Kəlbəcərin qızıl yataqları hələ işğaldadır?

240

Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır; bu səbəbdən də Kəlbəcərdə mübahisə yaranıb

Azərbaycan ordusu işğaldan azad edilmiş Kəlbəcər rayonunun “Soyüdlü” qızıl yatağı üzərində suverenliyini bərpa edir. 2006-cı ildən ermənilər burada qanunsuz qızıl çıxarırdılar. Xəbər verildiyi kimi, işğalçı qoşunlar çıxmadan öncə erməni tərəfi Azərbaycan ərazisinin yataqdan beş kilometr dərinliyinə gedən yolda darvaza qoyub.

Srağagün Azərbaycan hərbçiləri darvazanı sökərək yatağın ərazisinə daxil olublar və ermənilərdən oranı azad etməyi tələb ediblər.

“Turan” agentliyi “Novosti Armenii” saytına istinadən bildirir ki, 250-yə yaxın azərbaycanlı hərbi qulluqçu, o cümlədən yüksək rütbəli hərbçilər İsrail zirehli texnikasında mədən ərazisinə daxil olublar. Ərazidə 7 nəfər müddətli əsgər olub. Hərbçilər onlara deyib: “Bura bizim ərazimizdir, buranı tərk edin”.

Əsgərlər müxtəlif məsul şəxslərlə əlaqə qurmağa çalışıblar, amma heç kim onlara cavab verməyib. Mədənin müdiriyyəti məcburən azərbaycanlılarla danışıqlara getməli olub, amma nə barədə danışacağını bilməyib. Səlahiyyətli orqanlarla əlaqə yaratmaq cəhdləri heç bir nəticə verməyib.

Onlar böyük çətinliklə azərbaycanlıları razı sala biliblər ki, nə edəcəklərini anlamaq üçün onlara vaxt versinlər. Sonuncular razılaşıblar, amma sabah geri dönəcəklərini vəd ediblər. “Elə olsun ki, burada olmayasınız, yoxsa nə edəcəyimizi bilirsiniz”, – onlar deyiblər.

Ermənistan parlamentinin deputatı Taqui Tovmasya Kəlbəcərlə sərhəddə Geqarkunik vilayətində yerləşən erməni ordusunun korpus komandiri ilə danışıb. Komandir bu məlumatı təsdiqləyib və bildirib ki, düşmən darvazanı Ermənistan ərazisinə yaxınlaşdırmaq istəyir. Deputat bunu rüsvayçılıq adlandırıb, “Sputnik Armeniya” bildirir.

Düzünü desəm, mən başa düşmürəm ki, bəyanatın (barışıq haqda – red.) ikinci və ya üçüncü tərəfi haradadır. Mənə, sadəcə, aydın deyil. Mən ordunu Geqarkunik sakinlərinin yanında olmağa və onların təhlükəsizliyini qorumağa çağırıram”, – o deyib.

Lakin bundan sonra Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Azərbaycan hərbçilərinin qızıl mədəni ərazisinə girməsi və çalışanlardan ərazini tərk etməyi tələb etməsi barədə müxtəlif KİV-də yayılan informasiya həqiqətəuyğun deyil.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin təsvir etdiyi vəziyyəti şərh etmir.

Ermənistandan Zod qızıl yatağı barədə açıqlama…

Bu arada, Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

“Sputnik Armeniya” xəbər verir ki, demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun “Soyüdlü” (Zod) mədəninin ərazisində aparılır.

Qeyd olunub ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir.

Bildirilib ki, demarkasiya işlərindən sonra, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək.

Oxu.az-ın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilmədiyindən burada “Soyüdlü” (Zod) qızıl yatağı ərazisində ermənilər təxribata əl atıblar.

Bir sıra erməni “Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi yazılır.

Erməni tərəfi bu ərazinin onlara aid olduğunu iddia edir. Mədəndə işləyən işçilər hazırda danışıqların aparıldığını və danışıqlarda Ermənistan hökuməti nümayəndələrinin də iştirak etdiyini qeyd edirlər.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan isə “RİA Novosti”yə  deyib ki, “Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb. O bildirib ki, Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir.

Xaçatryan əlavə edib ki, Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.

O, Ermənistan tərəfinin müzakirələrdə iştirak etmədiyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbi birləşmələri işğal etdikləri Kəlbəcər rayonunun ərazisini tərk etməli idilər. Artıq darmadağın olmuş qoşunun tör-töküntüləri və azərbaycanlıların evlərini zəbt etmiş erməni əhalisi rayonu tərk etsə də, Kəlıbəcər ərazisindən keçən Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasıyla bağlı xeyli iş görülməlidir.

Ermənilər xüsusilə Kəlbəcər ərazisindəki Söyüdlü – Zod qızıl yatağının ərazisi ilə bağlı mübahisəli məqamlar olduğunu iddia edirlər. Halbuki yatağın böyük hissəsi Azərbaycan ərazisinə aiddir və buradakı mədənlər Kəlbəcərin işğalı dönəmində Rusiya sərmayəli “GeoProMining Gold Company” şirkəti tərəfindən istismar olunub.

Şirkətin qanunsuz olaraq yataqlardan götürdüyü gəlirlərin pay sahibləri sırasında Ermənistan siyasi elitasına aid şəxslərin də adları çəkilir. Onu da qeyd edək ki, əslində yatağın 23 filiz damarından cəmi 7-si Ermənistan ərazisinə 16-sı isə Kəlbəcərin ərazisinə düşür. Həmin 7 filiz damarının düşdüyü ərazi də vaxtilə sovet hakimiyyəti tərəfindən Ermənistana pay edilib.

Qarabağda sentyabrın sonunda hərbi əməliyyatlar başlayandan sonra sözügedən şirkətin fəaliyyətini dayandırdığı bildirilirdi. Lakin Ermənistan mətbuatının yazdıqlarından belə məlum olur ki, son günlərədək yataqda iş gedib və Ermənistan bu yataqları könüllü olaraq təhvil vermək fikrində deyil.

Hətta Azərbaycan hərbçilərilə ermənilər arasında həmin ərazidə konflikt yarandığı və Rusiya sülhməramlılarının məsələyə müdaxilə etdiyinə dair məlumatlar yayıldı. Xəbər verilir ki, həmin ərazilərlə bağlı Rusiyanın iştirakı ilə danışıqlar gedir. Lakin artıq Azərbaycan ordusunun sözügedən ərazidə üç post qurduğu da qeyd olunur.

Bununla bağlı ictimaiyyətin qarşısına çıxan Ermənistan Baş Qərargahının rəis müavini, general-leytenant Tiran Xaçatryanı deyib:  “Zod qızıl mədəni ətrafındakı nəzarət-buraxılış məntəqəsi Rusiya “sülhməramlıları” tərəfindən yaradılmışdı, bu onların təşəbbüsü idi. Sonrakı müzakirələrdə nə danışıldı, həmin qapı açıldımı, yoxsa sındırıldımı, bilmirəm. Mənim əldə etdiyim məlumata görə, qapı sındırılmadı, açıldı”.

O, daha sonra bildirib: “Bəli, Azərbaycan hərbçiləri dünən Sokt (Zod) mədəninin ərazisinə gəliblər, lakin onlar sahənin özlərinə aid hissələrində olublar və erməni tərəfinə keçməyiblər…

Onu da qeyd edək ki, Azərbaycan hərbçiləri Sotk (Zod) mədəninin ətrafında 3 post qurublar. Postlardan biri qızıl mədəninin tam yaxınlığındadır…

Hazırladı: İ.SABİRQIZI