Kanadada ümummilli həmrəylik nümunəsi – LAYİHƏ

13

Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları arasında ən çox maraq doğuran dövlətin Kanada olduğunu desək fikrimizdə yanılmarıq. 36 milyon 700 min nəfər əhalisi olan Kanadada ilk Azərbaycan diasporu ötən yüzilin 30-cu illərində meydana gəlib. Bu gün Kanadada 300 min nəfərə yaxın soydaşımız yaşayır. Onların çoxu iri sənaye mərkəzi olan şəhərlərdə məskunlaşıblar. Bununla yanaşı, etiraf etməliyik ki,  xaricdəki diaspor təşkilatlarımızın intellektual baxımdan ilk sırada Kanadadakı soydaşlarımıza məxsus təşkilatlarımız yer alırlar. Onların arasında mühəndislər, sənayeçilər, tikinti sektoru üzrə ixtisaslaşmış memarlar xüsusi yer tuturlar.

Bütöv Azərbaycan ideyasının məşəli

Kanadanın istənilən şəhərində və qəsəbəsində yaşayan soydaşlarımız müasir dünya sistemindəki sosial, iqtisadi, elmi, hüquqi və digər sahələrdə formalaşdıqları üçün, onlar baş verən bütün hadisələrə aktiv şəkildə reaksiya verməyi çox yaxşı bacarırlar. Buna misal olaraq, erməni təxribatlarına dərhal reaksiya verməklə yanaşı, həm də hüquqi müstəvidə gərəkən cavabı verməkdə heç bir çətinlik çəkmirlər. “Beynəlxalq Ana Dili”, “Azərbaycan gecəsi”, “Respublka Günü”, “Azərbaycan Gənclər Şəbəkəsi”, “El TV Presents”, “Qarabağ Azərbaycan Dili Mərkəzi” və digər aksiyaları səssizcə həyata keçirən milli diasporumuz heç zaman özünü reklam etmək kimi proseslərə qoşulmayıb. Kanadanın Toronto, Ottava, Halifaks, Vankuver, Monreal, Edmonton, Kvebek, Kalqari, Vindzor, Viktoriya, Çörçill, Markhem, Hamilton, Mississoqa, Lon, Vinnipeq, Bramtpon, Sarrey, Laval, Markem, Hatino, Lonhey, Uinsor, Orantio, Yeni Şotlandiya, Kvebek, Britaniya Kolumbiyası,  Alberta, Saskaçevan, Nyu-Brunsvik, Nyufaundlend və digər şəhərlərində məskunlaşmış soydaşlarımız həm də burada yaşayan Türkiyə, İraq Türkman, Doğu Türküstan və Tatar diaspor təşkilatları ilə uzlaşmış şəkildə fəaliyyət göstərirlər.
O da bir faktdır ki, Kanadada yaşayan 300 minlik soydaşlarımızdan 250 min nəfəri Güney Azərbaycan kökənlidirlər. Buna baxmayaraq, Quzey Azərbaycan və Güney Azərbaycan anlayışı bu ölkədə faktiki olaraq yox kimidir. Əgər “Soyuq Savaş” öncəsi yaşanılan “irani” kimlik ideyası şahçılar və ya sol görüşlü soydaşlarımız arasında dəbdə idisə, son 30 ildə bu anlayış faktiki olaraq yoxa çıxıbdır. Kanadada yaşayan soydaşlarımz milli və mədəni bütünlük adına iri şəhərlərdə hətta bir sıra musiqi və teatr kollektivləri yaradıblar. Azyaşlı uşaqlara ana dilini müəkəmməl öyrətmək üçün kurslar açıblar. Faktiki olaraq, toy mərasimləri, ad günləri və ya yubiley gecələri güneyli-quzeyli hamılıqla birgə təşkil olunur. Bu da sonucda vahid milli siyasət adına formalaşan dəyərlərə çevrilir.

Pandemiya dönəmində virtual həmrəylik

Kanadanın Toronto şəhərində yaradılmış “Təbriz Ansamblı” pandemiyanın tüğyan etməsi və insanların evlərindən çıxa bilməkdə problemlərlə üzləşməsi təbii olaraq qürbətdə yaşayan soydaşlarımız üçün ən çətin dönəmlərdən biri sayıldı. Ona görə də, “Təbriz Ansamblı” virtual konsert proqramı hazırlayaraq, insanlarda yaranmış psixoloji gərginliyi, eyni zamanda stressi aradan qaldırmaq üçün bir sıra addımlar atdı. Ansamblı müğənnilərindən Nuşin Əhmədi (Quebec Cıty), İsmayıl İsmayılov, Fəxri Rokfiruz, Şəhri Şadpur,  Əli Yari, Röya Şəmsazər, Yağmur Urmulu, Həbibə Kazımniya(Toronto), Bəhruz Fərruxi (Vaşinqton D.C.), eləcə də müxtəlif alətlərdə ifaçılardan Polad Kaşef (piano), Əbülfəz İsmayılov (şeypur), Rövşən Tağıoğlu (gitara), Aylin Kaşef (fleyta), Əlirza Həmraz (tarzən), Nima Cəfərli (qarmon), Davud Cahangir Urmulu (kamança) və başqaları möhtəşəm ifaları və konsert proqramları ilə tamaşaçıların rəğbətini qazandılar. Bundan əlavə, xanəndə Yunus Mustofinin ifa etdiyi “Mahur” və digər muğamlar, “Toronto” Azərbaycan Rəqs Ansamblının çıxışları seyrçilər tərəfindən hər gün alqışlandı.  Demək olar ki, pandemiya dövründə diaspor təşkilatlarımızın heç biri Kanadada yaşayan soydaşlarımızın bu nəcib təşəbbüsünə dəstək olmadılar.

Yalnış yerdə olanlar artıq tarixdən uzaq düşürlər

Vaxtilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir sıra ölkələrdə olduğu kimi, Kanada da bəzi problemli addımlar atılıbdır. Bunun əsil səbəbi isə, Diaspor Komitəsi ilə Kanadadakı səfirliyimizin yalnış addımları olubdur.
“Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası” (sədri İlham Axundov), “Dünya Azərbaycanlılarının Əməkdaşlıq Xartiyası” və digər qurumlar intellektual baxımdan zəif və cılız olduqları üçün, rəsmi Bakıya belə, yalnış bilgilər sızdırırdılar. Onların önə sürdükləri iddalardan biri də guya bu ölkədə 33 min nəfər azərbaycanlı soydaşımızın yaşadığı qeyd olunurdu. Bundan əlavə, guya Kanadada soydaşlarımızın 13 diaspor təşkilatı mövcud idi. Halbuki, Güney Azərbaycan, Şərqi Avropa, Rusiya, Türkiyə, İraq və Suriyadan köçüb gələn soydaşlarımız bu siyahıda yer almırdılar.
2018-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikasında baş verən köklü islahatlar  nəticəsində Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin dəyişməsi ilə reallıqlar da ortaya çıxmağa başladı. Qürbət ölkələrdə yaşayan soydaşlarımıza olan münasibətlərin məcrası tamamilə yeniləndi. Bu gün faktiki olaraq, Kanadanın bir çox iri sənaye mərkəzlərinin universitetlərində fəaliyyət göstərən azərbaycanlı alimlər və mühəndislər, eləcə də memarlar, tikinti sektorunun mütəxəssiləri, maliyyəçilərlə yanaşı, mədəniyyət sektorunda çalışanlar Azərbaycan Respublikasının maraq dairəsindədirlər. Kanada ilə Azərbaycan dövləti arasındakı münasibətlərin inkişafı, biznes, maliyyə, ticarət və istehsal vasitələri sahəsində ötən illərdən fərqli olaraq artımın olması göz önündədir. Əvvəlki illərdən fərqli olaraq, komprador maraqlar müstəvisində şəxsi iddialarını sərgiləyənlər bu prosesdən kənarda qalıblar. Çünki, bu məsələdə Azərbaycanın Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri və digər müvafiq insrastrukturlar şəffaflıq çərçivəsində fəaliyyət göstərirlər. İdxal və ixracat sahəsində isə, dövlətlərarası əlaqələrin inkişafının tempi əvvəlki illərə nisbətən müsbət həllini tapmışdır. Kanadada yaşayan soydaşlarımızın Azərbaycana gediş-gəlişlərindəki bəzi bürokratik əngəllər də aradan tamamilə qaldırılıbdır. Kanada ilə anlaşlmalar sayəsində “Made ın Azerbaijan” brendi ilə istehsal olunmuş məhsullar artıq bu ölkənin bazarında xüsusi çəkiyə malikdir.

“Üçüncü Nəsil” düsturunda mühacir soydaşlarımız

Kimsəyə sirr deyil ki, müasir gəncliyin əksəriyyəti virutal aləmin sayəsində inkişaf edir. Onlar qürbətdə yaşasalar da, dünyada baş verən etnokulturoloji və siyasi aləm anlayışılarını dərindən təhlil etmək bacarığına sahibdirlər. Ona görə də bir yandan virtual aləmin sayəsində müasir tendensiyaları dəyərləndirmək, o biri yandan isə, etnokimlik düsturunun bütün çalarlarını asanlıqla görmək bacarığına malikdirlər. Bu gənclik yeni nəsli təmsil etməklə yanaşı, həm də yeni enerji mənbəyi kimi də maraqlı görünürlər. Kanadanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımızla apardığımız söhbətlər zamanı o da bəlli oldu ki, başqa ölkələrdən fərqli olaraq, burada yaşayan soydaşlarımız heç də nəsillərə görə assimliasiyaya məruz qalmırlar. Onlar sadəcə bu gün bəşəri mənada baş verən inkişafla uyumlu bir şəkildə yaşamağı tərcih edirlər. Bu baxımdan həyəcanlanmağa və ya narahat olmağa heç bir əsas da yoxdur. Mentalitet baxımından müəyyən fərqliliklər olsa da, nəticə etibarı ilə milli özümlülük baxımından problem yox kimidir. Kanadada yaşayan soydaşlarımız onu da qeyd edirlər ki, müasir dünya milli dövlətlər sisteminə yenidən üz tutulmasına başlanılıbdır. Bu, millətlərarası ədavət toxumlarının cücərməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq, dövlətlərin milli mental konsepsiyalarının təhlükəsizlik proqramının tərkib hissəsi olan dəyərlərə üstünlük verilməkdədir. Kanadada yalşayan soydaşlarımız səbr və təmkinlə bu prosesləri öyrənməklə yanaşı, Azərbaycan Respublikasının belə bir məcrada addım atmasını təqdir edirlər. Onların fikrincə ekoloji problemlər sadəcə təbiət hadisəsi kimi deyil, xalqların mövcudluq problemlərindən birinə çevrilmə təhlükəsi də mövcuddur. Ona görə də mümkün qədər milli dövlət olmanın dəyərləri qabardılır. Bu problemi həssaslıqla görən “Üçüncü Nəsil” konsepti qarşıya çıxan dilemmanın həlli yollarının yeni standartlar çərçivəsində çözümünə çalışır. Bu prosesi nəzərə alaraq, Kanadada fəaliyyət göstərən diaspor təşkilatlarımız milli özümlülük konsepsiyası ilə hərəkət edir. Beləliklə yaşlı və yeni nəsil arasında gözlənilən problemlər də təbii yolla aradan qalxır.

“Bizi siyasətlə suçlamayın”

Kanadada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri hesab edir ki, onların siyasi proseslərə qatılması heç də doğru addım deyil. Onlar yerli bələdiyyə strukturlarında təmsil olunmaqla, universitetlərdə dərs deməklə, milli-mədəni proseslərdə iştirakla və digər sahələrdə istedadlarını ortaya qoymaqla zatən siyasətin içindədirlər. Bir də var Azərbaycan məsələsində iqtidar-müxalifət düşərgələrinə bölünmək. Bu məsələdə demək olar ki, onlar heç bir düşərgəni təmsil etmək fikrində deyillər. Mümkün qədər siyasi dolanbaclar və intriqalardan uzaq durmağa çalışırlar. “Revizionist” baxışlarla iqtidar-müxalifət yorumlarına qatılmırlar. Azərbaycanın taleyüklü məsələlərində daim onun yanında yer alacaqlarını da gizlətmirlər. Kanada Yazıçıları “Pen Klubu”nun rəhbəri, məşhur azərbaycanlı yazıçı Maşallah Rəzminin fikrincə biz o halda dünya ilə tam uzlaşa bilərik ki, özümüzün intellektual səviyyəimizi qəbul etdirə bilək. Yəni bir sıra sorunlarımızı anlatmaqda çətinlik çəkməmək üçün, azından Kanadanın yüksək intellektual cəmiyyətini təmsil edənlərlə eyni səfdə durmağı bacarmalıyıq ki, onlar bizim fikirlərimizi ən yüksək səviyyədə qəbul etmək məcburiyyətində qalsınlar.
Kanadadakı Azərbaycan diaspor təşkilatlarının ölkəmizlə bağlı tələb olunan bir sıra ideyaları gerçəkləşdirmək üçün, onların elmi-konseptual əsaslara ehtiyacı vardır. Diaspor fəallarımızdan biri olan Həsən Dadibarın fikrincə Qafqazdakı prototürk və protoxristian maddi mədəniyyəti ilə Azərbaycan Respublikasında bu günə kimi bir nəfər də olsun alim yetişdirilməyib. Ona görə də azından “Qafqaz Albaniyası” üzrə mütəxəssislərin yazdıqları kitabların və ya elmi məqalələrin heç bir dəyəri yoxdur. Qədim ölü dillər və mədəniyyət üzrə mütəxəssislər yetişdirilməlidir ki, Ermənistanın işğalçılıq siyasətini, eləcə də erməni diasporunun avantüralarının qarşısını asanlıqla ala bilək. Əksər diaspor nümayəndələri məhz bu faktora söykənərək qeyd edirlər ki, bu amillərə görə siyasi proseslərdən kənarda dururlar. Kanadadakı soydaşlarımızın əlində olan tək tutalqa isə BMT səviyyəsində Azərbaycan Respublikasının coğrafi sərhədlərinin tanınmasıdır. Bu faktora söykənərək addım ataraq, Azərbaycanın maraqlarını müdafiə edirlər.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.