Kəlbəcər İcra Hakimiyyəti “Mercedes”in əvəzinə“Xəzər” maşını aldı – FOTOLAR

    105

    Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 250 minlik xidməti maşın almaq istəməsi ilə bağlı elan edilmiş tender iki gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yayılan məlumatlarda icra başçısına “Mercedes Benz S 350” markalı təzə maşının alınmasının nəzərdə tutulduğu iddia edilib.

    Ancaq ötən gün açıqlama verən icra başçısı Aqil Məmmədov qeyd edib ki, maşın başçının birinci müavini vəzifəsində çalışan Eldəniz Mehtiyev üçün alınmalıymış:

    “Büdcə proqnozlaşdırılanda bizim xahişimizlə 55 min manat vəsait ayrıldı. Biz bu vəsaitə uyğun avtomobil almalıyıq. Maşını almaq üçün tender elan verməliyik. Xüsusi komissiyanın qərarına əsasən, 2009-cu ilin buraxılışı olan avtomobil almaq istədik, amma onun da qiyməti bizim büdcəmizə uyğun olmadı. Çünki qiyməti baha idi”.

    Kəlbəcər rayon İcra Hakimiyyəti bu gün yenidən məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

    İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov deyib ki, artıq xidməti avtomobil alınıb:

    “Kəlbəcər Rayon İcra Hakimiyyətində avtomobil məsələsi öz həllini tapıb. Azərbaycan istehsalı olan 2019-cu il buraxılışlı “Khazar” markalı avtomobil rayon İcra Hakimiyyətinin istifadəsinə verilib. Maşın alınıb və rayon İcra Hakimiyyətinin qarşısında saxlanılıb”.

    İcra Hakimiyyətindən bildirilib ki, 250 minlik avtomobil elanı ilə bağlı iddialar qərəzlidir.

    “Çünki Maliyyə Nazirliyi də açıqlama verdi ki, büdcədə Kəlbəcər Rayonu İcra Hakimiyyətinə avtomobil alınması üçün 55 min manat vəsait nəzərdə tutulub. Biz 250 min manatlıq maşın almaq istəmirdik, ayrılan qiymətə ikinci əl maşın almaqla bağlı elan vermişdik. Elə bir maşın tapılmadığı üçün yerli istehsalımız olan “Khazar Peugeot” markalı avtomobil aldıq.