Keçmiş deputatdan rəsmi qurumlara SƏRT ETİRAZ – “Məsuliyyəti fəhlələrin üzərinə yıxmağın heç bir anlamı yoxdur”

    36

    Nazim Bəydəmirli: “Bu tpli açıqlamaları mənəviyyatdan uzaq sayıram”

    “Bu açıqlama günahkarları məsuliyyətdən yayındırmaq cəhdidir”

    Saatlı, Tərtər, İmişli, Yevlax rayonlarındakı pambıq sahələrində yüzlərlə pambıqçının zəhərlənməsi ilə bağlı Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyinin birgə açıqlaması diqqəti çəkir. Belə ki, məlumatda deyilir: “Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır”.

    Açığı, bu məlumatı oxuyanda adam heyrətə gəlir ki, yəni insanlar bu qədər pula həris olublar ki, ölüb-dirilsinlər və ailələrinə, yaxınlarına şok yaşatsınlar.

    Maraqlıdır ki, müvafiq qurumların birgə yaydığı bəyanatda vətəndaşlar gələcəkdə kompensasiya almaq məqsədi vurğulansa da, həmin bəyanatda vəzifə səlahiyyətlərini aşmaqda və texniki təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılan “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovun həbs olunuduğu bildirilir. Belə olan halda, ortaya sual çıxır ki, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilibsə, adı çəkilən şəxslər niyə cinayət məsuliyyətinə cəlb olunur? Çünki zəhərlənmə adı ilə müalicə müəssisələrinə müraciət edən vətəndaşların sağlamlığı üçün heç bir təhlükə olmayıbsa, bu adamların həbs olunması da doğru deyil. Deməli, zəhərlənmə faktı var ki, ictimaiyyəti sakitləşdirmək üçün kompensasiya məsələsi ortaya atılıb.

    Zəhərlənmə faktı yoxdursa, onda həmin adamların həbsi kimə lazımdır?

    Əslində, ölkə ictimaiyyəti nədənsə bu faktın üstündən çox sükutla keçdi. Demək olar ki, Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi yaydığı birgə məlumatda zəhərlənən şəxslərin kompensasiya məqsədi olduğunu iddia etməklə, əslində, onların özlərinin günahkar olduğunu iddia edir. Amma bu, heç cürə inandırıcı deyil.

    Hər kəsə məlumdur ki, ölkəyə idxal olunan hər bir mal və məhsula nəzarət edən şəxslər var, yəni idxal monopoliya altındadır. Deməli, ziyanvericiləri məhv etmək üçün ölkəyə gətirilən dərman pereparatları da yüksək çinli məmurların nəzarətindədir. Maraqlıdır ki, bu dərman pereparatlarını ölkəyə hansı qurumlar gətirir, onlara icazəni və nəzarəti hansı strukturlar həyata keçirir, onların haqqqında bir kəlmə də belə məlumat yayılmadı. Görünən odur ki, aşağı idarəçilikdə çalışan şəxslərin həbsi ilə bu dərman pereparatlarını ölkəyə gətirən qurumların, onlara icazəni verən və nəzarəti həyata keçirən strukturların məsuliyyətini aradan qaldırmaq məqsədi güdülür.

    “Bu tpli açıqlamaları dəyərlərimizə zidd hesab edirəm”

    “NAZİRLƏR KABİNETİ LƏĞV OLUNMAMALIDIR"

    Zəhərlənən vətəndaşların kompensasiya almaq məqsədi olduğu iddiasını ortaya atan müvafiq qurumların birgə bəyanatı ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə dedi ki, bu kökündən yanlış düşüncədir: “İnanmıram ki, vətəndaşlar kompensasiya almaq üçün özlərini zəhərlənsinlər, ailə üzvlərinə şok yaşatsınlar. Bu adamın ağlına gələn addım deyil. Ona görə, bu tpli açıqlamaları mən mənəviyyatdan uzaq sayıram və dəyərlərimizə zidd hesab edirəm. Güman etmirəm ki, o adamlar bunu qəsdən ediblər. Məsuliyyəti vətəndaşların, fəhlələrin üzərinə yıxmağın heç bir anlamı yoxdur. Bunu doğru bulmuram. Əgər belə bir açıqlama varsa, bu, ancaq günahkarları məsuliyyətdən yayındırmaq cəhdidir”.

    ““Aqrolizinq” ASC və onunla partnyorluq edən şirkətlərin monopoliyası var”

    Ölkədə inhisarçlıq və monopliyanın olduğunu bölüşən Bəydəmirli vurğuladı ki, Azərbaycanda illər boyu məmur sahibkarlığı geniş vüsət alıb: “Necə deyərlər, iynədən sapa qədər hər şeyin ölkəyə gətirilməsinin bu vəya digər məmurlara və yaxud məmur şirkətinə bağlı olduğu həqiqətdir və indi də bu, davam edir. Təbii ki, sahibkarlıqda rəqabət olmuş olsaydı və idxalda monopoliya olmasaydı, rəqabətli mühitdə daha keyfiyyətli mal və məhsullardan yararlanmaq imkanımız olardı. Təbii ki, ziyanvericilərə qarşı pestisidlərin və kənd təsərrüfatında istifadə olunan gübrə və digər məhsulların gətirilməsi ilə bağlı həm dövlət şirkəti olan “Aqrolizinq” ASC və onunla partnyorluq edən şirkətlərin monopoliyası var. Bildiyiniz kimi, o dərman gətirən şirkətlərinin arxasında duran məmurların imkanı ona çatır ki, bu məlumatları ictimaiyyətdən gizlədə bilsinlər. Ancaq bunun arxasında duran məsələ sadəcə olaraq nəzarət mexanizminin sona qədər olmamasıdır. Nəzarət mexanizmi o zaman olar ki, iqtisadiyyatda şəffaflıq olsun, nəzarətedici dövlət qurumları da qanunla üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirsinlər”.

    “Kənd təsərrüfatında mütəxəssislərin hazırlanması özbaşına buraxılmışdır”

    “Əslində, pambıq istehsalı əksər ölkələrdə rentabelli olsa da, amma etraf etmək lazımdır ki, bir çox aqrar ölkələrdə əsasən əl əməyindən istifadə edilməsi müşahidə olunur. Son bir neçə ildə pambıqçılığın inkişafı dövlət rəhbərliyi səviyyəsində təbliğ olunduğundan hətta yerlərdə müvafik kommunikasiyalar və texniki şərait olmamasına rəğmən əkin sahələrini artırmaq istiqamətində “yarış gedir”. Baş vermiş hadisələr bizim ölkəmizn nüfuzuna və əhalisinin sağlamlığına ziyan verməyi isə göz önündədir. Pambıqçılığın yüksək səviyyədə inkişaf etdiyi Sovet dönəmində belə zəhərlənmə halları bu dərcədə yox idi və aqro texniki qaydalara riayət olunurdu. Görünür, məhsuldarlığı ekstensiv yolla artırmaq (əkin sahələrini genişləndirməklə) yüksək nəticələr əldə etmək vətəndaşlarımıza baha başa gəlir. Sirr deyil ki, uzun illərdən bəri texniki bitkilərin əkilməsi sistemli olmamışdır, kənd təsərrüfatında mütəxəssislərin hazırlanması özbaşına buraxılmışdır. Amma bəzi yerli rəhbərlər harada gəldi pambıq əkməklə, becərmədə səriştələri olmayan və ya uzun müddət bu işdən kənarda qalmış kəndliləri pambıq istehsalına cəlb etməklə hələ çox səhvlər edəcəklər. Yuxarıdakı qeyd etdiyim xüsusatları iqtisadi tədqiqat aparan mütəxəssislər faktlarla sübut ediblər. O baxımdan, hesab edirəm ki, ilkin etapda müəyyən çətinliklər olması qaçınılmaz olsa da, eyni səhvlərin davamlı xarakter alması düşündürücüdür. Ancaq ümid edək ki, bu sahədə çalışan fermerlər aqro texnki qaydalara əməl edəcəklər və vətəndaşların həyatını riskə atmayacaqlar. Zəhərlənənlər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdən aldığımız informasiyalarda etiraf olunub ki, həmin sahələrə işçiləri vaxtında əvvəl göndəriblər, işi təşkil edənlər işçilərin zəhərlənməsinə bu və ya digər formada səbəb olublar”,-keçmiş deputat əlavə etdi.

    “İctimaiyyəti sakitləşdirmək üçün sorumlu olan aşağı səviyyəli idarəçiləri həbs edirlər”

    “Zəhərlənən vətəndaşların kompensasiya almaq məqsədi deyilsə də, bir qrup şəxs həbs edilib. Axı bu, ziddiyyət təşkil edir. Bu, nə dərəcədə doğrudur” sualına N. Bəydəmirli belə cavab verdi: “İctimai diqqət mərkəzində olan hadisələr, yəni kütləvi zəhərlənmələr və yaxud kütləvi ölüm halları olan zaman adi qayda halına gəlib ki, ictimaiyyəti sakitləşdirmək üçün sorumlu olan aşağı səviyyəli idarəçiləri həbs edirlər. Neft plaformasındakı hadisə zamanı və Binəqdidə binanın yanması səbəbi ilə onlarla insanın ölümü hammızın xatirindədir. Belə hallarda hüquq-mühafizə orqanları tez bir zamanda açıqlama yayırlar ki, kimsə həbs etdilər. Guya, günakarlar tapıldı. Bu, onu göstərir ki, bu sahədə ciddi tənzimləməyə ehiyac var”.

    “Dövlət büdcəsi hesabına çalışanları qul əməyinə məcbur edirlər”

    “Əslində, hamı bilir ki, kiminsə göstərişi ilə, istər rayon başçısı və yaxud digər məmur olsun, dövlətdən maaş alanları bu sahələrə işləməyə məcbur göndərirlər və insanları təhdid edirlər. Bunun səbəbi araşdırılmalıdır. Mən onun tərəfdarıyam ki, işçi-işəgötürən münasibəti bazar münasibəti ilə həll olunsun. Ümumiyyətlə, məmurun tarlasında insanlar işləməyə məcbur edilməsin. Görünür, yerlərdə olan bəzi icra başçıları öz səlahiyyətlərindən sui-istifadə edirlər, özlərinə və yaxud daha yuxarı məmurlara məxsus olan əkin sahlərində və yaxud digər istehsal sahələrində dövlət büdcəsi hesabına çalışanları qul əməyinə məcbur edirlər. Bu, dözülməz faktdır və mütləq aradan qaldırılmalıdır. Cənab prezident həmişə icra oqranlarından tələb edir ki, vətəndaşlarla sayğılı davranın”,-deyə keçmiş deputat xatırlatdı.

    “Malların təhlükəsizliyi ilə bağlı verilən sertifakatlar formal xarakter daşıyır”

    Bəydəmirli onu da diqqətə çatdırdı ki, Azərbaycana gətirilən malların təhlükəsizliyi ilə bağlı bu və ya digər formada verilən sertifakatlar, icazələr adətən formal xarakter daşıyır: “Adətən məmur sahibkarlığı ilə məşğul olan şirkətlərin məhsulları tez bir zamanda gömrükdən buraxılır və digərləri süründürməçiliyə məruz qalır. Ona görə, bu tipli qurumların veridkləri sənədlərə etibar yoxdur. Azərbaycanda beynəlxalq sertifakasiyadan keçmiş laborotoriyalar azdır. Baxmayaraq ki, zamanında Standartlaşdırma və Metrologiya Komitəsi var idi və o zaman müstəqil labortroiyaların olmasını tələb edirdilər, onda da heç nə etmədilər. İndi səlahiyyətləri başqa qurumlara veriblər, ancaq hələ oturuşmamış bir sistem var. Təbii ki, sahibkar o malı haradansa alır. Amma bəzən həmin mallar normal zavodlarda, fabriklərdə istehsal olunmamış məhsullardır. Adətən Çində və digər ölkədə kustar üsulla padvallarda istehsal olumuş məmulatlardır, dərmanlardır. Bəlkə də o dərmanlar da onlardandır. Təbii ki, bu istintaqın nəticəsi olaraq ortalığa çıxa bilər”.

    “Nazirliklər cavabdeh olduqları sahələrdə dövlət siyasətini aparsınlar, kommersiya fəaliyyəti ilə məşğul olmasınlar”

    Kütləvi zəhərlənmə hadisələrinin yeni təyin olunmuş nazirin nüfuzun aşağı salmaq məqsədi güdmədiyini düşünən N. Bəydəmirli qeyd etdi ki, nüfuzunu qaldıran və yaxud aşağı salan onun əməlləridir, proselərə baxışıdır: “Əslində, nazirklər dövlət siyasətini müəyən etməlidirlər. Onların bu və ya digər formada təsərrüfat fəaliyyəti ilə məşğul olması qeyri-qanunidir. Ancaq bu, Azərbaycanda baş verir. Görünən odur ki, yenə də kampaniya davam edr. Yəni Kənd Təssərfütı Nazirliyinin rəhbəri kim olsa da belə təsərrüfat fəaliyyətinə münasibəti belə qalcaqsa, yəni mərkəzləşdirilmiş qaydada bu və ya digər formada kənd təsərrüfatı müvafiq yollarla tənzimlənəcəksə, bu yeni nazirə və yaxud Azərbaycan iqtisadiyatına nüfuz gətirən deyi. Sözün düzü, bu sosializimdən qalmış bir sistemdir, belə kompaniyaçılıqdan və idarəetmə prinsiplərindən imtina etmək lazımdır. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq kooperasiyanın təşviqini aparmaq lazımdır. Ancaq məcbriyyət kimi yox. Yəni dövlət ehtiyat topaqlarını bu və ya digər formada kompaniyaçılıq naminə dövriyyədən çıxarılması yolverilməzdir. On görə, bu sahədən xəbəri olmayanlar bu sahayə kampaniya kimi baxacaqsa, təbii ki, uzun perspektiv üçün uğur qazanmaq mümkün deyil. Dövlətin hesabına əksər dövlət qurumlarında o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin nəzdində müxtəlif MMC-lər yaradılır. Əslində, mən bunları effektiv idarəetmə elementləri kimi qeyd edə bilmərəm və dövlət büdcəsinə yük kimi qiymətləndirirəm. Bu, doğru deyil. Bu faktlar mənə onu deməyə əsas verir ki, bu sahədə çalışanlar doğru yolda deyil, ancaq müxtəlif məsləhətləşmələr apararaq, qabaqcıl təcrübələri öyrənməklə kənd təsərrüfatında da dönüş yaratmaq mümkündür. Bunun üçün heç də “velosiped icad etməyə” lüzum yoxdur, sadəcə nazirliklər cavabdeh olduqları sahələrdə dövlət siyasətini aparsınlar, kommersiya fəaliyyəti ilə məşğul olmasınlar, dosta, tanışa, qohuma iş yerləri açmaq naminə büdcə hesabına əlavə qurumlar yaratmasınlar. Bazar iqtisadiyyatında kommersiya fəaliyyəti ilə azad liberal sahibkarlıq məşğul olsun, dövlət isə ədalətli tənzimləmə siyasətini həyata keçirsin. Bu ölkəmizin hərtərəfli inkişafına bəs edəcək”.

    Şamo EMİN, Hurriyyet.org