Keçmişə ilişib qalmayın: İNDİNİ YAŞAYIN

    15

    Yolda gedərkən hər hansı daşa ilişib yıxılmamaq, gedəcəyimiz istiqaməti görmək və s. üçün irəliyə baxırıq, arxaya yox. Həyat da insanların gəlib keçdiyi bir yoldur. Yeri gələndə ayağımız daşa ilişir, yıxılırıq, bəzən də gedəcəyimiz yolu seçə bilmirik və yanlış qərarlar veririk. Bunlar həyatın qaçınılmaz ünsürləri olmaqla bərabər, bizim uğurumuzun arxa planında rolu olan faktorlardır.

    İnsan keçmişini unutmamalıdır, lakin keçimşlə də yaşamamalıdır. Təcrübələr bəzən bizə elə dərslər verir ki; gələcəkdə eyni xətaları təkrarlamamaq üçün keçmişə "qonaq getmək" lazım olur. "Bu yalnışı daha əvvəl etmişdim, ondan da əvvəl və ondan da əvvəl" deyən insana qarşı davranışınız necə olar? Artıq o insana olan inamınız azalacaq və ya tamamilə yox olacaqdır.

    Digər tərəfdən dostlarınızla əyləncəli bir söhbət əsnasında anidən yaxalandığınız kədər girdabı. Böyük ehtimalla bu an hamımızın başına gəlmişdir. Keçmişə ilişmək gələcəyimizi formalaşdırmağımıza, önəmli və dəyərli anları yaşamağımıza, gözəllikləri görməyimizə böyük bir əngəldir.

    Halbuki fərqində olmadan özümüzü aldadırıq. Dəyişməz olanı, yəni, yaşanıb və bitmiş olanı dəyişdirmək mümkün deyil, amma gələcəyimiz bir addımlığımızdadır. Görəsən, niyə hələ olmayanı formalaşdırmaq yerinə, dəyişməz olanı dəyişdirmək istəyirik? Özümüzü bilmədən kədərə doğru itələyərik. Əlimizdə dəyişdirə biləcəyimiz gələcək, xoşbəxt olacağımız həyat var.

    Keçmişin sıxıntıları ilə yaşamaq həddindən artıq olarsa, insanın ətrafı, ailəsi, işi və dostları ilə arasındakı münasibətlər korlana bilər. Bütün münasibətlər pozulmağa doğru getdikcə, fərd həyatdan zövq almamağa başlayacaqdır.

    İnsan keçmişi və gələcəyi arasında əlaqə yaradan varlıqdır. Bəs, keçmişdə yaşadıqları ilə uzun müddət əlaqə quran, irəli baxmayan insanlarda hansı vəziyyət müşahidə olunur? Aparılan araşdırmalara əsasən, indini yaşa bilməyən insanların yorğun, bitkin, enerji itkisinə uğramış, yuxuya getməkdə çətinlikləri olan, ümidsiz, gələcəktən gözləntisi olmayan və bunun üçün heç bir səy göstərməyən, iştahsız şəxslər olduğu göstərilmişdir. Bu simptomlar davam edərsə, depressiya ilə qarşılaşacaqları vurğulanmışdır.

    Sizi keçmişə dartıb aparan ağırlıqlarınızdan qurtulun, həyatdan zövq alın və yalnız gələcəyə fokuslanın.

    Aytac ASƏFQIZI, Hurriyyet.org