“Kəlbəcərlilər canlarını götürüb çıxmışdı, bu gün oranı tərk edən ermənilər isə…”

285

Kəlbəcəri tərk edən ermənilərin evlərini yandırmaları, hətta unitazlarını belə götürmələri təəccüblü deyil, çünki onlar həmişə həm daxil olduqları, həm də çıxdıqları əraziləri talan etməklə məşğul olublar.

Bunu Kəlbəcərdən olan 48 yaşlı məcburi köçkün Bəxtiyar Zamanov deyib.

20 yaşında köçkün düşən B.Zamanov həmin dövrdə baş verən bütün hadisələri yaddaşında saxladığını söyləyib.

Onun sözlərinə görə, indi ermənilər onlara verilən vaxt ərzində çox rahatlıqla məskunlaşdıqları əraziləri tərk edirlər, hətta tərk etdikləri evlərini yandırırlar, onun içindəki bütün əşyaları sökərək aparırlar. Amma vaxtilə Kəlbəcər ermənilər tərəfindən işğal edilən zaman əhali oradan ev paltarında, ayaqyalın çıxarılıb. Kəlbəcər sakinləri 3 günün içində yalnız öz canlarını götürüb çıxıblar:

“Kəlbəcər çox yüksək dağlıq ərazidə yerləşdiyi üçün orada mart-aprelə qədər qar-boran davam edir. Həmin dövrlərdə ermənilər Ağdərə yolunu bağladıqlarından digər ərazilərlə əlaqəmiz ancaq Murovdağla mümkün idi. Murovdağ da ən hündür yer olduğundan orada aprel-mart ayında belə qarın hündürlüyü çox olurdu, bunun üçün yolu traktorla qardan təmizləmək lazım idi. 1991-ci ildə bizə elə bir vaxtda rayondan çıxmaq üçün vaxt verildi ki, insanlar üst qış geyimlərini belə geyinə bilmədilər, ayaqyalın, başıaçıq çıxdılar”.

B.Zamanov deyib ki, əsasən, kənd təsərrüfatı ilə məşğul olan Kəlbəcər rayonunda həmin vaxt sovxozlar, fermalar fəaliyyət göstərirdi.

Həmin dövrdə kəndlərdəki sovxozda 1000-dən çox iribuynuzlu heyvanın olduğunu deyən müsahibimiz qeyd edib ki, onlar nəinki həmin heyvanları, heç özlərinin təsərrüfatlarına aid olan bir heyvanı, bir əşyanı belə götürə bilməyiblər:

“Təsəvvür edin ki, 65 min əhalisi olan Kəlcəbər 3 günün içində boşaldıldı. Azərbaycan hərbçilərinin nəzarəti ilə vertolyatla oradakı insanları çıxarırdılar. Amma vertalyotla o qədər insanı çıxarmaq mümkün deyildi. Ona görə də rayondan çıxa bilməyən çox sayda insan orada qalmışdı, xeyli sayda ölənlər var idi. Yalnız bizim 265 nəfərlik əhalisi olan, rayon mərkəzinə yaxın yerləşən balaca kənddən 17 nəfər çıxa bilməmişdi. Görün, uzaqda yerləşən kəndlərdən nə qədər adam buranı tərk edə bilməmişdi”.\\Trend