KAŞIKÇININ AİLƏSİ QATİLLƏRİ BAĞIŞLADI – BMT Səudiyyə Ərəbistanı rəhbərliyini ittiham etmişdi

96

Səudiyyə konsulluğunda nəşi parçalanmış, turşuda əridilmişdi

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşıkçının ailəsi cinayəti törədənləri bağışladığını bildirib.

Kaşıkçının oğlu Salah Kaşıkçı Səudiyyə Ərəbistanında birlikdə yaşadığı ailəsinin adından “Tvitter” sosial şəbəkəsində açıqlama verərək, atasının qatillərini bağışladıqlarını və bunu Allahın razılığını qazanamaq üçün etdiklərini bildirib. Salah açıqlamasında Şura surəsindəki, “Hər bir pisliyin cəzası onun kimi bir pislikdir. Lakin əgər kimsə əfv etsə və düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, haqsızlıq edənləri, zülmkarları sevmir” mənasını verən ayəti də yerləşdirib.

Əvvəlki açıqlamalarında da atasının ölümünün siyasiləşməsini istəmədiyini vurğulamış olan Salah Kaşıkçı kral Salman bin Əbdüləzizin ona başsağlığı verdiyi zaman çəkilən narahat görüntüsü ilə yadda qalmışdı.

Evlənmək üçün sənədlərini hazırlamaqdan ötrü 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olmuş səudiyyəli jurnalist Camal Kaşıkçı orada xüsusi cəllad qrupu tərəfindən öldürülmüş, nəşi parçalanmış, cəsədinin qalıqları turşuda əridilmişdi.

Amerikanın “Vaşinqton Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının Kaşıkçı cinayətinin əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyini aşkar etdiyini yazmışdı.

İstanbul Prokurorluğu tərəfindən jurnalist Kaşıkçının öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində 20 nəfər müttəhimlə bağlı məhkəmə davam edir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) 101 səhifəlik hesabatında Səudiyy Ərəbistanı Kaşıkçını qəsdən və planlaşdırılmış şəkildə öldürməkdə ittiham edilir. Hesabatda ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın da arasında olduğu yüksək vəzifəli məmurların istintaqa cəlb edlməsi üçün əsaslı dəlillərin olduğu bildirilir.

Hesabatda deyilir: “Səudiyyə Ərəbistanı diplomatik imtiyazlardan sui-istifadə elədiyi və başqa ölkənin ərazisində zorakılıq qadağasını pozduğuna görə Türkiyə hökumətindən üzr istəməlidir”. Hesabatda cinayətlə bağlı sanksiyaların ibn Salman və onun xaricdəki şəxsi əmlakına da şamil edilməsinin lazım olduğu vurğulanır: “Kaşıkçının öldürülməsi Səudiyyə Ərəbistanının məsuliyyətində olan mühakiməsiz edamdır. Kaşıkçını qaçırtmaq təşəbbüsü də beynəlxalq insan hüquqlarının pozulmasıdır. Beynəlxalq hüquqa görə, Kaşıkçı Səudiyyə Ərəbistanın məsuliyyət daşıdığı, qəsdən və planlaşdırılmış şəkildə həyata keçirilən məhkəməsiz edamın qurbanı olub”.

Hurriyyet.org