Özündən razılar köhnə (və yeni) vərdişlərindən uzaqlaşmaq istəmirlər…
Biz demirik gənc, yaxud sağlam yaşlı kadrlar mütləq alim, elm sahibi olsun, lakin o, etibarlı vəzifə daşıyırsa, müsahibi ilə görüşdən min bir bəhanə ilə boyun qaçırmamalıdır
Tarixən insanlar mövcud durumu ilə kifayətlənməmişlər, həm intellektual, həm də emosional potensialını inkişaf etdirmişlər, yoxsa sivilizasiyalar yaranmazdı. Belə bir ilahi zərurətin yükünü filosoflar, psixoloqlar, fiziklər, riyaziyyatçılar, tarixçilər, bioloqlar və yazarlar daşımışlar. Belə bir ehtiyac orta əsrlərin payına düşmüşdür, ən görkəmli alimlər məhz bu dövrdə doğulmuş və fəaliyyət göstərmişlər. Tale dəyərləri isə Şərqin dühalarına məxsusdur: mübaliğəsiz etirafdır. İşlərin (problemlərin) gedişini nizama salmaq və idarə etmək məsuliyyəti dövlət başçılarının məsuliyyəti üzərinə düşmüşdür. Siyasi və sosial elita nümayəndələri kadrlara güvənmişdir, ən bacarıqlılarını və istedadlılarını, dövlətin qanunlarına etibarlıları vəzifələrə gətirmişlər. Şübhəsiz, həmin kadrlar vicdanla çalışmış, heç bir neqativ proseslərdən nəinki kənarda durmuş, haram barmaqları dibindən kəsmişlər. Təbii ki, yaş öz işini görmüş, yerlərini məmnunluqla gənc kadrlara vermişlər.
Bu gün Azərbaycanımızda belə bir tarixi təcrübənin yeni mərhələsinə başlanmışdır: gənclər dolu təhsillə yaşlıları əvəzləyirlər. Lakin bir məsələ də realdır ki, hər məlumatlılar, xarici ölkələrdə təhsil alanlar, milli məktəblərimizdə diploma layiq görülmüşlər elitar ailədən çıxmışlar və s. ümidi doğrultmadılar, bunu yaxın keçmişimiz bir daha göstərdi. Etimadı qazanmayanların bir qrupunun bir bəlası idarə olunduqlarının yalnız bioloji əsasını anladılar, dar təfəkkürlərinin funksiyasını başa düşmədilər. Onlar əqlin hüdudlarını idrak etməyi bacarmadılar, onun (ağlın) qəlbdə toxdamasın (birləşməsini) görmədilər. Qəlb hissiyyatın, duyğuların mərkəzidir. Təfəkkürün dəyəri də hisslərlə beyin və qəlb funksiyasının ahəngini yaratmaq fəaliyyətini şərtləndirmək işidir. Kamil insan olmaq üçün duyğuların mərkəzi olan qəlbin mənəvi tərbiyəyə ehtiyacı vardır. İnsan qəlbsiz və əqilsiz heç nəyə nail ola bilməz, deməli, gənc ikən hər bir şəxsin (fərdin) hisslərini təkmilləşdirməyə iradəsi çatmalıdır. Bu yol həqiqətə yaxınlaşmağın yoludur ki, yalnız təfəkkürlə, sağlam düşünməklə mümkündür. Biz demirik gənc, yaxud sağlam yaşlı kadrlar mütləq alim, elm sahibi olsun, lakin o, etibarlı vəzifə daşıyırsa müsahibi ilə görüşdən min bir bəhanə ilə boyun qaçırmamalıdır. Məşhur fransız filosofu Mişel Monten (1553-1592) yazmışdır ki, elm işıqdan məhrum ürəklərə aydınlıq gətirməkdə, yaxud da kar adamı görməyə məcbur etməkdə acizdir, elmin təyinatı insana görmək qabiliyyətini vermək yox, hərəkətdə olan zaman görmək qabiliyyətindən düzgün istifadə etməyi öyrətməkdir, o şərtlə bu insan sağlam, yeriyə bilən ayaqlara malikdir.
Yeni kadrlar köhnələrin buraxdıqları ciddi subyektiv səhvləri araşdırmalı, ümumiləşdirməli və xalqına xidmət etməlidir, buna borcludur. Bu baxımdan mən çox-çox ümidliyəm.
Qorxu haradan başlamalı:
Vicdan və qanunlara əməl olunmamasından. Soyuq, buz kimi vicdan amansız olur, ən yaxın və doğma adamına xəyanət edir, Makedoniyalı İsgəndərin dostu, seçilmiş suvari dəstəsinin rəisi Filota (e.ə. 360-330) kimi. O, İsgəndərə sui-qəsddə iştirak etdiyi üçün əsgərlərin qərarı ilə daşa basılmışdır. Qəribəsi odur, belə əqidəli məmurları gördük, onlar xəyanətdən sığorta olunmadılar. Başlıca səbəbsə onlar ağlın həqiqətindən uzaqlaşdılar, harama üstünlük verdilər, sərvət düşkününə çevrildilər. Təfəkkür dəyişməmişsə, kadrların yaşlı, yaxud cavan olmasının heç bir əhəmiyyəti yoxdur. 20-25 il əvvəlin kadrlarıdır, əlləri korrupsiyaya bulaşanlardır, gözümüzün qabağında olmuşlardır. Vəzifə onlara etibar olundu, yuxarıdan müxtəlif yollar və vasitələrlə etibar qazanandan sonra gəldilər bu günə. Sovet qanunçuluğundan qorxurdular, necə ki cəzasızlıq sindromu mütləqləşdi, başladılar yeni müstəqil və Demokratik Respublikamızı bəd əməllərilə nüfuzdan salmağa. 20-25 il dalbadal deputat olar? Bəs hanı yeni nəfəs, yeni düşüncə tərzi, rəqabət? Əgər korrupsiyada adı hallanan, öz gəlirli infrostrukturlarını başqa-başqa adlara sənədləşdirən deputatlar himayə olunursa və onların saxtalıqları ifşa olunmursa və yenidən millət vəkili seçiləcəyinə inanırsa…
Bu günün vəzifədə olan məmurları (əlbəttə, hamısı yox, yüksək intellektuallılarla qürurlanmağa dəyər) şəxsi ifrat qayğılarına o dərəcədə aludəçilik törətmişlər ki, oxumaq, savadlanmaq, idrakı inkişaf etdirmək haqqında düşünməyə vaxt tapmamışlar. On beş-iyirmi il bir kresloda oturub bir məkana – gəlir yerinə əl uzatmışlar. Azərbaycanımız elə də geniş ərazi deyil, hər şey göz qabağındadır: bölgələrə ayaq atırsan, dəbdəbəli villalar, şadlıq evləri, restoranlar, bazarlar diqqətindən yayınmır və soruşursan bu obyekt kimə məxsusdur, cavabı birmənalıdır: icra başçısınındır, nazirindir, komitə sədrinindir, deputatındır və ilaxır mənsəb sahibinindir. Sənədləşməyə gəldikdə, cüzi maaşlı, gəlirli məmurun, yaxud bir qohumunun ünvanına gedib çıxır. Elə isə belə neqativ prosesləri araşdıran qurumlar yoxmudur? Əgər rayon icra başçısının özü bu qanunsuz işlə məşğuldursa hansı düzgünlükdən danışarıq? Kritik hal o yerə çatır – o bölgənin sakinləri haray qoparır: “Bizi rayon icra başçısının əlindən xilas edin!” O isə vəzifəsində davam edir və qisasçılığa başlayır. Çox məqamlarda jurnalist araşdırması sıfıra dəyişdirilir.
Ölkə Prezidentinə, eləcə də səlahiyyətli qurum rəhbərlərinə onlarla şikayət məktubları ünvanlanır mətbuat vasitəsilə. Cavablar ya səmərəsiz, təsirsiz alınır, yaxud səlahiyyətsiz məşğulluq idarəsidirsə, nədirsə ora göndərilir. (Mənim başıma bu “oyun” iki dəfə gəlmişdir). Hər şeyi ölkə başçısından, məncə, ummaq ədalətli olmazdı, amma “iri kalibirli” qurum rəhbərlərindən müsbət nəyisə gözləməyə insanların haqqı çatır. Bu problemi prezident İlham Əliyev dəfələrlə məmurların nəzərinə çatdırmış ki, camaatı incitməyin. Təəssüf, özündən razılar köhnə (və yeni) vərdişlərindən uzaqlaşmaq istəmirlər. Nə üçün bu cür alınır? Özümə də sual vermişəm, cavabı üçün çətinlik çəkmişəm. Son qənaətim belə olub ki, onlar kabinetlərində “sənəd maklatura”ları ilə əylənir, “şunur apar”, “şunur gətir” (sovetdən qalma ifadədir) psixologiyası ilə fon yaradırlar. Bu, həqiqətdir və davam etməkdədir.
Bəlkə də səhvdəyəm: mənim aləmimdə “birincilər” ziyalı – şikayətçini qəbul etməkdən çəkinirlər, çünki məntiqi mühakimədən uzaqdırlar, alimdirsə, yazardırsa onun bir əsərini belə oxumamışlar. Həmin vəzifəli şəxslər üçün standart adlar var: xalq yazıçısı, xalq şairi, dəbdə olan (süni təriflər yağışında çimən) akademik, müxbir üzvü, əməkdar elm xadimi, kiminsə qohumunu və başqalarını dərhal içəri dəvət edirlər, Xüsusilə, oxuyan qadınlar olsun. Təbii ki, qadını gözlətmək yaxşı hal deyil. Bəs gözləməkdə, dəvət intizarında narahatçılıq keçirən nə etsin ki kişi doğulmuşdur!
Sabiq Təhsil naziri, professor, MEA-nin müxbir üzvü Misir Mərdanovla görüşlərimi xatırlayıram. O, hətta nazirliyin həyətində dəfələrlə rastlaşıbdır mənimlə. Yuxarı qalxmayıb, 10-15 dəqiqə söhbətimizdə gəlmə səbəblərimi soruşub, lazım bilibsə “filan vaxt filan saatda qəbuluma gələrsiz” – demişdir. Yaxud, şöbə və idarə müdirləri, rəisləri problemsiz qəbul etmişlər. Bir stəkan çaya da qonaq etmişlər. Bir neçə il olar (Misir Mərdanovun gedişindən sonra) nazirə teleqram vurdum ki, məni qəbul etsin, cavabında müavinlərindən biri (adını çəkmək istəməzdim) qəbul etdi və bunu normal saydım. Lakin müavin – ifadəmi qeyri təvazökarlıq əlaməti hesab etməyin: – Sizi tanımadım, kimsiniz? – dedi. “Cavabında çox təəssüf ki, respublikada tanınmış pedaqoq – alimi, təhsil işçisini (Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda çalışırdım) tanımaya bilməzsiniz, barı, qarşınızda haqqımdakı “dosyeyə” baxın, – dedim. – İnciməyin, nazir müavinisiz, kimi qəbul etdiyinizi qabaqcadan bilməyə borclusuz. Beləliklə, söhbətimiz baş tutmadı.
(Ardı var)
Allahverdi Eminov