Karantindəki şəxslərin yaydığı video ilə bağlı RƏSMİ AÇIQLAMA

6

“Əgər həmin şəxslər epidemik bölgədən gəlməyibsə, onlar bir yerdə saxlanıla bilər”.

Hurriyyet.org xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə karantinə alınan şəxslərin çay süfrəsi ətrafında söhbət etmələri ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hətta xaricdə belə insanları ev şəraitində müşahidə altında saxlayırlar: “Amma epidemiya bölgəsindən (İranın Qum şəhəri) gələn insanlar bir yerdə saxlanılmır. O bölgədən gələn insanlarda kliniki əlamətlər varsa, onlar ayrı-ayrı saxlanılmalıdır. Yayılan videodan da görünür ki, həmin şəxslərdə heç bir kliniki əlamət yoxdur. Yəqin ki, epidemiya olmayan bölgələrdən gəliblər. Belə insanların hər birinin ayrı-ayrı palatalarda saxlanılmasına nə ehtiyac var? Elə bir imkan da yoxdur. 

Epidemik bölgədən gəlmək də o demək deyil ki, həmin şəxslərdə koronavirus var. Ola bilər ki, onlarda səthi virus əlamətləri var. Bu əlamətlər koronavirusla oxşardır. Bizdə elə xəstələr var ki, onlarda koronovirus yox, qrip virusu aşkar olunub. Belə kliniki əlamətlər olan şəxslərin heç də hamısında koronavirus aşkar olunmur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Astara xəstəxanasında karantin altına alınan şəxslərin bir-biriylə yaxın ünsiyyət qurmasıyla bağlı görüntü paylaşılıb. Onlar bir yerdə maskasız şəkildə oturaraq çay içirlər.