“Kaş Azərbaycanda bu klubda oynamazdım…”

381
“Korona”dan qorxmayan Emin Ağayev ilk qələbəsinin önəmindən, ona düşərli stadiondan söz açdı

“Səbail” Premyer Liqanın son turuna baş məşqçisiz çıxmalı olsa da, bu, nəticəyə mənfi təsir getmədi. Əksinə, “dənizçilər” “Keşlə” üzərində səfərdə inamlı qələbə qazandı. Qonaqlar hələ ilk 20 dəqiqədə vurduğu 2 qolla matçın taleyini həll etdi. “Korona”ya yoluxduğundan evdə müalicə olunan baş məşqçi Aftandil Hacıyevin yoxluğunda komandanı oyuna çıxaran köməkçisi Emin Ağayev layiqli əvəzləyici oldu. 47 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində bir sıra məqamlara toxunub.

– Koronavirusun ən çox problem vurduğu komandalarımızdan biri məhz “Səbail” oldu. Ancaq bunun mənfini təsirini görmədik. Üstəlik, çempionatımızda üçhəftəlik pauza yaranmışdı… 

– “Keşlə”ylə matçın ilk hissəsi tam üstünlüyümüz şəraitində keçdi. Rəqibin heç qol imkanı yox idi. Hətta 3-cü qolu vura bilərdik. İkinci hissədə oyun dəyişdi. Bu da “Keşlə”nin taktiki sxemini dəyişməsiylə bağlı idi. İkinci 45 dəqiqə qarşılıqlı hücumlar şəraitində keçdi. Onlar da 2-3 qol vura bilərdi, biz də. Yaxşı əks-hücumlarımız oldu. Koronavirudan yoluxan futbolçulardan cəmi 2-sini meydana buraxmışdıq, qalanları ehtiyatda idi. Oynayanlar bu xəstəliyi yüngül formada keçirənlər idi. İstənilən halda, xəstələndikləri dövrdə belə, onlara hazırlıqla bağlı tapşırıqlarımızı vermişdik. Təbii ki, ev şəraitində imkan daxilində. Testlərinin cavabları neqativ çıxandan sonra bazaya gəldilər və onlarla fiziki hazılrıq planında fərdi çalışdım. Ola bilər buna görə yaxşı təsir bağışlayırdılar. Bir də bunadək prinsipcə, bütün komanda olaraq normal vəziyyətdə idik. Həm kollektivimiz yaxşıdı, həm də məşqçilər korpusumuz. Bunun hesabına yaxşı çıxış edirik.

– Oyun ərzində baş məşqçiylə əlaqəniz necə oldu? O, hansı göstərişlərini verdi?

– Həmin vaxt diqqətim oyunda idi. Baş məşqçimiz digər köməkçilərlə əlaqədə idi. Prinsipcə, Hacıyevlə futbola baxışımız, düşüncələrimiz eynidi. Bəli, Aftandil müəllim əvəzləmələrlə bağlı konkret məsləhətlərini çatdırdı. Bu, oyunun sonunda idi. O, baş məşqçidi, dediklərini həyata keçirməliyik.

– “Korona” futbolçularınızdan sonra artıq baş məşqçinizi də tutdu. Artıq özünüzlə bağlı bir narahatlıq varmı ki, məni də bugünlərdə yaxalayacaq bu virus?

– Dedilər ki, istənilən halda, hamı dünyada bütün xəstəliyi keçirəcək. Kimdəsə yüngül olur, kimdəsə ağır formada. “Korona”ya görə narahat, həyəcanlı deyiləm. Onsuz da burda tək yaşayıram, ailəm Moskvadadı. Necə olacaq, elə də olacaq. Hər şey Alahın əlindədi. Nə olacaq, qəbul edəcəyik. İnşallah, hər şey yaxşı olacaq.

– Baş məşqçi əvəzi olsanız belə, ilk dəfə milli çempionatımızda komandanı oyuna çıxardınız. Bu qələbənin şəxsən sizin üçün xüsusi önəmi var?

– Mənə xoşdu ki, ilk belə matçımda qalib gəldik, özü də səfərdə. Yaxşı məşqçilər korpusumuz, düşərgəmizdə yaxşı ab-hava var. Aftandil müəllim mənə yox, başqa köməkçisinə komandanı tapşırsaydı, yenə də ona kömək edərdim. Bu baxımdan heç bir sual yoxdu. Mənim üçün bu yox, əsas komandamızın pozitiv nəticəsidi, futbola pozitiv baxışdı. Açığı, komadamız son yerdə ola bilməzdi – nə oyuna, nə də başqa şeyə görə. Bu mövqeyi arxada qoyduq və turnir cədvəlində irəlilədik.

– Rusiyada aşağı liqada da olsa, məşqçilik təcrübəniz var. Kənarda Azərbaycan Premyer Liqası necə görünür? Özəllikləri nədi, nəyə xüsusi diqqət yetirməlisən? Yoxsa səviyyə aşağı olduğundan, asan bir yarışmadı?

– Yox-yox, hər şey çətindi. Asan heç nə olmur. Həyəcan məndə hər zaman olur. Hər insan hər oyunda qalib gəlmək istəyir, heç kim biabır olmaq istəmir. Belə çox nüanslar var. Həm də ilk dəfə deyil məşqçilikdə belə ampluada. Bunadək Rusiyada oynayan məşqçi də olmuşam, köməkçi məşqçi də, baş məşqçi də. Sadəcə, “Səbail”də son anda belə vəziyyət yarandı ki, baş məşqçimiz kənarda qalmalı oldu. Belə olan halda, daha çətin olur, həyəcan artır. Ancaq bütün komandaya, məşqçilər korpusuna, daim əlaqədə olduğumuz Aftandil müəllimə minnətdaram. Hamımızın bu qələbədə əməyi oldu. Son vaxt komandamızda koronavirusla bağlı vəziyyət yaxşı deyildi və çox çətin şəraitdə məşq edirdik. Üstəlik, mətbuatda da yazıldığı kimi, maaş yubanmaları vardı. Ancaq Allaha şükür, indi hər şey normaldı, komanda inkişaf edir.

– Daha çox “Şəfa” stadionu kimi tanınan bu arena şəxsən sizin üçün necə assosasiya olunur? Nə dərəcədə sizə düşərlidi? Sizi bu stadiona hələ “Termist” adlandığı dövrə aparsam….

– Necə yaxşı, həssas məqama toxundun. Bu stadion mənə yaxşı tanışdı, doğmadı. “Səbail”də olduğumuz müddətdə burda bir dəfə də olsun uduzmamışıq. Burda oynamaq mənə həmişə xoş olub. Demək olar bu stadionda böyümüşəm futbolçu kimi. Hələ “Termist” adlı klub olarkın futbolda ilk addlmlarımı atmışam. Millidə Serbiya və Çernoqoriya yığması üzərində tarixi qələbəmiz burda olub. Millidən sonra AZAL-da da bu stadionda çıxış etmişəm. Kaş bu komandada oynamazdım…

– Aha, “torbada pişik var”. AZAL Emin Ağayevi niyə incidib?

– Mənə çox borcu vardı, həmin pulu vermədilər. Mən də burdan getdim. Mənə qarşı xoşagəlməz davrandılar. Bilirsiniz, göydə Allah var, hər şeyə hakimdi. Qoy, mənə qarşı etdikəri vicdanlarına yazılsın. Çoxdan olub bu, danışmaq istəmirəm həmin məsələ haqda. Allah nə məsəhət bilir, onu da edir.

– Bu il üçün son turda “Qəbələ”ni qəbul edəcəksiniz. Həmin matça da komandanı siz çıxaracaqsınız. 10 nəfərlə qalmasına baxmayaraq, lider “Qarabağ”dan xal alan “Qəbələ”ni necə dəyərləndirərdiniz? Gözləntiniz nədi Bayıldakı bu matçdan? 

– “Qəbələ” həmişə xoşuma gəlib. Yaxşı komandadı, yaxşı futbolçu seçimi var, yaxşı oyun göstərir. Evdə çıxış edəcəyik, daha ürəklə oynayacağıq. Üstəlik, bu ilin son matçıdı. Turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdırmaq istəyiirk. Bütün futbolçularımız oyuna hazır olsa, maraqlı matç olacaq. Nəticəni 90 dəqiqəlik mübarizənin yekunu göstərəcək.