Kim Çen ağladı: “Xalqım məni bağışlasın”

81

Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın hakim Fəhlə Partiyasının qurulmasının 75-ci ildönümündə çıxış edən ölkə rəhbəri Kim Çen In ağlayaraq xalqından üzr istəyib.

Partiyanın yubileyi münasibəti ilə keçirilən hərbi paradda Kim Çen koronavirus epidemiyasının daha da ağırlaşdırdığı çətin dövrdən danışıb, atası ilə babasından sonra xalqının ona etimad göstərməsindən bəhs edərək deyib: “Lakin səylərim və səmimiyyətim xalqımızın həyatındakı sıxıntılardan xilas eləməyə kifayət eləmədi. Xalqımız mənə etibar elədi, göy üzü qədər yüksək, dənizlər qədər dərin ümidlərini mənə bağladı. Lakin mən bu etibarı yetərincə doğrulda bilmədim. Bunun üçün çox kədərlənirəm”.

Kim çıxışının böyük bir qismində “böyük çətinliklər”, “saysız sıxıntılar” və “görünməmiş fəlakətlər”dən danışıb.

Koronavirus epidemiyasından sonra iqtisadi problemlərin çox ağırlaşdığı ölkənin ən böyük ticarət ortağı Çinlə ticarəti xeyli azalıb.

Yanvar ayında sərhədlərini bağlayan Pxenyan hökuməti  bir dənə də olsun koronavirusa yoluxma halı barəsində məlumat verməyib. Ekspertlər yoluxma halının olmadığı iddiasının inandırıcı olmadığı qənaətindədirlər.