Kiçik Litva Belarusdakı demokratik dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilə bilərmi?

105

Belarusdakı hadisələrdə Baltikyanı ölkələrdən Litvanın xüsusi fəallığı diqqət cəlb edir.

Məlum olduğu kimi, rəsmi Vilnüs ölkə müxalifətinin lideri Svetlana Tixanovskayanı artıq qəbul edib.

Almaniyanın “Die Welt” qəzeti də mövzuya diqqət çəkərək Litvanın hazırda Belarus müxalifətinə ciddi şəkildə dəstək verdiyini yazıb. Prezident Gitanas Nauseda hətta Avropa Birliyi olmasa belə birtərəfli sanksiyalar tətbiq edəcəklərini söyləyib.

Analitik Pavel Lokşin Litvanın Belarusun demokratikləşməsində ciddi marağı olduğunu , lakin eyni zamanda Lukaşenko rejimi ilə ticarət münasibətlərini davam etdirdiyini yazıb. İndi, son hadisələrdən sonra iki ölkə arasında açıq münaqişənin yaranması halında isə Litvanın əlində güclü rıçaqlar peyda olub.

“Vaxtilə onların hər ikisi Böyük Litva knyazlığına daxil olan ümumi dövlətdə birləşiblər. Yüz illərdir onları iqtisadi və mədəni əlaqələr bağlayır. Bu gün Litva Belarus üçün ən böyük ticarət tərəfdaşlarından biri sayılır. Ona görə də Belarus politoloqu Rıqor Astapenya bu münasibətləri “paradoksal yaxşı” olaraq adlandırır”,-deyə məqalədə yazılıb.

Litva Belarusun ən böyük investorlarından biridir. Məsələn, 2018-ci ildə ölkə Belarusa 140 milyon avro sərmayə qoyub. Eyni zamanda Lukaşenko da Litva ilə ciddi əməkdaşlığa maraq göstərir. Belə ki, Klaypeda limanı vasitəsilə o, Norveç, Səudiyyə Ərəbistanı və ABŞ-dan neft alır.

Ona görə də bu cür iqtisadi yaxınlıq Litvaya Belarusdakı daxili proseslərə aktiv müdaxilə və rəsmi Minski sərt şəkildə tənqid etmə imkanları yaradır. Hər iki ölkə hərbi sahədə də qarşılıqlı münasibətlər qurub və ildə bir dəfə hərbi təftiş həyata keçirirlər.

Son on ildə Litva Belarusun mühacir müxalifətinin əsas məskəninə çevrilib və burada Lukaşenko rejimin əlindən qaçan siyasətçilərdən ibarət “Avropa humanitar universiteti” qurulub.

Avropa Birliyi Litva vasitəsilə Belarusa son 6 ildə 75 milyon dollar pul ayırıb.

Ona görə də rəsmi Vilnüs Belraus xalqına deyil, Aleksandr Lukaşenko və onun ətrafına fərdi sanksiyalar tətbiq edərək prosesi özünün istədiyi istiqaməyədə cərəyan etməsinə çalışır. “Bu məsələdə Brüssel və Berlinin Litvadan öyrənəcəyi çox şey var”,-deyə məqalədə qeyd olunub.

Musavat.com