Kənan Quluzadə: “Xarici turistlər işğaldan azad olan torpaqlarımıza gəlmək istəyir”

276

“Qarabağı görmək istəyənlər üçün turlar təşkil olunacaq”

Bu barədə “Yeni Müsavat”a Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə,  işğal altında olan torpaqlarımız turistik nöqteyi-nəzərdən çox perspektivli bir istiqamətdir: “Dünya üçün yeni istiqamətdir, potensialı çox zəngindir. Əlbəttə ki, bölgələrimizə maraq var, bu marağı biz daha da artıracağıq. Erməni işğalından azad edilən Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə ilk növbədə təhlükəsizlik məsələlərinin həllindən sonra baş tutacaq.  Öncə əhalinin oraya qayıdışı və yaşayışının təmin olunmasıdır. Yaşayış olmayan yerdə əslində turizm də olmur. Növbəti mərhələ isə infrastrukturun inkişaf etdirilməsidir. Bu 3 mərhələ olduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılacaq və yerli, xarici turistlərə təqdim ediləcək. İlk növbədə daxili turistlər üçün, sonra isə xarici turistlər üçün həmin ərazilər çox perspektivli olacaq. Hazırda biz xarici tərəfdaşlarla əlaqə qurmuşuq, Azərbaycan Turizm Bürosu Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində (”WTM London-2020″) iştirak edib. Onlayn şəkildə 110 görüş təşkil edilib. Tərəfdaşların bu yerlərə çox böyük marağı var, çünki işğal altında olan torpaqlarımız bu illər ərzində qapalı qalıb. 30 il ərzində Ermənistan tərəfi oraya turlar təşkil etmək istəyib. Amma bu, həm beynəlxalq qərarlara, həm də Azərbaycan qanunvericiliyinə zidd idi. Həm orada turistlərin təhlükəsizliyini təmin etmirdi, ona görə ora səfər edənlərin sayı az idi. Daha çox erməni diaspora nümayəndələri ora səfər edirdilər. Qarabağda bu illər ərzində turizm olmayıb. İndi bu yerlər dünya üçün açılacaq. Düşünürük ki, bu iş uğurla həyata keçiriləcək. Çünki o yerin potensialında mədəni tarixi isrindən tutmuş, təbii resurslarından tutmuş, mətbəxinə qədər, ekoturizm, sağlamlıq turizmi, bunlar hamısı turizm məhsulu kimi hazırlanıb təqdim edilə bilər, biləcək də. Bu istiqamətdə biz artıq ilkin araşdırma işlərinə başlamışıq”.

Kəlbəcər şah idi, Laçın xan, - hanı? Xankəndi xaniman, Şuşa can,- hanı?.. -  FOTOLAR

“Şuşa, Kəlbəcər, Zəngilan, Laçın turistik bölgə sayılır və xarici turistlərin bu bölgələrə gəlməsi üçün hər cür şərait yaradılacaq”.

K.Quluzadə onu da deyib ki, işğaldan azad olunmuş torpaqları görmək istəyənlər üçün də turlar təşkil olunacaq: “İlk növbədə təhlükəsizlik məsələsi təmin edildikdən sonra ziyarət turları olacaq, müxtəlif marşrutlar tətbiq ediləcək. Artıq Qarabağ üzrə bələdçilərin hazırlığı başlayıb. Gələcəkdə xarici turistlər Qarabağa cəlb olunacaq. Əsas məqsəd isə Qarabağı Azərbaycan torpağı kimi xarici turistlər arasında təbliğ etməkdir. Bu halda Qarabağı qeyri-qanuni ziyarət etməkdən çəkinən turistlər də bura üz tuta biləcəklər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”