Keçmiş xüsusi xidmət direktorunu hansı ölkə ələ almışdı? – ERMƏNİSTANDA YENİ QALMAQAL

30

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ danışıqlarında mərhələli həll planının müzakirə olunduğu haqda bəyanatından sonra Ermənistanda alovlanan siyasi münaqişə qızışmaqdadır. Xəbər verildiyi kimi Lavrovun əslində təəcüblü və qeyri-adi görünməyən (illərdir müzakirə olunan Madrid prinsipləri və onun müxtəlif versiyaları əslində mərhələli nizamlamaya əsaslanır) açıqlamasından sonra baş nazir Nikol Paşinyanın opponentləri dərhal ona hücuma keçdilər. Və Ermənistan ictimaiyyətindən gizlicə “torpaqların qaytarılması planını” müzakirə etməkdə günahlandırdılar.

Bu hücumlara Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Paşinyanın komandasından qalmaqalla ayrılan Artur Vanetsyan da qoşulub. Və Paşinyanın komandasından onu xarici xüsusi xidmət orqanlarına satılmaqda və korrupsiya əməllərində ittiham ediblər.

Hakim “Mənim addımım” fraksiyasından deputat Qraçya Akopyan bildirib ki, Vanetsyan Qarabağ məsələsini özünün “korrupsiya bazarını” ört-basdır etmək üçün qaldırır.

“Guya bu danışıqlardır ki, Qarabağın hissələri üzrə aparılır. Fikrimcə XİN və baş nazirin mətbuat katibi bu məsələyə ətraflı cavab veriblər. Lakin bir halda ki, sual mövsümü açıqdır, o zaman mən də Artur Vanetsyana sual vermək istəyirəm. Ola bilərmi ki, sabah Vanetsyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən xarici xüsusi xidmət orqanı tərəfindən ələ alındığı üçün getdiyi açıqlansın? Ola bilərmi ki, faktların təzyiqi altında baş nazir Nikol Paşinyan onu xarici xüsusi xidmət orqanı tərəfindən ələ alındığını etiraf etməyə məcbur etsin? Bəlkə Paşinyan bu ələalmanın şərtləri barədə də bilirdi?”,-deputat bildirib.

Qraçya Akopyan sensasion məlumatlarını davam etdirərək bildirib ki, vaxtilə Vanetsyanın təkcə Paşinyan və xüsusi istintaq Xidmətinin rəisi ilə telefon danışıqları deyil, keçmiş prezident Serj Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanla da telefon danışıqları dinlənilmişdi. (Qeyd: 2018-ci ildə Vanetsyanın internetə sızmış telefon danışıqlarına əsasən o, Paşinyan və xüsusi istintaq Xidmətinin rəisi ilə keçmiş prezident Robert Köçəryanın həbsi barədə müzakirə aparmışdı)

Akopyanın bildirdiyinə görə, həmin telefon danışığında Vanetsyan Minasyanı və ailə üzvlərini cinayət təqiblərindən qorumaq üçün onun əmlakını ələ keçirmək barədə müzakirə aparıb.

“Bilirəm, bilirəm. Bir çoxları deyəcəklər ki, əgər xarici agentdən söhbət gedirsə bu məsələ cinayət işi çərçivəsində həll edilməlidir. Lakin dünya praktikası belədir-əgər xarici agent yaxalanırsa və onu ələ alan ölkə ilə münasibətləri korlamaq istəyirlərsə həmin agenti mühakimə edirlər. Yox, münasibətləri korlamaq istəmirlərsə o zaman agenti neytrallaşdırırlar ki, fəaliyyət göstərə bilməsin. Ermənistan isə digər ölkələrlə münasibətlərini korlamaq istəmir”,-Qraçya Arutyunyan Vanetsyanın Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ alındığına eyhamla bildirib.

Baş prokuror Artur Davtyan isə deputatın bu sensasion bəyanatını şərh etməkdən yayınıb,məsələnin onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Yəni eyham edib ki, keçmiş xüsusi xidmət direktorunun ələ alınması məsələsinə əks-kəşfiyyat baxmalıdır.

Bundan əvvəl Paşinyanın ofisi bildirmişdi ki, Mikael Minasyan Ermənistanda qanunsuz yollarla  bir sıra əmlak əldə edib. 2018-ci ildə Sərkisyan hakimiyyətdən uzaqlaşdırılanda isə onları satıb. Həmin il Minasyanın aktivlərindən birini-Zəngəzur mis-molibden kombinatının səhmlərini qanunsuz yollarla və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Artur Vanetsyan ələ keçirib.

Qeyd edək ki, Vanetsyan istefa verməzdən bir neçə ay əvvəl işğal altındakı Azərbaycan ərazilərinə, Füzuli və Cəbrayıla baş çəkərək bu torpaqların geri qaytarılmayacağı, əksinə, orada məskunlaşdırmanın aparılacağını açıqlamışdı./virtualaz.org/