Kamran Əliyev sərt karantin şərtlərinə aydınlıq gətirdi

333

Sərt karantin rejiminin tətbiq olunacağı 9 şəhər və rayonda xüsusi karantin postları ilə yanaşı, mobil postalar da fəaliyyət göstərəcək.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, evdən çıxmasına icazə verilməyən və adları icazə.e-gov.az portalında olmayan vətəndaşlar küçəyə çıxmamalıdır.

“Digər rayonların vətəndaşları öz maşınları ilə sərt karantin rejimi tətbiq olunmuş rayonların ərazisindən rahat keçə biləcəklər. Həmin ərazidən keçərkən onlar sərt krantin rejiminin olduğu rayonun özünə və qəsəbəyə gedə bilməyəcəklər. Gedərlərsə inzibati xəta kimi qəbul ediləcək və cərimə yazılacaq”.

K.Əliyev bildirib ki, Lənkəranda sərt karantin rejimi şəhərdə nəzərdə tutulub, kəndlərə aidiyyatı yoxdur.

“Yalnız Yevlax, Kürdəmir, İsmayıllı və Salyan rayonlarında şəhərlərlə yanaşı, kəndlərə də aid edilib və karantin rejimi pozula bilməz. İsmayıllıdan başqa rayonların vətəndaşları nəqliyyat vasitələri ilə keçə bilər. Həmin yol şəhərə yaxın ərazidən keçdiyi üçün insanlarda çaşqınlıq yarada bilər. Lakin bu, əhalidə çaşqınlıq yaratmasın ki, çöldə nəqliyyat vasitələri hərəkət edir və biz çölə çıxa bilərik”./azvision.az/