Kəramət Böyükçölün şansı: söydüyü dövlət onu xilas edir

147

Bəlkə də, diqqət yetiriləcək qədər dəyərli mövzu deyil. Bəlkə də, buna dəyər. İstənilən halda ortada bir insan – gəncin taleyi varsa və biz də ictimai rəylə işləyən, özəlliklə də cəmiyyətin sağlamlaşdırılmasına çalışan insanlarıqsa, belə məsələlərdə mövqe bildirməyimiz, məncə, vacibdir.

Kəramət Böyükçöldən danışırıq. Dünən polis onu yaşadığı evdən aparıb. Rəsmi xəbərlərdə deyilir ki, qonşuları rahatsız etməsi ilə bağlı şikayət daxil olub, ona görə də polis evə gəlməli olub. Hər halda ortada bir rahatsızlıq olmasaydı, bu baş verməzdi…

Kəramətin evdən aparılmasına qədər sərgilədikləri isə tam bir faciə mövzusudur. Adam 50-100 qram araqdan vurub, kimi gəldi qarşısına alır, söyüşün birini bir qəpikdən havaya sovurur. Hələ bu azmış kimi balaca uşağının qulağını indidən doldurur ki, sənin Vətənə borcun yoxdur. Torpaqları işğal altında olan bir ölkənin qələm sahibi uşağına indidən belə yol göstərirsə, bunun adı sadəcə fəlakətdir!

Bu yol göstərənin özü, əslində, bir fəlakət adamdır. Bu adam cəmiyyətdə yerini tapmır. Heç kimlə anlaşa, yollaşa, ortaq məxrəcə gələ bilmir. Buna ürək qızdıran hər kəsi peşman edir. Hətta doğma atasını, anasını belə illərdir, peşman edir bu Kəramət. Atası da cəmiyyət içində tanınan, şair-ziyalı bir insandır və bu oğul, hər şey bir yana, onun nüfuzunu belə düşünmür.

Kəramət deyir ki, mən yaltaq olmaq istəmirəm. Sanki bunu kimsə yaltaqlığa məcbur edir. Yaxud da sanki bütün digər qələm sahibləri yaltaqlıqla məşğuldur.

Deyir ki, mən azad cəmiyyətdə azad insan kimi yaşamaq istəyirəm. Yenə təəccübləndirir. Azərbaycanda kiminsə azad insan kimi yaşamasına əngəlmi var? Hələ əli qələm tutanların azad yaşamasını əngəlləmək heç mümkün də deyil. Belə bir cəhd olsa, yer yerindən oynayar, dünya üstümüzə qalxar.

Azadlıq istəyən bu gənc söyüş söyür. Söyüş nə vaxtdan azadlıq sayılıb ki? Ölkə başçısını belə açıq mətnlə, canlı efirdə təhqir edən bir adama nə deyəsən?

Mirşahini təhqir edir bu adam. O Mirşahini ki, illərin jurnalistidir, Azərbaycan dövlətinin ayağına daş dəyəndə sinəsini hamıdan tez qabağa verir, şəxsini belə zərbə altında qoyaraq dövləti – onun hər bir fərdini, lap elə Kəraməti də müdafiə edir. Kəramətsə bu adamı təhqir edir.

Ailə qurduğu xanımlarla normal ailəyə çevrilib yaşamağı bacarmayan bu yarımçıq adam hər kəsdən və hər şeydən narazıdır. Onun bütün bəlalarının səbəbi, sən demə, bizmişik. Özününsə heç bir günahı, qüsuru yoxdur. Sanki bizim hər birimizin bu adama nəsə borcumuz var. Varmı? Niyə olsun ki?

Bir adam öz həyatını qurmağı, özünü idarə etməyi bacarmırsa, ailə içində özünə yer edə bilmirsə, hətta ata-anasının da üzünə ağ olursa, buna cəmiyyət nə etsin?

Belə adamın psixoloji problemlərinin olması mütləqdir. Mən ürək ağrısı ilə onun atasının da açıqlamasını oxudum. Adam deyir ki, mən bacarmıram bununla. Hətta Kəramətin həbsini onun xilası kimi qiymətləndirir atası. Düz də deyir. Çünki Azərbaycan polisi onu gəlib aparmasaydı, bəlkə də, biz indi daha bir gəncin intiharından üzüləcəkdik. Bədxahlar və fürsətcillər də “rejimin” daha bir istedadlı gənci intihara sürüklədiyi haqqında əfsanələr qoşub yeni Kəramət axtarışına çıxacaqdılar…

Yeri gəlmişkən, Kəramətin bu günə düşməsinin səbəbkarı həm də elə həmin fürsətcillərdir. Onlar bu içki düşkünü, yarımçıq adamın ağzından çıxan hər kəlməni sağa-sola sovurub “rejimə” qarşı mübarizə vasitəsinə çevirirlər. Kəramət də getdikcə “populyarlaşdığını” görüb daha da həvəsə gəlir, arağı bir az da artırır, ağzını bir az daha “geniş” açır. O fürsətcillərə də elə bu lazım deyilmi? Kim olur olsun, təki “rejimə” qarşı danışsın. Hələ Kəramət kimi gənc bir yazıçı, qələm sahibi əsl işə yarayan materialdır…

Belə… Məncə, biz Kəraməti xilas etməliyik. Ona görə yox ki, bu cəmiyyət Kəramətsiz batıb gedər. Əsla! Baxmayaraq ki, Kəramət kimi yarımqafalılar bəzən elə bilirlər ki, onlar olmasa, dünya dağılacaq. Hətta intihar edərək dünyaya etiraz edirlər. Əminəm ki, bu addımı atarkən, “qalın mənsiz, batıb gedin” düşüncəsi ilə hərəkət edirlər. Sonra da ölüb gedirlər və xəbərləri olmur ki, onların intiharı haqqında 3-5 gün sosial mediada paylaşımlar edilir və əbədi unudulurlar. Cəmiyyət – insanlar isə öz həyatlarını əvvəlki kimi yaşamağa davam edir…

Xilas etməliyik bu gənci. Sadəcə ona görə ki, bir insandır. Bizi hərəkət etdirəcək qüvvə humanizmdir.

Bu gənc, bəlkə də, cəmiyyət olaraq bizə heç lazım da deyil. Ancaq ata-anasına, övladına lazımdır axı. Kəramət yox olsa, şəxsən mən Azər Həsrət nəsə itirmiş olan deyiləm. Lakin onun ən yaxın əzizləri çox şey itirəcək. Atası-anası bir oğul itirəcək. Övladı bir ata itirəcək. Rəsmi və ya qeyri-rəsmi yaşadığı həyat yoldaşları bir ər itirəcək. Olan onlara olacaq. Onların həyatında boşluq yaranacaq. Ona görə də bu gənci müalicə edib, növbəti şansı vermək lazımdır ki, özünə qayıtsın, bundan sonrakı ömrünü adam kimi yaşasın.

Kəramətə ikinci ömrü elə Azərbaycan dövləti, Azərbaycan polisi verə bilər, məncə. Əminəm ki, Prezident İlham Əliyev bu gəncin islah olunması – müalicə alıb geri qazandırılması üçün uyğun tapşırıqlar versə, Kəramət bir neçə aydan sonra adam kimi normal həyata dönə bilər. Bu bizim dövlətimizin humanizminin daha bir sübutu olacaq.

Sözardı: 2012-ci ildə Kəramət Böyükçölün “Çöl” romanı haqqında bir yazı yazmışdım. Romanı bəyənmişdim. Müəyyən tənqidi qeydlərim də vardı. Lakin bu gəncin istedadlı olduğunu etiraf etmişdim. İndi də o fikrimdə qalıram. Kəramət bu mərhələdə xilas edilsə, ədəbiyyatımıza dəyərli töhfələr verə bilər. Daha bir şans verək ona məncə. Sonrasını isə özünə buraxarıq…

Azər Həsrət,
Dədəli, Xaçmaz