Kim Çenin koronavirusdan müdafiə üsulu – “Yaxın gələni güllələyin”

147

Hurriyyet.org xəbər verir ki, Şimali Koreyada baş verən son hadisələr yenə də dünya mətbuatında böyük əks-səda doğurmaqdadır. Ötən günlərdə komada olduğu barəsində şayiələr yayılan Kim Çen koronavirusun qarşısını almaq üçün ölkə sərhədlərinə 1 kilometrdən artıq yaxınlaşan hər kəsi vurmaq əmri verib.

Şimali Koreya ötən aya qədər ölkədə qətiyyən koronavirus olmadığını iddia eləsə də, ötən ay ölkəyə Cənubi Koreyadan gəlmiş bir şəxsdə virus olduğunu qəbul eləməyə məcbur olmuşdu. Kim Çen bir neçə gün bundan əvvəl rəhbər şəxslərlə iclas keçirərək, ölkənin Kovid-19-dan qorunması üçün lazım olan tədbirləri müzakirə edib.

“Free Asiya” radiosunu və Şimali Koreyadan olan mənbələrin məlumatına görə, Kim Çen ölkəni koronavirusdan qorumaq üçün qorxunc bir qərar verib. Kim Çenin Şimali Koreya ilə Çin arasındakı sərhədə 1 kilometrdən artıq yaxınlaşan hər kəsin kim olmasına baxmayaraq, sorğu-sualsız vurulmasını əmr etdiyi bildirilir.

Çin sərhədinə yaxın olan Hamqyonpukto sakinlərinin sözlərinə görə, Kim Çenin əmri koronavirus təhlükəsi sovuşana qədər qüvvədə olacaqdır.

Sosial Təhlükəsizlik Nazirliyinin əmrinə görə, Hamqyonpukto rayon polisi Çin sərhədinə yaxınlaşan hər kəsi oraya gəlmək səbəbi nə olursa-olsun vurmaq əmrini alıb.

Polisin rayon əhalisinə açıqlamasında deyilir: “Koronavirus dünyada ölkəmizdən savayı, hər yerə yayılıb. Düşmən virusu sərhədlərimizdən içəri keçirməyə çalışacaqdır”.

Polis eyni zamanda sərhəd bölgəsində yaşayan vətəndaşları ətrafda gördükləri yad adamlara və düşmən tədbirlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.

Şimali Koreya ilə Çinin sərhədi 1400 km uzanır.