Kim filosofdur?

63

(Əvvəli ötən sayımızda)

Yazının ötən sayımızda çap olunan hissəsində mən yunan və latın terminlərinin arxasında gizlənib, yüksək vəzifəsindən sui-istifadə edərək deyilmiş mənasız söz yığımından ibarət qalın-qalın siyasi-ictimai məzmunlu kitablar çap etdirən akademiki nəzərdə tutmuşam. Əsl elm və təfəkkür adamlarının sanballı monoqrafiyaları isə illərlə əlyazma halında yatıb qalaraq, imkansızlıq ucbatından işıq üzü görə bilmir. Belələrinə AMEA-nın Fəlsəfə və Hüquq institutunun iki nəhəng elm adamı olan fəlsəfə elmləri doktorları Əbülhəsən Abbasov və Əli Abasovun adlarını çəkmək olar ki, nədənsə, heç cür akademik dərəcəsinə layiq görülmürlər.

Qayıdaq əsas mövzumuza: kim filosofdur?  Filosofluq – bənzərsiz fəlsəfi sistem yaratmaq, beyin neyronlarının xüsusi konfiqurasiyası nəticəsində insana anadangəlmə bəxş olunan bir vergidir. Bu cür nadirdən də nadir şəxslərin aqnostisizm və ya ontologiya və s. söz və ifadələrə qətiyyən ehtiyacı olmur. O, öz fəlsəfi sistemini, öz mövzularını özü tapır. Və bu mövzular ona qədər demək olar ki, toxunulmayan düşüncə obyektləridir. Bir var varlığın hansı bir hadisə və təzahürü haqqında səndən qabaqkı deyilənləri, araşdırmaları götür-qoy edir, şərh edir, açıqlayırsan, bir də var varlığın bu və ya digər təzahürünün məna və mahiyyətini açıb göstərirsən. Bu açıqlamalar, bu mühakimə və düşüncələr həm məzmun, həm üslub, həm  forma, həm də ifadə tərzi baxımından yalnız sənə məxsus olur.  Yəni bir az da aydın şəkildə desək, bir var cənnət haqqında təsəvvürləri toplayıb qələmə alırsan, bir də var sanki cənnətin içindən gəlir, sanki onu görüb təsvir edirsən.

Təvazökarlıqdan uzaq olsa da, mənim çap etdirməkdə davam etdiyim 50 cildlik külliyyatımın indiyə qədər çap olunmuş bir çox cildlərində məhz bu cür fəlsəfi yazılar, esselər, dialoqlar, mübahisələr, düşüncələr çap olunmuşdu, demək olar ki, əksəriyyəti dünya fəlsəfə tarixində hələ heç kim tərəfindən toxunulmamışdır. Varlığın, təbiət və cəmiyyətin, xalqların və millətlərin elə bir problemi, elə bir xüsusiyyəti, elə bir məsələ və sual  yoxdur ki, həmin esselərdə, həmin dialoqlarda öz həllini,  öz  cavabını tapmasın. Belə fəlsəfi məhsulların bir neçəsinin adını çəkmək istəyirik:

Hər biri 500 səhifəyə yaxın XXI və XXV cildlər demək olar, yüzlərlə bu cür yazılardan ibarətdir ki, bir neçəsinin adını çəkirik:

“Allahın kəşfi və ya elementlərin oyunu”, “Planlı təsadüf”, “Allahın idrakı”, “Təbiətin taktika və strategiyası”,  Təbiətin “səhvi”, “Təsadüf təsadüfdürmü?” “Niyə allah daha rasional bir forma tapmayıb”, “Həyatın əzəli əyriliyi”  “Kəpənəyin sevgisi”, “Təbiətin məqsədi”, “Yenidən gəncləşmək mümkünmü”, “Allahın şansı”,  “Təbiətin planı”,  “Təbiət fərdlərə və növlərə biganədir”, Təkamülün “huşsuzluğu”, “Mənasız kainat”, “Kainat necə olmalıydı”, “Canlı və cansız təbiət və mən”, “Niyə insan ömrü bu qədər qısadır”, “Cənnət ehtiyacı” və s.

Külliyyatın demək olar ki, bütün cildlərində sırf mənə məxsus fəlsəfi düşüncə və konsepsiyalar az qala yüzlərlədir. Mən təkcə bütün Asiyada yeganə olan 1600 səhifəlik və qiyməti 100 manata çatan fəlsəfə antologiyasının müəllifi deyiləm. Ona görə müəllifi deyirəm ki, kitabın demək olar, böyük bir hissəsi mənim tərəfimdən 173 ən məşhur dünya miqyaslı filosofların yaradıcılıq analizi mənim qələmimə məxsusdur. Yeri gəlmişkən xatırladım ki, artıq həmin antologiya satılıb qurtarıb və istəyənlər də əbəs yerə axtarmasınlar.

Yazının sonunda “Hürriyyət TV” kanalında haqqımda xoş sözlər deyən Əbülhəsən bəyə bir daha təşəkkür edirəm. Amma xatırladıram ki, həmin verilişdə heç olmasa bir kitabımın adını düz çəkib misal kimi göstərə biləydi. Halbuki həmin kitabların hamısı onun şəxsi kitabxanasının rəflərini bəzəyir. Və onu da xahiş etmək istərdim ki,  külliyyatın ilk cildlərin çap olunmuş  “Ehram” və “Artakserks və Midiya türkləri” kimi siyasi-fəlsəfi romanlarımın dünya ədəbiyyatında hələ ki, bənzəri yazılmayıb. Əlbəttə, Volterin povestləri və Kafkanın romanlarını nəzərə almasaq. Həmin iki romanı oxuyub fikirlərini mənimlə bölüşsəydi, pis olmazdı.  Əlbəttə buna vaxt taparsa.

İndi də yalnız mənə məxsus düşüncələrimi əks etdirən iki kiçik esseni təkrar da olsa, oxucularıma təqdim edirəm:

  1. DƏNİZ QIRAĞINDA

Dəniz qırağında yaşaşmaq çətindir.  Təkcə ona görə yox ki, gurultusu qulağı batırır, şırıltısı gözəl olsa da bezdirir. Baxmayaraq ki, səhərlər və axşamlar baxdıqca göz oxşayır, amma görünüşü, sonsuzluğu, coşqunluğu, qüdrəti adamı əzir. İnsan onun yanında nə qədər kiçik olduğunu hiss edib ruhən kiçilir.

Dənizlə yanaşı olmaq qeyri-müəyyən olsa da, vahimə yaradır, yatmağa, dincəlməyə qoymur. Dərinliyi, ənginliyi, əlçatmaz sərvətləri dolu olsa da, faydalanmaq çətindir.

 Dənizlə yanaşı yaşamaq çətindir. Onun əbədi, sənin isə fani olduğunu hər dəqiqə hiss etmək əzab verir. O, bəlkə də heç səni görmür, sənin ona qonşu olduğunu hiss etmir. Bunu bilmək də, hiss etmək də nə qədər acıdır.

 Dəniz qorxulu olduğunu bilmir, amma özü başqları üçün qorxuludur. Qorxu yanında yaşamaq çətindir.

Dəniz qasırğalar, tufanlar üçün “doğulub”. Tufanlar onun stixiyasıdır. O, tufanlarla saflaşır, təmizlənir, gəncləşir.

Dənizə baxmaq, xüsusən də onun coşğun vaxtlarında dözmək çətindir. Onun böyüklüyü və qüdrəti ürəyi narahat edir, sıxır. Dənizə dözmək, dənizi həzm etmək, dənizə öyrəşmək mümkün deyil.

 Dənizə yalnız dəniz dözə bilər. Yalnız onlar, ona qonşu olub, onunla səs-səsə verib yaşaya bilərlər. Hə, bir də kar və kor, ürəksiz və hissiyyatsız boz, qara və tupoy qayalar.                    

  1. PLANLI TƏSADÜF

O, tamamilə təsadüfi adam idi. Sistemin təbiətindən yoğrulmuşdu. Amma bu təsadüfilik gərgin plan əsasında yarandı. O, olmamalı idi, lakin içində yaşadığı cəmiyyət heç bir mənəvi tələbata və ali göstəriciyə cavab vermədiyinə görə meydana çıxdı.

Buna bənzər rejimlər az da olsa, vardı. Lakin rejimin canişinləri fundamental dəyişikliklər baş verəndə yəhərdə idilər, o isə atdan yerə salınıb tamamilə piyada idi. Amma adamları tanıdığı üçün hətta mümkünsüz bir işin baş tutacağını da mümkün hesab edirdi.

Və yanılmamışdı da.

Onun vaxt resursları çox az idi. Amma o, hadisələri sürətləndirib, təsadüfün gəlişi üçün baza yaratdı. Təsadüfün baş verməsi üçün iki vacib əsas vardı: qətiyyət və mənəviyyatsızlıq. O, ayağını bu iki üzəngiyə basıb yəhərə qalxdı.

Qalanları isə, artıq texnikanın işi idi.

Əlisa  NİCAT