Kapitulyasiya “həbi” – Ermənistan təslimçi sülh naminə onu udmalı olacaq

75

Kələklə gələn Paşinyan rejiminin “küləklə” getməsinə az qalıb; Kreml “qulpsuz çamadanı” hər an yerə ata, işğalçı ordunun ardınca işğalçı dövlət də dağıla bilər – kritik gözlənti; rusiyalı ekspert: “Paşinyan devriləcək, Ermənistanın yeni lideri isə…”

Azərbaycanın apardığı Vətən müharibəsi öz məntiqi sonluğuna yaxınlaşır. Rəşadətli ordumuz hər gün bir az daha böyük qələbəmizi yaxınlaşdırmaqdadır. Bunu isə hələ ki, yalnız işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi görməzlikdən gəlir. Çünki məğlubiyyətin etirafı hakimiyyət bahasına oturardı.

Lakin məsələ ondadır ki, erməni cəmiyyəti acı gerçəyi gec-tez onsuz da biləcək və kapitulyasiya “həbi”ni içməli olacaq. O zaman nəticə sorosçu Paşinyan rejimi üçün yenə eyni olacaq. Sadəcə, bir sual var ki, daim mifik ideyalar və cənnət nağılları ilə “yedizdirilmiş” xalqa bu “həb”i kim içirəcək?

*****

Hələliksə ordumuz azadlıq müharibəsini davam etdirir. Bununla belə, rəsmi Bakı Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyinə tam zəmanət verir, hətta onlara mədəni muxtariyyət haqqı tanına bilər. Bundan artığı olmayacaq. Bundan artığına İrəvanın iddia etməyə davam eləməsi Azərbaycanı müharibəni Xankəndində bitirməyə təşviq etmək demək olacaq.

Bunu anlamaq üçün siyasi uzaqgörən olmağa lüzum yox. Həm də o səbəbə ki, Ermənistana heç bir ciddi dövlətin kömək etməyəcəyi qətiləşib. Kömək nə 1 nömrəli strateji müttəfiq Rusiyadan gələcək, nə də İrandan, nə Avropa Birliyindən olacaq, nə də ABŞ-dan. Onların hamısı artıq hərbi əməliyyatların ölkəmizin sərhədləri daxilində getdiyini əsas götürərək bitərəf qalıb, ərazi bütövlüyümüzü birmənalı müdafiə ediblər. Bu isə elə işğala qarşı çıxmaq, onu pisləməkdir.

Ermənistan qaynar payıza girdi - Rusiya yeni cəbhə açır

Beləcə, Ermənistan, Paşinyan rejimi faktiki olaraq, öz avantürasının acı nəticələri ilə üz-üzə, tək-tənha qalıb. Proseslər göstərir ki, kələklə gələn Paşinyan rejimi “küləklə” gedəcək. Hələ harasıdır, işğalçı ordunun ardınca işğalçı Ermənistan da dağıla bilər. Bir ölkə rəhbərinin bu ağır gerçəyi görə bilməməsi isə ən əvvəl onun özünün, sonra isə təmsil elədiyi toplumun faciəsidir…

*****

“İrəvan hamıdan hərbi yardım tələb edir. Azərbaycanı Ermənistan ərazisinə zərbə endirməyə təhrik edəcək qədər məsələni qabartmağa çalışır. O, bunu Rusiya ilə KTMT arasında münaqişəyə müdaxilə edəcək səbəb kimi qələmə verir, amma, təbii ki, heç kim İrəvana yardım etmək fikrində deyil”.

Bu barədə məşhur ukraynalı bloger, siyasi jurnalist Mixail Onufriyenko öz Yutub kanalında danışıb (Axar.az).

Ordumuz bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır

Ekspert Azərbaycan Ordusunun üstünlüyünü qeyd edərək deyib: “40 minlik Ermənistan ordusu havada, canlı qüvvə və texnika sarıdan üstünlüyə malik Azərbaycanın 250 minlik Ordusuna qarşı döyüşür. Hərbi əməliyyatlar eyni templə davam edərsə, erməni əsgərləri bitəcək və Azərbaycan axır ki, Qarabağı alacaq”.

*****

“Nikol Paşinyan devriləcək və Ermənistanın yeni lideri kim olacaqsa, o, üzüqoylu, bütün bədəni, əlləri və ayaqları ilə Rusiya qarşısında yerə sıx uzanmalı olacaq”.

Bu fikir isə beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylova məxsusdur. Onun sözlərinə görə, Ermənistanın dövlətçiliyini itirməməsinin yeganə yolu budur. “Bu ölkəyə məhz indi elə bir adam lazımdır ki, Rusiya ona etibar eləsin, inansın və o, Ermənistanın heç olmasa, beynəlxalq subyekt kimi qalmasına töhfə verə bilsin”, – mütəxəssis əlavə edib.

*****

Sözsüz ki, Dağlıq Qarabağ konfliktinin yekun siyasi həllinə nöqtə Rusiya və Türkiyənin vasitəçiliyi ilə, 2+2 formatında qoyulacaq və bu, əlbəttə ki, bütöv bir region üçün tarixi əhəmiyyət daşıyacaq. Bu xüsusda Moskva və Ankara arasında Qarabağ müharibəsi fonunda ənənəvi qarşılıqlı anlaşma və konstruktiv dialoq mühitinin saxlanması mühüm önəm kəsb edir. Bunu rusiyalı analitiklər də qeyd edirlər.

“Münaqişə dairəsinə cəlb olunmuş dövlətlər – Rusiya və Türkiyə üçün ən böyük dəyər bitərəflikdir. Bu, sonrakı siyasi nizamlanma üçün resurs kimi lazımdır. Prezident  Putinin Qarabağdakı vəziyyətlə bağlı müraciətində də bu fikir öz əksini tapıb. Rusiya lideri həmçinin özünün son bəyanatında əvvəllər götürülmüş strateji tarazlıq və ciddi neytrallıq kursu bir daha vurğulanıb”.

Aleksandr Karavayev: Yerevan bütün məsuliyyəti Moskvanın çiyinlərinə atır |  1news | Xəbərlər

Bu barədə rusiyalı tanınmış  politoloq Aleksandr Karavayevin məqaləsində deyilir (Virtualaz.org).

“Müharibə Azərbaycan ərazisində gedir və Bakı rəsmi olaraq Türkiyədən yardım istəyə bilər. Ermənistan isə bunu edə bilməz. Ya da hələlik edə bilməz. Putin isə səbirlə müharibənin bitməsini gözləyəcək. Lakin Moskva iki məsələni həll etməlidir – Paşinyanı aradan götürmək və Azərbaycandakı təsirini itirməmək” – müəllif yazıb.

Onun sözlərinə görə, münasibətlərin əsas dəyəri və siyasi özəyi Putin-Əliyev sistemidir. “Rusiya ilə Azərbaycan arasında siyasi gərginlik baş verərsə, Rusiyanın indiki sosial-iqtisadi məkanını başqa bir qrup ölkə dolduracaq. Mövqeləri geri qaytarmaq çox çətin olacaq. Hər iki tərəfdən biznes zərər görəcək. Nəhayət, aydındır ki, Rusiyanın Azərbaycan layihələrindən çıxması ilə oraya tamamilə sakit şəkildə Bakının Türkiyə, İsrail, Avropa və Çin tərəfdaşları daxil olacaqlar. Odur ki, Putin mümkün qədər ehtiyatlı davranacaq”, – deyə politoloq vurğulayıb.

*****

Məsələ də ondadır ki, bu gün öz ərazi bütövlüyü uğrunda mücadilə verən Azərbaycan Rusiya üçün forpost Ermənistandan qat-qat böyük dəyərdədir və dəyər getdikcə artır ki, azalmır. Üstəgəl, Türkiyə amili, dinamik inkişafda olan Moskva-Ankara əlaqələri. Təbii ki, hər bir dövlət xarici siyasətdə ən əvvəl öz strateji mənafeyindən çıxış edir. Bu üzdən Kreml az sonra Ermənistan adında, ona olduqca baha başa gələn “qulpsuz çamadanı” yerə atsa, təəccüblənmək lazım gəlməyəcək…

Analitik xidmət,
“Yeni Müsavat”