“Kəndlidən 10 qəpiyə alınan yemiş marketdə 1 manata satılır” – Nazirlik rəsmisi

    6

    Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bostan məhsullarının baha olması ilə bağlı açıqlama verib.

    Şöbə müdiri modern.az-a bildirib ki, Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir:

    “Fermerlər bildirir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən sayır, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər. Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər”.

    V.Hüseynov təqdim etdiyi fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkdiyini bildirib:

    “Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Bunun adı insafsızlıqdır, vətəndaşın cibinə girməkdir. Fermerin əməyinə yazıq!”