Kerç olayına görə Rusiyaya qarşı sanksiyalar uzadılır

    18

    Bu günlərdə Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlaması ilə əlaqədar Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq.

    Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayrosda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, böyük ehtimalla Kerç boğazındakı insidentə görə Aİ dekabrda Rusiyaya qarşı sanksiyaları uzadacaq.

    “Avropa Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək məsələsində vahid mövqedən çıxış edir. Ona görə də əminəm ki, dekabrda Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq”, – Tusk bəyan edib.

    Jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Aİ-dan ayrılması məsələsinə də toxunan Tusk bildiirb ki, İttifaq ölkələri “Brexit” prosesi ilə bağlı istənilən, o cümlədən də “boşanma” şərtlərinin göstərildiyi sazişsiz ssenariyə də hazır olmalıdır.