Karantin rejiminin yumşaldılması sərbəstlik demək deyil

66

 

Nəfəs almaq, oksigen dolu havanı ciyərlərinə çəkmək bəlkə də insana bəxş olunan ən böyük mükafatdır. Dünyaya gələn körpə ciyər dolusu nəfəs alıb qışqırmağa, ağlamağa başlayır və onun ağlamağı körpənin gəlişini gözləyən hər kəsi sevindirir. Tibdə ilk tənəffüs adlanan bu hal artıq dünyaya yeni sakinin gəlişi kimi qəbul olunur. Nə vaxtsa onun kəsilməsi, daha doğrusu, dayanması dünyadan getmək deməkdir. Nəfəs həyat deməkdir, onun kəsildiyi anda ömür bitir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə deyib.

Onun dediyinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma nəticəsində baş verən ağırlaşma ağciyərlərın funksiyalarının pozulmasına səbəb olur və nəfəs daralması, nəfəs çətinliyi kimi çox ciddi fəsadlara səbəb olur. Bir udum ciyərdolusu havaya həsrət qalmaq isə çox arzuolunmaz və ağır sınaqdır: “Artıq 6-7 aydan çoxdur ki, həyatımızın məcrası pozulub. Dünyanı dolaşan koronavirus infeksiyası özü ilə yeni çalarlar gətirib. Daha əvvəlki kimi evdən çıxıb harasa gedəndən axşam evə qayıdanadək sərbəst deyilik. Üz tutduğun hər məkanda, hər yerdə, mindiyin nəqliyyat vasitəsində, alış-veriş etdiyin dükan-bazarda, işlədiyin müəssisədə mütləq müəyyən qaydalara əməl etməlisən. Əlbəttə ki, qaydalar dəyişməz olaraq qalır – maska taxmaq, sosial məsafəni gözləmək və əl gigiyenasına əməl etmək! Kiməsə elə gələ bilər ki, bu sözləri tez-tez və qədərindən artıq təkrar edirik. Mağazaya girirsən, avtobusa, metroya minirsən, hansısa ünvana üz tutursan, yenə də həmin elanlar, həmin xəbərdarlıqlar… Bu sadə və sadə olduğu qədər də vacib olan qaydalara əməl etmək vərdişə, həyat tərzinə çevrilməlidir. Bu kiçik və gözəgörünməz viruslar olduqca təhlükəlidir. Unutmaq olmaz ki, koronavirus infeksiyası müxtəlif qida və əşyaların üstündə saatlarla qala bilir. Virus kağız üzərində 3 saat, paltar və taxta üzərində 2 gün, şüşənin üzərində 4, plastik əşya üzərində 7 gün qalır. Ona görə də infeksiyadan qorunma qaydalara ciddi riayət olunması həyat əhəmiyyətli məsələdir”.

Həmsöhbətimiz son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalması, sağalanların və aparılan testlərin say çoxluğunu müsbət dinamika kimi dəyərləndirərək deyib: “Əldə olunan bu nəticələr hamının arzu etdiyi və gözlədiyi məqamdır. Operativ Qərargahın elan etdiyi statistikadakı rəqəmlərin minimuma enməsini böyük səbirsizliklə gözləyirik. Lakin rəqəmlərin azalması, hətta sıfıra enməsi belə heç də virus təhlükəsinin aradan qalxması, Infeksiya mənbələrinin ləğv olması barədə düşünməyə əsas vermir. Xüsusi karantin rejiminin yumşaldılması haqqında qərar verilən kimi yenə də küçələr, yollar maşınlarla dolur, səki və parkları axın əlindən yarıb keçmək olmur, maskanı boğazına, çənəsinin altına, hətta qoluna bağlayanlar heç nə yoxmuş kimi sərbəst hərəkət edirlər. Təəssüf ki, bəzi həmvətənlərimizdə vaxtından qabaq arxayınçılıq hissi, xalqımızın böyük satirik şairi Mirzə Ələkbər Sabir demiş, “çırmanırıq keçməyə çay gəlməmiş” psixologiyası var. Hər şeyin ötüb keçdiyi barədə düşünmək, sərbəst hərəkət etmək qətiyyən yolverilməzdir. Arxada qalan ayların təcrübəsi hər kəs üçün ibrət dərsi olmalıdır. Bəşəriyyətin başı üzərini almış təhlükənin necə qorxulu və dəhşətli olduğu artıq hamıya aydındır. Onunla mübarizədə ehtiyatsızlıq, bir an sosial məsuliyyət hissinin itirilməsi fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də hər addımda, hər yerdə ehtiyatı əldən verməmək, məsuliyyət hissini itirməmək vacibdir. Buna əməl etmək və bu qaydalara uyğun yaşamaq özümüz, doğmalarımız, ətrafımızda olanlar və sabahımız üçün lazımdır”.