“Kənd təsərrüfatı ASAN iş deyil…” – EKSPERT

    9

    Vahid Məhərrəmov: “Əvvəllər kənd təsərrüfatında pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətin qərarı yox idi, amma məhsuldarlıq indikindən çox yüksək idi”

    Son vaxtlar pambıq tarlalarında bir-birinin ardınca baş verən kütləvi zəhərlənmələrlə bağlı açıqlama verən iqtisadçı-ekspert Vahid Məhərrəmov hesab edir ki, bütün bunlar yeni nazirin nüfuzunu zərbə altında qoyur: “Çünki birinci hadisədən sonra yeni təyin edilmiş nazir bütün işçilərini bu sahədə nəzarətə cəlb etməliydi. Artıq Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin sayı o qədər çoxdur ki, 2-3 dəfə Azərbaycandan böyük olan böyük bir ölkənin təsərrüfatlarına nəzarət edə bilərlər. Rayonlarda kənd təsərrüfatı idarələri yaradılıb və orada çoxlu sayda işçi qəbul olunub. Baxın, bu nazirliyin nə qədər institutları var, rayonlarda işçiləri var. Niyə ortada yoxdurlar, bunların fəaliyyəti niyə görünmür? Nazir gecə-gündüz yatmamalıydı. Sən təzə gəlmiş nazirsən. Həm də öyrən bu sahədə hansı problemlər var. Sahənin özünü öyrənmək lazımıydı, sən hüquqşünassan, bu sahə də mürəkkəb sahədir. Bu sahədə bioloq, aqronom, zootexnik, baytar həkimi işləməlidir. Yəni bu sahələri bilən adam işləməlidir. Bir tərəfdən bunu bilmirlər, digər tərəfdən də bütün işçiləri səfərbər etməliydi ki, belə işlər baş verəndə nəzarətə götürülsün. O dərman perepatlarının yoxlanması həyata keçirilməliydi. Əgər orada zərərli, ciddi bir maddə yoxdursa, onun tətbiqi nəzarətə götürülməliydi. O dərman pereparatından hansı dozada istifadə olunması və o işçilərin texniki təhlükəsizliyi təmin olunmalıydı. Ümumiyyətlə, bu fəhlələrin sahəyə nə vaxt gətirilməsi nəzarətə götürülməliydi”.

    “Sizin apardığınız siyasətin nəticəsi bu insanların zəhərlənməsidir”

    “Məlumat verməsələr də, bəllidir ki, 80 min hektarda pampıq əkiblər. Onu da deyim ki, pambıq səpini davam edir. Biçilmiş arpa sahələrində pambıq səpini ilə məşğul olurlar. Biabırçılığa baxın. Demək olar ki, bu sahədə qeyri-peşəkarlıq, naşılıq elə həddə gəlib çatıb ki, artıq bu sahəyə ciddi ziyan vurur. Özü də ziyan vuran onlardır. Baxın, əvvəllər kənd təsərrüfatında pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətin qərarı yox idi, amma məhsuldarlıq indikindən çox yüksək idi. Zəhərlənmə halı ümumiyyətlə yox idi və ziyanvericilər də bu qədər deyildi. İndi inzibati qayda ilə bu işi həyata keçirəndə və qeyri-peşəkarlar cəlb olunanda bilmirlər, nə etsinlər. Nəticəsi də belə olacaq. Ona görə ki, yaxşı nəticə üçün təcrübəli, bilikli adamlar lazımdır. Qeyri-peşəkarların işi bu forma ilə nəticələnəcək. İndiki kənd təsərrüfatı nazirinin özünün də fəaliyyətsizliyi ilə bağlıdır. Ümumiyyətlə, Kənd Təsərrüfatı Naziriyi məsuliyyəti boynundan atır. Pambıq istehsalı ilə bağlı bunlar gur-gur guruldayırdı ki, bu qədər əkin, tədbirlər həyata keçirmişik, bu qədər məhsul əldə etmişik. Hələ bir az da üstə qoyurdular, televiziyadan çıxmırdılar. İndi də deyirlər ki, yox, məsuliyyət bizim boynumuzda deyil, bununla sahibkarlar məşğul olur. Adama sual verərlər, bəs, sən nə ilə məşğul olursan? Dərman pereparatlarının gətirilməsinə nəzarəti sən etmirsən? Tətbiqinə nəzarəti sən etmirsən? İnsanlar sahələrdə zəhərlənir, amma onun məsuliyyətini üzərinə götürmüsən. Sonra yaxşı nəticə olanda deyirsiniz ki, bu, bizim apardığımız siyasətin nəticəsidir. Xeyr. Sizin apardığınız siyasətin nəticəsi bu insanların zəhərlənməsidir, bu sahədə məhsuldarlığın azalmasıdır, torpaqlarda deqradasiya prosesinin sürətlə getməsidir, su çatışmazlığıdır. Yəni onların qeyri-peşəkarlığının nəticəsini bu gün belə deyərləndirmək olar”,-deyə ekspert vurğuladı.

    “Kənd təsərrüfatı taxıl deyil ki, onun dənini əlinə alıb, üfürəsən”

    Картинки по запросу Vahid Məhərrəmov

    V. Məhərrəmov qeyd etdi ki, kənd təsərrüfatı sahəsi olduqca mürəkkəb sahədir: “Elə bir sahə yoxdur ki, kənd təsərrüfatı sahəsi ilə müqayisə olunsun. Bu, ASAN iş deyil. Bunlar bir müddət əvvəl şəkillər çəkdirirdilər. Kənd təsərrüfatı quzu deyil ki, qucağına alasan, tumarlayasan. Kənd təsərrüfatı taxıl deyil ki, onun dənini əlinə alıb, üfürəsən. Kənd təsərrüfatı olduqca mürəkkəb bir sahədir. Torpaqda, havada nə baş verir, bazarda, idxalda, ixracda, istehsalda, subsektorlarda nə baş verir, ümumiyyətlə, kənd təsərrüfatına kompleks yanaşılmalıdır. Yəni nazirin bitkiçiliklə, heyvandarlıqla, bitkiçilikdə subsektorlarla bağlı anlayışı olmalıdır. Bunlar bir-biri ilə çox sıx əlaqəlidir. Bu, bunu bilməlidir. Bu, bilməlidir ki, qəbul etdiyi, işə götürdüyü kadrlar hansı səviyyədə hazırlıqlıdır, bunların bilgisi, təcrübəsi hansı səviyyədədir, onlara hansı sahəni etibar etmək və onları necə istiqmətləndirmək olar. İndi bəziləri kənd təsərrüfatı nazirinə deyir ki, əşi, nə fərqi var, Qərbdə müdafiə naziri o sahədən olan qadını təyin edirlər. Bunlar anlamır ki, Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə bütün sahələr oturuşub. Orada elə peşəkarlar əyləşib ki, onlar üçün nazirin kim olması heç bir əhəmiyyət kəsb etmir. Onlar öz işlərini bilirlər. Müəyyən edilmiş siyasəti yüksək səviyyədə həyata keçirirlər və idarəetmə sistemi yaranıb. Orada nazirin dəyişməsinin sistemə hər hansı bir təsiri yoxdur. Burada bu sistemi yaratmaq lazımdır. Peşəkarları cəlb etmək lazımdır. Onlara istiqamət vermək lazımdır ki, bu sahə komleks şəkildə inkişaf etsin. Bunun üçün də onun bilgisi, təcrübəsi olmalıdır. O, tapşırıq verəndə bilməlidir ki, hansı tapşırığı verir və hansı nəticəni əldə edəcək. Ciddi dövlət sənədi hazırlanıb. Burada hazırlanmır, oradan-buradan tərcümə edib, onu öz adları ilə təqdim edirlər. Ancaq ciddi sənədlər konsepsiya, dövlət proqramları, strategiya hazırlanmalıdır. Mən “Yol xəritəsi”nə baxmışdım, orada nəzərdə tutulub ki, kimyəvi maddələrin istifadəsi 25 faiz artırılacaq. Paradoksa baxın. Yəni bunlar nə bilir ki, xəstəliklər yayılacaq və yaxud da zərərvericilər çoxalacaq. Bu sənədlərin də hazırlanmasında peşəkarlar olmalıdır. Bilməlidir, nə edilməlidir, hansı yolla o sahələr inkişaf etməlidir. Bunun bazarla bağlılığını, ondan sonra bizim resurs imkanımız, elmi potensialmız nəzərə alınmalıdır”.

    “Xarici mütəxəssisin gətirilməsi publika üçün bir oyundur”

    “Mən baxmışam, xaricdən gələn mütəxəssis Rusiyada, orada-burada olmuş adamdır. Birincisi, yaxşı mütəxəssis öz ölkəsindən çıxmaz. Mənim onun peşəkarlığına şübhəm yoxdur, ona nəinki bu sahədə, xüsusi xidmət orqanlarında daha yaxşı fəaliyyət göstərə biləcək bir “mütəxəssis” kimi böyük inamım var. İkincisi də bir müddət əvvəl FAU-nun mütəxəssisləri Azərbaycan üçün heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı bir sənəd hazırlamışdı. O sənədi mənə göndərdilər və biz onu alt-üst etdik. Əgər bitkiçilik inkişaf etdirilmirsə, heyvandarlığı necə inkişaf etdirmək olar. Paradoksdur. Bilirsiniz, bu əcnəbilər anlayır ki, bu sahəyə qeyri-peşəkar gəlib və onu manipulyasiya ilə yoldan çıxarmaq, onun rəğbətini qazanmaq olar, onda inam yaratmaq olar ki, “bax, mən yüksək trendli bir mütəxəssisəm. Əgər məni bu işə cəlb etsən, yaxşı nəticə əldə edə bilərsən”. Bu da yəqin qulaq asır. Özü bu sahəni bilmir, axı. O da bizim ölkədə kənd təsərrüfatında mövcud olan problemi heç vaxt başa düşmür. Məsələn, təsəvvür edin, xaricdən seçkiyə nəzarət edəcək mütəxəssislər gəlirlər və onlar inanmırlar ki, bizdə müəllimlər seçkidə bir neçə bülleten atırlar, seçkini saxtalaşdırırlar. Onlar düşünür ki, müəllim bu işi heç vaxt eləməz. Axı, o müəllimdir. İkincisi də ki, bunu vətəndaş etməlidir. Yəni Azərbaycanın özünə xas olan spesifik əlamətlər torpağımızla, şəraitimizlə, mütəxəssislərimizlə və adi insanlarla bağlıdır. Bax, bu xüsusiyyətlər nəzərə alınmadan istiqaməti müəyyən etmək mümkün deyil. Gərək, o adam 30-40 il Azərbaycanda yaşasın ki, adaptasiya olunsun, bu problemləri görə bilsin və bizim mentaliteti nəzərə alsın. O da çox mühüm rol oynayır. Ondan sonra çıxış yolu göstərə bilər. Bu, müvəqqəti publika üçün bir oyundur ki, guya, xarici mütəxəssis artıq işə götürülüb və iş qaydasına düşəcək. Xarici mütəxəssis neçə gündür ki, buradadır, bir fikir söyləsin, desin kütləvi zəhərlənmələr nədən baş verir. Mən qısqanmıram. Elə düşünməyin ki, mən qısqanıram. O xarici mütəxəssislərlə biz Brüsseldə çox debatlarda olmuşuq, söhbətlərimiz olub. FAU-nun işçilərinin bir qismi məni yaxşı tanıyır. Hətta çıxışlarımdan sonra gəlib mənim əlimi sıxıblar ki, “çox sağ olun, bəzi şeyləri sizin çıxışdan götürdük”,- yekəxanalıq olmasın. Yəni onu demək istəyirəm ki, yaxşı peşəkarlar var. Amma peşəkarlar çalışır ki, daha çox öz ölkələrinə fayda versin, nəinki digər ölkəyə gedib, bu adda fəaliyyət göstərsinlər”.

    Şamo EMİN, Hurriyyet.org