“Azərbaycan artıq böyük investora çevrilib xarici ölkələrə sərmayələr qoyur” – Kəmaləddin Heydərovla müsahibə

    6

    Son iki ildə Azərbaycanın iqtisadiyyatına 10 milyard dollar həcmində xarici investisiya qoyulub. Bunun 6,5 milyard dolları emal sənayesi, kənd təsərrüfatı, tekstil, turizm, tikinti, kimya sənayesi, telekommunikasiya və informasiya texnologiyaları sahəsi daxil olmaqla, qeyri-neft sektoruna yatırılıb”.

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətərin “The Peninsula” nəşrinə müsahibəsində belə deyib.

    Nazirin fikrincə, bu, ümidverici göstəricidir və Azərbaycanın investisiyalar üçün cəlbedici ölkəyə çevrildiyindən xəbər verir.

    K.Heydərov 1994-2020-ci illəri əhatə edən Qətər-Azərbaycan əlaqələri barədə danışarkən qeyd edib ki, iki xalq arasında dini və mədəni əlaqələr, həmçinin hər iki dövlətin yerləşdiyi unikal coğrafi mövqe ölkələrimizi yaxınlaşdıran əsas amillərdəndir. Onun sözlərinə görə, bu gün Bakı ilə Doha həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində iqtisadiyyat, turizm, səhiyyə və s. sahələrlə bağlı imzalanmış sazişlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını təşkil edir: “Mən “Azərbaycan Respublikası və Qətər  Dövləti hökumətləri arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişi və “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişi qeyd etmək istərdim. Bunlar iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində etibarlı əməkdaşlığın qurulmasında əsas sənədlərdir. Bu arada, dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə qarşılıqlı təşəbbüslər Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir”.

     

    Ölkələrimiz arasında böyük əməkdaşlıq potensialının olduğunu vurğulayan K.Heydərov dövlət başçılarının bu sahədə verdikləri töhfələrdən danışıb: “Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Qətər əlaqələrinin inkişafına hər zaman xüsusi diqqət göstərib. Dövlət başçısı ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini dəfələrlə qeyd edib. Liderlərimizin siyasi iradəsinə əsaslanan qarşılıqlı səylər nəticəsində bu gün Azərbaycanla Qətər arasında əlaqələr müxtəlif sahələrdə sürətlə inkişaf edir”.

    Ölkəmizin əsas hədəfinin iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın azaldılması olduğunu vurğulayan nazir qətərli iş adamlarını Azərbaycana investisiya yatırmağa çağırıb: Ölkənin iqtisadi və siyasi həyatını, ümumiyyətlə, bütün sahələri əhatə edən islahatların həyata keçirilməsilə, son illərdə iqtisadiyyatın şaxələndirilməsineftdən asılılığın azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Buna cənab prezident İlham Əliyevin müdrik siyasəti sayəsində nail olunub. Nəticədə xarici investorların ölkəmizin qeyri-neft sektoruna marağı artıb”.

    Nazirin sözlərinə görə, Azərbaycan biznesin təşviqinə və sahibkarlığın inkişafına töhfə verən islahatları dəstəkləyir: “Qeyri-neft sektorunun inkişafı dövlət-biznes münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan prezidenti sahibkarların hüquqlarının daha ciddi qorunması, onların məhkəmələrə çıxışlarının asanlaşdırılması, biznes mübahisələrinə bilik və təcrübəsi daha çox olan hakimlərin baxması üçün kommersiya məhkəmələrinin yaradılmasına qərar verib”.

     

    Nazir Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını, ölkəsinin islahatçı dövlətlər siyahısında olduğunu da söyləyib. Onun sözlərinə görə, Azərbaycan “Doing Business 2020” hesabatında da ən islahatçı 20 ölkə siyahısına daxil edilib.

    Prezident İlham Əliyev bu il Davos Dünya İqtisadi Forumu çərçivəsində dövlət və hökumət başçıları, həmçinin məşhur şirkətlərin rəhbərlərilə görüşlər keçirib. Nəticədə onlarda ölkəmizin iqtisadi imkanları, perspektivi haqda dolğun fikir formalaşıb. Odur ki, dövlət başçısının Davos Forumunda iştirakı dünyanın aparıcı investorlarının Azərbaycana cəlb edilməsi baxımından da əhəmiyyətlidir”, – deyə Kəmaləddin Heydərov qeyd edib.

    O, Azərbaycanla Qətər arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin də olduğunu xatırladıb: “Digər tərəfdən, xarici investorların hüquqları Azərbaycanın müvafiq qanunları ilə qorunur. Belə amillər iki ölkə arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi və mövcud ikitərəfli hökumətlərarası komissiyanın əsas hədəflərinin müəyyən edilməsi üçün münbit şərait yaradır”.

     

    Azərbaycanla Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsindəki rolu, həmçinin razılaşdırılmış məsələlərin reallaşdırılması istiqamətində atılan addımlardan danışan nazir bildirib ki, son illərdə bu komissiyanın iki iclası keçirilib. İclaslardan biri Bakıda, digəri isə Dohada təşkil olunub: “Komissiyanın iclaslarında müxtəlif sahələrdə əməkdaşlıq geniş müzakirə edilib, vacib qərarlar qəbul olunub, mühüm addımlar atılıb”. 

    Onun sözlərinə görə, komissiyanın qısa dövrdəki fəaliyyəti nəticəsində hökumətlər arasında ticarət, investisiya, sənaye, təhsil, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm kimi müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb: “Ölkələrimiz arasında vizaların verilməsi prosedurunun sadələşdirilməsi isə qeyd olunan sahələrin bütün potensialından istifadə olunmasına yol açıb. Məsələn, turizm sahəsində böyük potensialı olan Azərbaycana səfər edən qətərli turistlərin sayında hər il artım müşahidə olunur”.

    Nazir vurğulayıb ki, Azərbaycanla Qətər arasında ticarət əlaqələrinin inkişafı, ixrac potensialı olan məhsul və xidmətlərin müəyyən edilməsi üçün də bir sıra addımlar atılıb: “Qeyri-neft sektoruna aid olan “Made in Azerbaijan” brendli məhsulların Qətərə ixracı ilə bağlı da lazımi işlər görülüb. Hər il azərbaycanlı biznesmenlərdən ibarət ticarət missiyaları Qətərə səfər edir. Yeri gəlmişkən, ölkəmizdən Qətərə qida məhsullarının sərnişin təyyarələrilə daşınması ilə bağlı “Qatar Airways” ilə aparılan danışıqlar artıq müsbət nəticələrini verib. Yerli biznesmenlər artıq Qətərə qida məhsulları ixracına başlayıb. Bu gün Azərbaycanda Qətər şirkətlərinin sayının artırılması üzərində iş aparılır”.

     

    K.Heydərovun sözlərinə görə, komissiyanın ikinci iclasında imzalanmış protokol çərçivəsində Sərmayə üzrə Birgə İşçi Qrupu təsis edilib: “Bu da öz növbəsində, əlaqələrin inkişafına, əməkdaşlıqla bağlı təşəbbüslərin gerçəkləşməsinə töhfə verir. Sərmayə üzrə Birgə İşçi Qrupu hər iki ölkədə investisiya imkanlarının öyrənilməsində, birgə sərmayə layihələrinin hazırlanmasında, gələcək əməkdaşlıq potensialının genişləndirilməsində mühüm rol oynayır”.

    Özəl sektorun imkanlarından da danışan Heydərov hesab edir ki, müasir iqtisadiyyatın əsas tələblərindən biri investisiya əməkdaşlığına təminat verilməsidir: “Ölkələr iqtisadiyyatın xarici investisiya üçün cəlbedici olması üçün müxtəlif tədbirlər görür. Biz də belə imkanlardan istifadə edən azərbaycanlı sahibkarları xoş qarşılayırıq. İqtisadiyyatı sabit inkişaf edən və böyük maliyyə resusrları olan Azərbaycanın özü də artıq investora çevrilib və xarici ölkələrə böyük sərmayələr qoyur”.

    Nazir hesab edir ki, qarşılıqlı maraq və inam prinsipləri, həmçinin coğrafi yaxınlıq investisiya siyasətinin əsas amilləridir: “Odur ki, Azərbaycanın Qətərlə investisiya sahəsində əməkdaşlığa böyük marağı var. Bu, ikitərəfli komissiyanın fəaliyyətinin əsas istiqamətlərindən biridir”.

     

    Heydərovun sözlərinə görə, rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyi dünyanın müxtəlif ölkələrinin müvafiq nazirliklərilə, eyni zamanda, ayrı-ayrı təşkilatlarla əməkdaşlıq edir. “Fövqəladə hallar, iqlim dəyişikliyi sərhəd tanımır. Hazırda müxtəlif dövlətlər arasında fövqəladə hallar sahəsində geniş əməkdaşlığa ehtiyac duyulur. Azərbaycan fövqəladə halların nəticələrinin aradan qaldırılması məsələsində bir çox ölkə ilə əməkdaşlıq edir. Qətərin müvafiq nazirliklərilə bu sahədə əməkdaşlığın genişləndirilməsi əsas hədəflərimizdən biridir. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər, müzakirələr, tərəflər arasında etimad yaradan addımlar bu əməkdaşlığa yaxşı imkan yaradıb. Bundan əlavə, nümayəndə heyətlərinin müxtəlif tədbirlərdə iştirakı və fikir mübadiləsinin aparılması da əlaqələrin inkişafına töhfə verir. Məsələn, Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 2013-cü il martın 12-13-də Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” Beynəlxalq Konfransına Qətərin Mülki Müdafiə üzrə baş direktoru Abdullah Mohammed Əl-Suveydinin başçılıq etdiyi nümayəndə heyəti qatılmışdı. Bununla yanaşı, Qətərin Daxili İşlər Nazirliyi tərəfindən hər il Dohada keçirilən“Milipol Qətər” daxili təhlükəsizlik sərgisində də bizim nazirliyin nümayəndə heyəti iştirak edir”.

     

    Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin 2014-cü ilin noyabrında imzalandığını xatırladan nazir jurnalistə Fövqəladə Hallar Nazirliyinin Akademiyası barədə də məlumatlar verib: “Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş, artıq 10 ildir fəaliyyət göstərən, fövqəladə hallarla bağlı təlimlərin keçirildiyi, həmçinin bu sahə ilə bağlı elmi araşdırmaların aparıldığı akademiyası da var. Biz bu akademiyada xarici tələbələrin təhsil alması üçün də şərait yaratmışıq. Təbii ki, qətərli gənclər də burada təhsil ala bilərlər”./Ovqat.com/