Kişilik və ya erkəklik

51

Hamının gördüyü və bildiyi kimi, bizdə heç vaxt Afrikadakı cəngəlliklərdə baş verənlər baş vermir…

Hazırda dünyada mərkəzi və cənubi Afrika ölkələri nəzərə alınmazsa, 10-a qədər ölkə var ki, illərdən və hətta əsrlərdən bəri hamısında mağara dövründə belə, bu dərəcədə olmayan zülm və riyakarlıq rejimləri hökm sürür. Bu ölkələrin flaqmanı min ildən bəri yalan və əsarət səltənəti olan Rusiya imperiyasıdır ki, bütün qalanlarını ardınca  dartıb aparır. Bəs niyə axı XXI əsrdə qarşısıalınmaz internet və sosial şəbəklər dövründə İran, Şimali Koreya, Belarus, Orta Asiya ölkələri,  Venesuela, Azərbaycan, Ermənistan, Türkiyə kimi dövlətlərdə formal da olsa, hüquq və məhkəmə sistemləri ola-ola qanunsuzluq, yalan, ədalətsizlik, korrupsiya bu dərəcədə tüğyan edir.

İnanılmaz olsa da, bu açıq-aşkar faktdır və hamı da bunu görür. Biz bunu sosial şəbəkələrdə hər gün çeynənilib-tüpürülən şəkildə təkrar etməyə qətiyyən lüzum görmürük. Biz bu faktın heç yerdə dilə gətirilməyən ən dərin qatlardakı səbəblərini açıb-göstərmək istəyirik. Səbəblər çoxdur və birinicisi odur ki, Rusiyada və ya bizdə insanlar  türmələrdə çürüməyə, küçələrdə döyülüb-öldürülməyə, evlərdə acından inildəməyə razı olur, amma başlarına açılan bu qədər arasıkəsilməz və getdikcə güclənən fəlakətlərin baiskarlarının başını əzməyə qətiyyən qadir olmamalarındadır. Belə olan təqdirdə, əlbəttə, həmin ölkələrin heç birində azadlıq, ədalət və firavanlıq heç zaman təntənə çala bilməz.

Əlbəttə, kişliyin – haqq uğrunda ölümə getməyə hazır olmağın (sınmazlıq, əyilməzlik mənasında)  şüurlu qəhrəmanlığa, hünər və cəsurluğa hazır olmağın yoxluğu bütün bu ölkələr üçün eyni dərəcədə xas olan xüsusiyyət və bədbəxtlikdir.

Kişilik deyil, sadəcə heyvani mənada erkəklik (samets) qətiyyən haqq və haqsızlığı ayıra bilməyən, hətta ayırsa belə, güc tərəfdən edildikdə dərhal yerə yatan bütöv bir xalqın xarakterinə çevrilməsi və bu fəlakətli yaşayışın illərlə davam etməsi doğrudan da inanılmaz bir mənzərə təşkil edir. Onlarla, hətta daha çox böyük-kiçik ölkələrdə azadlıq, ədalət, firavanlıq hökm sürsün, yeddi-səkkiz ölkədə isə əksinə, köləlik, ləyaqətsizlik və acınacaqlı həyat tərzi hamının gözü qabağında özünü nümayiş etdirib və bundan qətiyyən çəkinməsin?  Səbəb isə odur ki, yuxarıda dedik: – canından qorxmaq, güclüyə əyilmək, acınacaqlı həyata dözmək və bütün bunlar üçün səbəbkara canı bahasına olsa da  meydan oxumaq deyil, özünü yandırmaq kimi miskin bir hədə-qorxu gəlməkdir.

Təsəvvür edin ki, yeni Çin dövlətinin Mao-Tszedunun ölümündən sonrakı formalaşma günlərində (1980-ci illərdə) minlərlə gənc azadlıq və demokratik quruluş tələbi ilə Pekinin Tyanmin meydanına çıxıb canlarını tank altında qoydular. Bu dəhşətli hadisə hamının yadındadır. Və bununla da bu qədim, nəhəng, milyardyarımlıq əhalisi olan ölkədə demokratiya deyilən şeyin yarandığı andaca kökü məhv edildi. Lakin, axı, Tyanmində həlak olan gənclərin yerini elə ertəsi gün yenə minlərlə cavan tutub, demokratiya şüarları ilə Pekini sarsıda bilərdi və sarsıtmalıydılar da. Əgər onlar da tank altında qalsaydılar, yenə ertəsi gün minlərlə cavan çıxmalıydı və çıxa da bilərdilər. Axı təkcə Pekində cavanların sayı on milyondan az deyil və qəddar, mürtəce Çin kommunist rejimi hər gün bu şəkildə min cavanı tankların altında qoymağa cürət edə bilməzdi. Bu hadisə iki-üç dəfədən artıq baş verə bilməzdi. Bu mümkün deyil. Bütün dünya buna nəinki mat qalar, hətta tüpürərdilər. Bu qədər qanı, bu qədər meyiti, gizlətmək cəhdi, bu qədər tankın bulaşdığı qanı yumaq dünyada görünməmiş rüsvayçılıq, qəddarlıq olardı.

Lakin azadlığın, demokratiyanın, ədalətin, ləyaqətin, KİŞİLİYİN  başqa yolu yoxdur.

Mən dönə-dönə latınca bu ifadəni təkrar etmiş və edirəm: “Viva la morte”. Bu qızıl cümlə, bu almas şüar, keçən əsrlərdə fransız kral hakimiyyətləri ilə azadlıq və demokratiya mübarizəsinə çıxan fransız gənclərinin şüarı olub. Tərcüməsi “yaşasın ölüm!” deməkdir. Fransada gənclər, kişilər yüz illərlə dillərində bu şüar meydanlarda hakimiyyətlə mübarizəyə çıxıb ölümə hazır olduqlarını ifadə etmiş, dönə-dönə ölümə getmiş və nəhayət prinsiplərinə, əqidələrinə, arzularına, arzuladıqları yaşayış tərzinə nail olmuşlar. Fransada əbədilik azadlıq, demokratiya və firavanlıq bərqərar olmuşdur.

Tyanmin hadisəsi təkcə Pekində deyil, Şanxayda və başqa  böyük Çin şəhərlərində təkrar olunsaydı, hakimiyyət onları basıb əzmək üçün heç bu qədər tank yığa bilməzdi. Bu gün isə artıq gecdir. Əvvələn bütün Çin əhalisi artıq dünya ağalığı zəhəri ilə zəhərlənib. Şovinizm, Amerika ilə bərabər, hətta Amerikadan da qabaqda olmaq iddiası Çin üçün milli ideala çevrilib. Bu cür zəhərlənmiş kütlələr üçün artıq heç bir insani hiss yoxdur. Və nəticədə təsadüfi deyil ki, tibet və uyğur kimi çoxmilyonlu xalqların ən elementar insani hüquqlarını vəhşiliklə boğan, bu xalqları milyonlarla konslagerlərə yığıb Çin şovinizmi qaydaları ilə tərbiyə edən, öz dillərində danışmağı ölümlə, edamla təqib edən müasir Çin – yəni hətta Rusiyadan da pis bir mürtəce, nəhəng dövlət aparatı meydana çıxmışdır.

Rusiya isə çox aydın məsələdir. Bu gün küçələrə çıxıb Putin barədə kimdən fikir soruşsan, heç olmasa yarısı müsbət fikir söyləyəcək. Əvvələn “Krım bizimdir” zəhəri buna səbəb olub. Halbuki Putinin Rusiyanı, rus imperiyasını siyasi və iqtisadi məhvə apardığı göz qabağındadır. Bütün varlığı ilə SSRİ-ni  bərpa etmək eşqiylə yaşayan bu anormal prezident başqa heç nə düşünə bilmir. Yalnız və yalnız SSRİ-ni yenidən bərpa etmək. Bu adam siyasi dəlidir – heç kimə sirr deyil. İnternetdə onlarla sosial şəbəklərdə gecə-gündüz bu elan və təsdiq olunur. Amma eyni zamanda Putinin çox böyük itaətkar və hər cür cinayətə hazır olan ordu növləri var. Və bu yüz minlərlə əli avtomatlı, dubinkalı, zorba erkəklər kimi desən küçədə əzib öldürməyə, tutub döyə-döyə aparmağa, döyə-döyə öldürməyə, həbsə atmağa hazırdırlar. Qeyd edək ki, sadaladığımız digər ölklərdə də vəziyyət Rusiyada olduğu qədər, ona yaxın olan dərəcədə oxşardırlar. Bu ölkələrin hamısında ölkənin çoxlu milli sərvətləri hakimiyyət tərəfindən mənimsənilir, dövlət və hökumət demirik, çünki onların heç birində dövlət və hakimiyyət yoxdur, yalnız bir nəfər var və o da ölkənin yerin altının da, üstünün də, yer altındakı və yer üstündəki sərvətlərin də, yer altındakı və yer üstündəki, havada və dəniz və çaylardakı canlıların da sahibidir. Həmin adam icazə verməsə, yer altından soxulcanı da, çaydan bir dənə külməni də çıxarıb mənimsəmək olmaz. Bu ölkələrin demək olar ki, hamısını cənnətə çevirmək olar. Amma hamısı orada yaşayanların 90 faizi üçün cəhənnəmə dönüb.  Və bütün bunları dünya görür, ABŞ görür, bütün Avropa görür, yalnız bir sıra yüngül cırmaqlama kimi  təsirsiz sanksiyalardan başqa heç nəyə getmirlər. Hətta Fransa prezidenti Emmanuel Makron kimi Putinin zurnasına oynamağa hazır olanlar da var. Amerikan, fransız və ya alman xalqının isə, məsələn, heç  Azərbaycan xalqının varlığından xəbəri yoxdur. Görmədinizmi, bir müddət qabaq məlum oldu ki, hətta ABŞ kimi bir ölkənin prezidentinin Finlandiya adlı ölkənin varlığından və onun harada yerəşməyindən heç xəbəri yoxmuş. Qaldı ki balaca Azərbaycan ola. Və azadlıq adlı delikates bir qidadan yerli-dibli xəbəri olmayan Azərbaycan xalqı ola.

Bu günlərdə internetdə belə bir mənzərə gördüm: Afrikada hansısa bir kəl (erkək camış), hansı ki, kişiliyi sadaladığımız ölkələrdəki kişilərdə olduğundan daha çoxdur, bir  aslanın hücumuna məruz qalmışdı. Şir onu tutub buraxmır və kəl də onu dartıb ora-bura atırdı. Aydındır ki, şir tutduğunu buraxmaq istəmirdi. Kəl də təbii ki, canını xilas eləməyə çalışırdı. Ətrafda başqa şirlər də vardı. Eləcə də çoxlu kəl. Hansı tərəfin üstün gələcəyi məlum olmasa da, hər halda aslanın buna daha çox şansı vardı. Bu zaman gözümün qabağında gözlənilməz bir hadisə baş verdi. Başqa şirlərin də öz həmcinslərinə  şərik olmaq üçün gəldiklərini görən başqa bir kəl onlara hücum etdi. Yolda digər kəllər də ona qoşuldu. Bunu görən aslanlar ovlarını buraxıb qaçmağa məcbur oldular. Və azad olan kəl öz  “qardaşlarına” qoşulub uzaqlaşdı.

Neçə dəfə şahid olmuşam ki,  küçədə, meydanda və ya avtobusda bir qoluzorlu bir fağırı tutub ya əzişdirir, ya da əzişdirmək istəyir. Və hamı da dayanıb buna tamaşa edir. Yaxud hamının gördüyü bir səhnə: meydanda heç bir etiraz nümayişinə çıxmayan, sadəcə yolla gedən birisinin üstünə çevik polislər düşüb döyə-döyə sürükləyib aparırlar. Hansı ölkədə olsa, ətrafdakı adamlar qətiyyən buna, bu açıq-aşkar haqsızlığa imkan verməzlər. Bizdə isə hamının gördüyü və hamının bildiyi kimi heç vaxt Afrikadakı cəngəlliklərdə baş verənlər baş vermir.

Əlisa NİCAT