Kim filosofdur?

54

Filosofluq dərin savad və dərin həyat təcrübəsiylə yaranmır…

Maks Plank, Albert Eynşteyn və ya Pol Dirak nə qədər nəhəng elm xadimləri olsalar da, filosof deyillər. Filosofluq dərin savad və dərin həyat təcrübəsiylə də yaranmır. Qətiyyən. Həyat təcrübəsi xalq arasında “müdriklik” adlanır. Lakin bu cür qabiliyyət sahibi olanlar yaxşı müəllim və tərbiyəçi olurlar…

 

İnternetdə respublikamızın iki siyasi-ictimai publisistika nümayəndəsinin – xüsusilə bir az yaşlı şəxsin müsahibəsini dinləyəndə məni fikir götürdü. Aya, bizdə aləm bir-birinə qarışdığı kimi, elm və təhsil müəssisələrndə də eyni hadisələr, eyni qayda-qanunlar hökm sürür. Əvvələn hardansa heç dəxli olmayan şəkildə yuxarıdan gələn hökmlə kənd təsərrüfatı üzrə namizədlik dissertasiyası müdafiə edənə “Fəlsəfə doktoru” adını verirlər. Eləcə başqa elmlər üzrə də. Burda deyiblər: heç dəxli var?

Hansı bir fəlsəfə doktorusa “yuxarı”dakıların xoşuna gəlməyib və onun nüfuzunu aşağı salmaq üçün elm və təhsil müəssisələrində belə bir qayda tətbiq olunub. Və nəticədə fəlsəfədən yerli-dibli xəbəri olmayan bir adam zoologiya üzrə dissertasiya müdafiə edib, fəlsəfə doktoru olur.

Gülməlidir, ay cənablar. Bəli, hardasa buna oxşar, amma qətiyyən bu şəkildə olmayan bir qayda var. Lakin bu dərəcədə həqiqi fəlsəfə elmləri doktorlarını gözdən salan formada yox.

Nə isə… Qədim yunan və Roma filosofları varlığı, cəmiyyəti, onların fiziki, ictimai-siyasi xüsusiyyətlərini, hadisələri, təbiətin əbədi və dəyişən qanun və təzahürlərini öz yunan və latın söz və terminləri ilə ifadə edirdilər. Çünki onların əsərləri, varlıq, təbiət və cəmiyyət haqqında düşüncələri, anlayışları özlərinin, öz dillərinin vasitəsilə açıqlanırdı. Və onlar nadir hallarda bir birlərinin qənaətlərini şərh edir, əksər hallarda bu və ya digər hadisə haqqında öz düşüncələrini qələmə alırdılar.

Platon, Aristotel, Seneka, Siseron və başqa fikir nəhənglərinin işlətdiyi söz və ifadələr sonralar ümumbəşəri mahiyyət kəsb edib özünü fəlsəfəyə həsr edən, varlıq, təbiət və cəmiyyət haqqında düşüncə və mühakimələrini həmin yunan və Roma filosoflarının ifadələriylə açıqlamağa başladılar. Yəni həmin söz, ifadə və terminlərdən açar kimi istifadə etməklə özlərini təsdiq etməyə başladılar. Onlar demək olar ki, təzə heç nə demirdilər. 2500-2000 il ərzində yalnız bir neçə alman, fransız, italyan, ingilis mütəfəkkirləri bu yoldan çəkinib öz orijinal düşüncə sistemlərini yarada bildilər. Qalanları isə onlara qədər deyilənləri təkrar və şərh etməklə özlərini filosoflar cərgəsinə daxil etməyə çalışırdılar.

Belələri xüsusilə XIX-XX əsrlərdə alaq otu kimi cücərdilər və antik yunan və Roma terminləri sözlərini bol-bol işlətməklə  özlərini filosof elan edir,  sadəcə şərh yazmaqla və  həmin mütəfəkkirlərin fikirlərini təkrar etməklə cildlərlə kitablar nəşr etdirirdilər. Həmin söz və ifadələrin artıq şablona çevrilmiş əsas nümunələrindən beş-onunu misal gətirmək istərdik.

Aqnostisizim, alogizm, altruizm, apriori, apatiya, volyuntarizm, qnostisizim, determinizm, irrasionalizm, intuitivizm, metafizika, metampsixoz, monizm, ontologiya, personalizm, pozitivizm, relyativizm, skeptisizm, substansiya, transsendental, stoisizm və s.

Bu cür söz və ifadələr çoxdur. Təkrar edirik, cəmi bir neçəsini misal gətirdik ki, özünü fəlsəfəyə həsr edənlərin üzr istəyirəm, bir növ çörək ağacıdır. Minlərlə fəlsəfə, filosof aşiqləri öz sərbəst və orijinal düşüncələrinin yoxluğu nəticəsində antik nəhəglərin sözlərinə bürünmüş mənaları özünküləşdirməyə çalışmaqla təsəlli tapmışlar.

Təkrar edirik, filosofluq üçün, daha dəqiqi, fəlsəfi mühakimələr və düşüncələr yaratmaq üçün mütləq yunan və latın sözlərini işlətmək əsas deyil və onlarsız da dərin, fəlsəfi ümumiləşdirmələr aparmaq, söyləmək mümkündür.

Amma bəs filosof kimdir? Belə bir sual ortaya çıxa bilər. İşıq nədir? Həm qaranlığı əridən, yox edən, həm də istilik yardan fiziki hadisə. Bəs o necə yaranır, mənbəyi nədir? Əlbəttə günəş. Doğrudur, lakin bu cavablar sadə, bəsit uşaq intellektidir. Axı işıq hardan əmələ gəlir? İşıq Günəşdə gedən termo-nüvə reaksiyaları, nüvə partlayışları  nəticəsində yaranan fiziki hadisədir. Amma bu da orta, ortabab intellekt cavabıdır. Əslində çox az, yalnız sırf mütəxəssislər və dahi fiziklər bilirlər ki, işıq  – proton ətrafında daim fırlanan elektronların bu fırlanma zamanı uzaqlaşan anda əmələ gələn fiziki hadisədir. Və yalnız bunun nəticəsində, elektrik, istilik, işıq əldə olunur ki, bəşəriyyətin bütün müasir həyatı bunun sayəsində davam edir. Deməli, işıq həmin balaca elementar hissəcik olan elektronların bizə bəxş etdiyi bir növ həyatdır.

Lakin bu cür dərin biliklər də fəlsəfə deyil. Maks Plank, Albert Eynşteyn və ya Pol Dirak nə qədər nəhəng elm xadimləri olsalar da, filosof deyillər. Filosofluq dərin savad və dərin həyat təcrübəsiylə də yaranmır. Qətiyyən. Həyat təcrübəsi xalq arasında “müdriklik” adlanır. Lakin bu cür qabiliyyət sahibi olanlar yaxşı müəllim və tərbiyəçi olurlar (əgər xaraktercə naqis adam deyillərsə).

Bəs kim filosofdur?

                                                                                              (ardı var)

 

                                                                                            Əlisa  NİCAT