə gəzib. Səfər başa çatıb.

Qromıko Kissinceri hava limanından yola salıb. Yola salmazdan öncə onlar jurnalistlərə müsahibə veriblər. Kissincerlər ailəsi təyyarəyə keçəndən sonra həyat yoldaşı çəkmələri çıxarıb və öz ayaqqabılarını geyinib. Kissincer çəkmələri görünməyən paketə qoyaraq styuradessadan xahiş edib ki, bağlamanı trapın qarşısında təyyarənin uçmasını gözləyən Qromıkoya çatdırsın. Bağlamanı həmin an Qromıkoya veriblər və bu jurnalistlərin diqqətindən yayınmayıb. Sonralar jurnalistlər Qromıkodan bağlamada nə olduğunu soruşanda, nazir onların sualını belə cavablandırıb:

– Kissincer Amerikadan gətirdiyi hədiyyəni mənə verməyi unutmuşdu. Son anda yadına düşdü və çatdırdı. Bu şəxsi olduğundan onu mətbuatda işıqlandırmağı məqsədəuyğun saymıram.

Telefon danışığında Qromıko “hədiyyə” məsələsini Kissincerə xatırladıb və onu da xatırladıb ki, Amerikada olduğu vaxt ona verdiyi şlyapanı da, o, eyni qaydada “sahib”inə qaytaracaq.

Qeyd edək ki, Andrey Qromıko 1957-ci ildən 1985-ci ilə qədər SSRİ-nin xarici işlər naziri olub. O, 1989-cu ildə 80 yaşında vəfat edib.

Henri Kissincer isə 1969-1975-ci illərdə Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda 1973-1977-ci illərdə ABŞ-ın 56-cı dövlət katibi olub. 96 yaşlı siyasətçi hazırda da siyasi fəaliyyətini davam etdirir. Musavat.com yaxın saylarda Nobel mükafatı laureatı olan siyasətçi haqqında oxuculara geniş yazı təqdim edəcək./musavat.com/