Kafelərdə insanları öldürən, on minləri təhlükəyə atan maye – Azərbaycanda QORXUNC TƏHLÜKƏ

    3

    Bu yaxınlarda paytaxtın Binəqədi rayonunda yerləşən kafelərdən birində güclü partlayış baş verdi. Hadisə nəticəsində üç nəfər dünyasını dəyişdi, bir nəfərin isə vəziyyəti ağırdır.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışa səbəb tikilidəki propan qaz balonunun partlamasıdır.

    Respublika ərazisinin 93 faizinin təbii qazla təmin edilməsinə baxmayaraq, bu gün maye qazdan istifadə edənlər də az deyil. Bunun səbəbi isə qiymət baxımdan maye qazın təbii qazdan daha ucuz olmasıdır. Adətən, çayxana, dönərxana kimi obyektlərdə daha az xərc tələb etdiyi üçün maye qazdan istifadə edilir. Lakin maye qazının maddi baxımdan üstünlükləri olsa da, təhlükəsizliyə əməl edilmədiyi halda ağır faciələrə səbəb ola bilir. Bir neçə gün əvvəl Binəqədidə yaşanan olay kimi…

    Azad İstehlakçılar Birliyinin eksperti, qaz təsərrüfatı üzrə mütəxəssis Nüsrət Qasımov Publika.az-a açıqlamasında bildirib ki, bu cür hadisələrin əsas səbəbkarı təhlükəsizliyə əməl etməyən istifadəçilərdir:

    "Lakin maye qazdan istifadə edilməsinə nəzarət edən qurumun olmaması da ciddi problemdir. İnsanlar qaz balonlarını müxtəlif yerlərdən əldə edir, benzin doldurma məntəqələrində maye qazla doldururlar. Bu zaman isə heç bir təhlükəsizlik qaydası nəzərə alınmır. Həmin balonlardan istifadə etməklə özlərini, ailələrini, ətraflarındakları təhlükəyə atırlar. Əvvəllər “Azəriqaz” tabeliyində bu məsələyə nəzarət edən meye qaz idarəsi var idi. Sonradan həmin qurumu ləğv etdilər. Ondan sonra maye qazdan istifadə edən əhali təhlükə qarşısındadır. Düzdür, respublikanın yaşayış məntəqələrinin 95 faizinin təbii qazla təmin edildiyi deyilir. Lakin bu gün salınan yeni yaşayış məntəqələri, dağlıq ərazilərdə yaşayanlar, bir sıra kafe, çayxanalar, istixanalar, çörək sexlərində, dönərxanalarda hələ də, bu balonlardan istifadə edilir. Bəzən qaz kəməri yaşayış məntəqəsindən uzaq olduğundan insanlar əlavə xərclə təbii qaz çəkmək istəmir, bu balonlardan istifadə edirlər. Çünki maye qaz balonunun birini 8-10 manata doldururlar”.

    Ekspert bildirir ki, bu cür qaz balonları doldurulmadan əvvəl onlar standarta uyğun yoxlamadan keçməlidir:

    “Birillik istifadə icazəsi ilə bağlı möhür balonun üzərinə vurulmalıdır. Sınaqdan keçməyən balonun istifadəsinə icazə verilməməlidir. İndi bizdə bu qaydaların heç birinə əməl edilmir. Əslində yanacaqdoldurma məntəqəsində maye qaz doldurmaq üçün balon gətirəndə onun arayışının olub-olmadığını yoxlamalıdırlar. Bu balonların xüsusi daşıma texnologiyası var. Balonların üstündə rezin üzüklər olur. Onlar bir birinə dəyəndə rezin qığılcım yaranmağına imkan vermir. İstifadə zamanı balon qaz peçindən 80 sm məsafədə olmalıdır. Maye qaz balonu qaz cihazına xüsusi borularla birləşdirilməlidir, həmçinin onlar yüksək təzyiqə davamlı olmalıdırlar. Hər rezin boru ilə həmin qaz balonlarını quraşdırmaq olmaz. Bu qaz balonları təbii qazla işləyən peçə qoşulmamalıdır. Çünki maye qazın təzyiqi daha yüksək olur. Təbii qazdan 3.5 dəfə daha güclüdür, istilik törətmə qabiliyyəti 23-24 min kilokaloridir. Bu balonlarda partlayış baş verdikdə 1 kvadrat metrə 400 ton zərbə qüvvəsi düşür. Partlayış zamanı balonda olan maye qaz buxarlanıb külək vasitəsilə ətrafa yayılır və ətrafdakı hər şeyi yandırır. Bu qədər təhlükəli olsa da, bu məsələ ilə maraqlanan yoxdur. Bu gün evlərin altında, zirzəmidə dönərxanalarda bu qaz balonlarından istifadə edirlər. Həmin balon partlasa bütün bina sakinləri təhlükə qarşısındadır”.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətnin rəhbəri İbrahim Kəlbalıyev sayta açıqlamasında qurumun ancaq təbii qaza nəzarət etdiyini deyib:

    Qurum rəsmisi bildirib ki, “Azəriqaz” heç vaxt maye qaza nəzarət etməyib.

    Nazirlər Kabineti yanında Neft və kimya məsələləri şöbəsindən bildirdilər ki, hazırda maye qaza hansı qurumun nəzarət etməsi barədə onlarda məlumat yoxdur.