Kəlbəcərlilər torpaq həsrətindən və qələbə sevincindən danışdılar

186

“25 noyabr kəlbəcərlilərin yenidən dünyaya gəldiyi gündür”

25 noyabr Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunduğu gün kimi tarixə yazıldı.

30 ilə yaxın Kəlbəcər həsrəti artıq bitdi, bəs görəsən, kəlbəcərlilər bu günü necə qarşıladılar?  Kəlbəcərdən olan tanınmışlardan bunu öyrənməyə çalışdıq.

İllərdir Vətən xiffəti çəkən “Yeni Müsavat” qəzetinin siyasət yazarı Etibar Seyidağa təəssüratlarını bizimlə bölüşüb:  “Bu gün bütün kəlbəcərlilər sanki yenidən dünyaya gəldilər. Bu dəqiqə özümü elə hiss edirəm, elə bilirəm mənə yeni həyat verilib. Biz 27 il 27 ay, 25 gün idi ki, Kəlbəcərsiz yaşayırdıq. Elə bil ki, yüz il, əsrlər keçib… Kəlbəcərin alınması ilə bağlı xəbəri televiziya ekranından görəndə hansı hisslər keçirdiyimi sözlə ifadə eləməyə çətinlik çəkirəm. İnsan həm sevindiyindın kövrəlir, həm də keçmişdə Kəlbəcər işğal olunan dövrdə yaşadıqlarımız yadımıza düşür. Kənddən çıxdığımız gün yollarda necə əziyyətlə gəldiyimiz anları xatırlayanda kövrəlməyə bilmirsən”.

index.jpg (133 KB)

Kəlbəcərdən 16 yaşında çıxan jurnalist qeyd edir ki, rayonun ən böyük kəndi olan Başlıbeli bir an belə unutmayıb: “Kəndimiz  gözlərimin önündən bir an belə çəkilməyib. Bu 27 ildə çiynimizdə Kəlbəcər boyda yük daşıyırdıq sanki. Ordumuz, Ali Baş Komandanımız, şəhidlərimiz çiyinlərimizdə olan bu ağır yükdən, işğal adında utanc gətirən o yükdən bizi xilas elədi. Buna görə başda  Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Şəhidlərimizin qarşısında baş əyirik. Övladlarımızın qarşısında bizi gözükölgəli qoymadılar. Mənim 3 övladım var, onlara Kəlbəcər haqqında o qədər təbliğat aparmışam ki, o torpaqları mənim qədər çox sevirlər. 10 yaşlı oğlum məndən hər dəfə soruşurdu, ”ata, niyə Kəlbəcəri döyüşüb qorumadınız”. Övladımın verdiyi sualın qarşısında aciz qalırdım, cavab verə bilmirdim. Utanırdıq, bizi bu utancdan azad etdilər. Qürurumuz, mənliyimiz özümüzə qayıtdı. Bu günü bizə yaşadanlara təşəkkür edirəm, var olun deyirəm.

Bu illər ərzində bizim o qədər arzularımız, xəyallarımız olub ki?!  Kəlbəcər Azərbaycanın cənnətidir. Bunu Kəlbəcərdə olanlar, hətta olmayıb telekanallardan izləyənlər də bilirlər. Orada yaşamağı səbirsizliklə gözləyirik. Bu həsrətimizə son verilir və orada həyatımızı yenidən quracağıq. Bizim həyatımız bir dəfə 1993-cü il aprelin 2-də alt-üst oldu. Yenidən burada özümüzə həyat qurduq. Amma bu həyatı Kəlbəcərdə davam etdirmək, övladlarımızı öz torpaqlarımızda boya-başa çatdırmaq istəyirik. Artıq həqiqi kəlbəcərli kimi yaşamaq istəyirik. O gün olsun Laçını da azad edək, bütün torpaqlarımızda bayraqlarımız dalğalansın”.

Prezidentin sözləri kəlbəcərlilərə həm təsəlli, həm də ümid oldu” – Deputat Aqil  Məmmədov » Azim.az

Kəlbəcərin deputatı Aqil Məmmədov 27 sentyabrı tarixə qızıl hərflərlə yazılan gün kimi qiymətləndirib: “27 illik həsrətə son qoyulur. 27 ildən artıq bir müddətdə məcburi köçkün həyatı yaşayan 80 minə yaxın əhalinin köçkünlüyünə son qoyulur. Doğma Kəlbəcərin azad olunmasını yaşamağın sevincini sözlərlə ifadə etmək çətindir. Torpaq həsrəti ən ağır dərddir. Torpaqlarımızı azad edən Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin. Onların qarşısında baş əyirik. Heç vaxt ümidimizi itirməmişdik. Kəlbəcərlilər hazırda sevinc içindədi.

Əslində 27 sentyabr bizim üçün çox önəmli bir tarix oldu. Torpaqların işğalı ilə əlaqədar olaraq ilk, konkret addım ö dövrdən başladı. Ordumuzun ilk gündən əldə etdiyi uğurlar, bölgələrimzin işğaldan azad olunduqca, Ali Baş Komandanın xoş müjdəni Azərbaycan xalqına çatdırması əvəzsiz bir sevincdir. Bu günədək o sevinci yaşamamışdıq. Bu anlar biz onu yaşadıq, duyduq, hiss  elədik. Əsas məsələ qalib xalq olaraq o sevinci yaşayırıq, duyuruq. Bölgələr arasında Şuşa şəhərinin qəhrəmancasına işğaldan azad olunması Azərbaycan tarixində, hərb tarixində yeni bir səhifə açdı. Bunlar hamısı sevincli günlərimizdir.

Bu gün də Kəlbəcərimiz azad olundu. Bu münasibətlə 80 minə yaxın məcburi köçkünümüzü, Azərbaycan xalqını təbrik edirəm. Ona görə ki, bizim məcburi köçkünlük statusumuz alnımızdan silindi. Mənliyimiz, bötüvlüyümüz hamısı özümüzə qayıtdı. Bundan gözəl hisslər ola bilərmi?! Uşaqlıq dövründə boya-başa çatdığımız torpaqlarımıza artıq qayıtmağımız reallaşır. Bu qəhrəmanlıq tarixinin əsas müəllifi Ali Baş Komandan İlham Əliyevdir. Vaxtında düzgün siyasət qurulmasaydı, ölkəmiz güclü bir dövlətə çevrilməsəydi, ordu quruculuğuna diqqət göstərilməsəydi, xalq, ordu, iqtidar birliyi yaranmasaydı, bəlkə də bu qələbəni yaşaya bilməzdik. Amma siyasi liderimiz, Ali Baş Komandanımız bu birliyi yarada bildi, ölkəmizi gücləndirdi. Bunun da nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandanımıza var olsun, eşq olsun deyirik. Onun dediyi, “Dağlıq Qarabağ Azərbaycandır!” – bu həm də qələbəmizin rəmzi oldu, xalqımızı da, ordumuzu da döyüşə ruhlandırdı. Nəticə də göz qabağındadır. İnşallah, tezliklə azad olunan ərazilərdə quruculuq, bərpa işləri uğurla davam etdiriləcək. Əhalimiz orada şən, firavan yaşamağa başlayacaq. O torpaqların yeraltı, yersüstü sərvətlərindən planlı şəkildə istifadə olunacaq. Ölkəmiz daha da güclənəcək”.

Deputat onu da deyib ki, Kəlbəcər coğrafi mövqeyinə görə çox əhəmiyyətli bölgədir: “Kəlbəcər həm də yeraltı, yerüstü sərvətlərinə görə çox mühüm əhəmiyyət kəsb eləyən rayondur. Orada təxminən 70-dən artıq mineral yataqlar var. Dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. 500-ə yaxın mineral su yatağı olan yeganə rayon da məhz Kəlbəcərdir. İnşallah, Kəlbəcər qısa zamanda işğaldan əvvəlki dövrdəkindən də inkişaf etmiş rayona çevriləcək. Azərbaycanın Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızın hər birinin ən müasir şəkildə qurulacağını, inkişaf etdiriləcəyini bəyan edib. Biz kəlbəcərlilər buna əminik. Prezidentimiz nəyi deyirsə həyata keçir. Kəlbəcər də yenidən qurulacaq və Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri olacaq”.

Şahlar Əsgərov: “Yeni yaşımda əlyazmalar və publisistik məqalələrimdən  ibarət kitab çap etdirəcəyəm”

Əslən Kəlbəcərdən olan professor, ictimai-siyasi xadim Şahlar Əsgərov da sevincini bizimlə bölüşüb: “Əgər hisslərdən söhbət gedirsə, elə bilirəm yuxudayam. Amma sonra baxırsan ki, yox, bütün bunlar yuxu deyil, həqiqətdir.  Gerçək isə budur ki, Ali Baş Komandanımız İlham Əliyev,  Azərbaycan Ordusu Kəlbəcəri geri alıb. Amma analiz etsək, həqiqətən də zaman-zaman Kəlbəcərin qayıtması haqqında müjdələr var idi. 1996-cı ildə ulu öndər Heydər Əliyev Nərimanov rayonunda kəlbəcərlilərlə görüşəndə belə bir cümlə işlətmişdi. ”Zaman gələcək, Kəlbəcər rayonu erməni işğalçı qoşunlarının əsarətindən qurtulacaq. Bizim həmvətənlər öz ata-baba yurdlarına geri qayıdacaqlar”. Ulu öndərin dediyi həmin o gün bu gündür. Həmin gün 25 noyabrdır.

Mən əvvəllər deyirdim, Kəlbəcər qışda kəlbəcərlilərin, yayda hamınındır. İndi deyirəm, Kəlbəcər qışda da, yayda da bütün azərbaycanlıların olacaq. Inanıram ki, Kəlbəcərdə qış turizmi, dağ turizmi, sağlamlıq turzimi  üzrə işləyən sanatoriyalar olacaq, Azərbaycan xalqı Kəlbəcərin havasından, suyundan bəhrələnəcək. Ona görə də hamını təbrik edirəm, gözünüz aydın olsun. Yaşasın Ordumuz, yaşasın Ali baş Komandan.

Bizim Kəlbəcərdən şairlər, bədii söz insanları çoxdur. Hamı tərəfindən sevilən şair Şücaət bu haqda çox gözəl demişdi: 

Neyləyək baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər!”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”