Kədərlə dolu bir ilk məhəbbət

135

Azərbaycanın Şimal-Qərb rayonlarının birinə qısa müddətli istirahətə gəlmiş bir necə gənclə bir nəfər nisbətən yaşlı, müdrik ağsaqqal arasında yüksək koloritli söhbət gedirdi. Yayın ilk ayı idi. Bu zamanlar həmin səfalı rayonların füsunkar təbiəti öz gözəlliyinin pik nöqtəsinə  çatır. Onlar da təbiətin bu gözəl guşəsində yerləşən yuksək səviyyəli istirahət mərkəzlərinin birində, hər tərəfi yaşıllığa bürünmüş bisedkada oturaraq, çox şirin söhbət edirdilər.

Mənim gözəllik haqqında fikrimdə başqalarından fərqlilik var. Hələ lap yeniyetmə vaxtımdan mən düşüncəmdə müəyyən bir sima yaratmışdım. Bu sima videolarda,  kinolarda,  rəsm sərgilərində, tamaşalarda gördüyüm son dərəcə gözəl və gənc qızların ümumiləşdirilmiş siması idi. Həmin sima qəşəng olmaqla bərabər, həm də ağıllı və dərrakəli idi. Hesab edirdim ki, o nə vaxtsa, hardasa mənə rast gələcək. Onunla mütləq görüşəcəyəm. Onu həyatda tanıdıqlarım, gördüklərim arasında olan hansısa konkret bir şəxsiyyətə bənzədə bilmirdim. Onlardan ayrıca hansısa birinin olmasını istəmirdim. Təsəvvürümdə o, bu sevimli qadınların hamısının müsbət xüsusiyyətlərini özündə cəmləşdirən, onların gözəlliklərinin ən yüksək cəhətlərini özündə birləşdirən bir qadın olmalıydı. Mən onu tapana qədər gözləmək qərarına gəlmişdim. Bəlkə indi mən, doğrudan-doğruya onunla rastlaşmışdım…

Klassik italyansayağı gözəlliyi bəyənmirəm. Onlar bəstəboy, dolubədənlidir, qolları və ayaqları nisbətən qısadır. Onların gözəlliyinin ən üstün cəhəti baxışlarının və sifətlərinin təmizliyidir. Bəs, korifey italyan rəssamlarının diqqətini necə cəlb etmişdir bu gözəllik. Kim bilir bəlkə “hər şey təsirlidir öz zamanında” prinsipi ilə. Mən isə “Mona Lizanı” daha üstün tuturam. Axı onun gözəl, yaraşıqlı sifəti ilə bərabər, bədən quruluşu da çox mütənasibdir. Ətrafların, bədənin özünün topoqrafiyası və eyni adlı orqanlar cütlüyünün simmetriyası çox cəlbedicidir. Bilmirəm bu fikirlər hardan gəldi mənim beynimə, vaxt gedir mənasız kommentariyaya…

***

Söhbətin bu yerində dinləyicilərdən birinin telefonuna zəng gəldi. Ancaq o, belə maraqlı söhbətdən ayrılmamaq üçün zəngə cavab vermədən telefonunu söndürüb kənara qoydu. Digər cavanlar da onun bu hərəkətini təkrarladılar. Axı onların hamısı ali təhsilli olmalarına, ali məktəb qurtarmaqlarına  baxmayaraq, heç bir univeristet və institutda məhəbbət və sevgi haqda belə mühazirə dinləməmiş, belə orjinal fikirlər eşitməmişdilər. Ağsaqqal isə gənclərin bu jestlərindən məmnunluq hissi duyaraq söhbətini daha da həvəslə davam etdirməyə başladı.

***

…Qayıdaq mənim sizə danışmaq istədiyim xatirələrə. Söhbətin sonunda yenidən çay gətirdilər. Çayı yenə bu gənc xanım gətirdi. Bu zaman onu yenidən diqqətlə seyr edə bildim. Təmkinlə, qətiyyətli və xoşagələn yerişlər. Bu nə deməkdir?! Yoxsa bizim ucqar əyalətlərdə səhnə hərəkəti öyrədirlər cavanlara?! Yox, bu fantaziyanın sərhəddində olan bir xəyaldır. Sonradan mən öyrənəcəyəm ki, o, rayonda rəqs dərnəyinə gedirmiş. Xəyalımda yaranmış mükəmməl bədən quruluşuna malik qənirsiz bir gözəlin canlı obrazını elə bil indi tapmışdım.    Söhbətimiz sona çatdı və mən gedəsi oldum. Boş vaxtım var idi. Heç yerə tələsmirdim. Bir az gəzmək, təmiz hava almaq və təklikdə qalıb, xəyala dalmaq istəyirdim. Nədənsə rast gəldiyim bu xanımı yadımdan çıxara bilmirdim. Onunla yenidən üzləşməmək qərarına gələrək onu unutmağa çalışdım. Ancaq özümlə bacara bilmədim.

Bir neçə gündən sonra utana-utana bir bəhanə quraşdıraraq yenidən onu görmək üçün tanışlarının evinə getdim. Mənim həyəcanlanmağım özümü pərt edirdi.

Həmişəki kimi məni çox mehriban qarşıladılar. Fikrim onun mənə qarşı münasibətini öyrənmək idi. Əvvəlki görüşdən fərqli olaraq, bir utancaqlıq müşahidə olunurdu. Onsuz da dağ lalələrinə bənzəyən yanaqlar daha da allanmışdı. Söhbətə başlayan anda o, başqa otağa keçdi. Çox güman ki,  bu hərəkəti  dərsləri ilə məşğul olmaq üçün etmişdi. Söhbətin gedişində mən ixtiyarsız olaraq onun işləri haqqında soruşdum. Məlum oldu ki, o, artıq sənədlərini verib, hər şey qaydasındadır. İndi isə imtahanlara hazırlaşır. Bu bir növ hazırlaşdıqlarını təkrar etmək idi, nədən ki, imtahan vaxtı lap yaxınlaşmışdı.

Biz ev sahibi ilə müxtəlif söhbətlər edirdik. Builki qəbul imtahanları haqqında fikir mübadiləsi, tanışlardan kimlərin uşaqları imtahanlarda iştirak edir,  qəbul necə keçəcəkdir və s. bu kimi mövzular ətrafında danışırdıq. Xeyli söhbət etdik, keçən  zaman ərzində onun yenidən görünməsi arzusu məni həyəcanlandırırdı, nəhayət o, bizim oturduğumuz zalda göründü, utancaqlıqla oturdu və imtahanlara görə həyəcanlı olduğunu söylədi:

  • Vaxt yaxınlaşdıqca daha bərk narahat oluram, – dedi.

Sonra onun iştirakı ilə bir xeyli söhbət etdik. Getmək vaxtım yaxınlaşırdı, ancaq  heç getmək istəmirdim. Amma getməliydim. Yerimdən qalxıb sağollaşmağa başlayanda onun baxışlarında necə bir xəfif narahatlıq, ürkək bir duruş, zərif bir dalğınlıq var idi. Bu onu gözəlliyinin zirvəsinə qaldırmışdı. Mənə elə gəldi ki, bu zirvədən məni bir mehribanlıqla seyr edir (təkcə məni yox, hamını). Ona uğurlar diləyərək sağollaşdım. Ev sahibinə dedim ki, mən təcili olaraq mühüm bir ezamiyyətə getməliyəm. Mənim bu sözümün onun baxışlarında xəfif bir nigarançılıq yaratdığını sezdim. Bəlkə bu mənə belə görünürdü. Yox-yox, bu danılmaz bir həqiqət idi. Ey insanlar siz mənə inanırsınızmı?!

Soruşdular:

  • Bu ezamiyyət uzun çəkəcək?

Mən:

  • Ən azı bir ay. – dedim.

Sonra getdim. Hazırlaşmaq lazım olsa da piyada gedib, bir az gəzmək istədim. Yol boyu fikirləşirdim, bu doğurdanmı məhəbbətdir. Bu zaman kiminsə açıq pəncərəsindən zərif bir musiqi səsi gəlirdi. Bənzərsiz müğənni Əbülfət Əliyev öz məlahətli səsi ilə oxuyurdu:

Doğurdan da yoxsa saf eşq, məhəbbət,

Neyçün səni bəs unuda bilmirəm…..

Əbülfət öz könül oxşayan səsi ilə sanki mənim sifarişimlə oxuyurdu bu mahnını. O, musiqinin bütün spektrlərində gəzişərək, onu incələyə-incələyə sanki məni başa salmaq istəyirdi: sevgi də var, məhəbbət də…

Axşam yir-yığış edib, səhərisi ezamiyyətə yola düşdüm. İlk dəfə idi ki, ezamiyyətə könülsüz gedirdim, daha doğrusu heç getmək istəmirdim. Lakin getdiyim məsələ dövlət əhəmiyyətli olduğundan mən bundan imtina edə bilməzdim. Onu da deyim ki, getdiyim şəhər Bakıdan sonra mənə ən doğma şəhər sayılırdı. Gəncliyimin ən şirin və qaynar vaxtını bu şəhərdə keçirdiyimdən, bura həmişə böyük sevinclə gəlirdim. Buranın meşələri mənim çox xoşuma gəlirdi. Qocaman palıdlar özəlliklə adamı özünə cəlb edirdi… Bizdə belə palıdlar, fısdıq ağacları qalmayıb, hamısını doğrayıb tökdülər. Düz ağaclar “Nəsimi dönməzliyi”nin simvolu olduğundan hamı ağacın düzünü kəsir… Qışın ən sərt çağında, şaxtanın tüğyan etdiyi dövrdə də mən bu meşələrdə gecələr gəzməyi sevirdim. Mənimlə gəzməyə çıxan xanım öz qəlbəyatan səsi ilə oxuyurdu:

Стройные березки, стройные березки

Что-то шепчут липам.

(Yaraşıqlı, düz küknarlar cökələrə nəsə pıçıldayır).

Deyəsən, Yesenin yazıb, yəqin onun işidir  belə romantik yazı. Nə olsun ki!? Azərbaycanlı şair Ağamalı Sadıq Əfəndi ondan da yaxşı deyib:

Həsrətdən palıda sarılıb cökə

Tel-telə qarışıb, üz qoşalaşıb.

Qazağın İncə dərəsindən olan bu şair necə də zərif yazıb.

Gəldiyim bu şəhər və görəcəyim işlər mənə hər şeyi unutdurmuşdu, bircə qəlbimi öz məngənəsinə alan məhəbbətdən başqa. Azacıq başım açılanda xoş və həsrətli xatirələr məni Vətənə aparırdı. Beləcə, ezamiyyəti başa vurub evə qayıtdım. Bilirsiniz  qəlbim necə həyəcanla döyünürdü. İşlərimi səhmana saldıqdan sonra onunla görüşmək qərarına gəldim. Təbiidir ki, indi onların evinə çəkinmədən getdim. Görüşərkən ilk sözləri belə oldu ki, sən əvvəlcədən dediyin kimi oldu. Qız ən yüksək bal toplayaraq, ən yaxşı fakültəyə daxil olmuşdur. Mən onu ürəkdən təbrik edərək dedim:

– Burada elə təəccüblü bir şey yoxdur, qız bilik və bacarığı ilə buna nail olub.

Qızın özü isə sadəcə olaraq sevincindən uçurdu. Doğurdan da bu  onun üçün həyatda ilk ən böyük uğur idi. Mən də onun qədər sevindim onun bu uğuruna. Qərara gəlmişdi ki, yataqxanada qalsın, arqumenti də belə idi ki, yataqxanada tələbə yoldaşları ilə qalmaq  oxumaq baxımından çox əhəmiyyətlidir. Həm də görünür sərbəst həyat daha çox ürəyinə yatırdı. Ev sahibi üzünü mənə tutaraq dedi:

– Sənin tanışların çoxdur, doktora (instituta təzəcə daxil olan gözəl qızı o belə adlandırırdı) yataqxanada yer almaq üçün köməklik göstərməyini xahiş edirəm. Bir də yadından çıxmasın, dərsliklərin tapılması. Bu barədə də çətinlik çəkir, elə bu işə də kömək edərsən.

Doğurdan da, o zaman bu institutda yataqxanada yer almaq çətin idi, həm də dərsliklər hamıya çatışmırdı. Lakin mənim bu institutla yüksək əlaqəm olduğundan, deyilənləri etmək iqtidarında idim. Bir də hər şey necə gözəl oldu, mənim bəxtim necə gətirdi, onun üçün nə isə edə bilmək fürsəti qazanmışdım.

Onun bütün istəklərini yerinə yetirdim. O, yataqxanada ən yaxşı yerlərdən birini və kitabxanadan dərsliklərin ən yaxşı formada olanlarını ala bildi.

Bu işlərin düzəlməsi onunla yaxından tanışlıq üçün bir açar rolunu oynadı. Artıq onunla istənilən vaxt asanlıqla görüşə bilmək imkanı qazanmışdım.

Bir növ özümü sakit hiss edirdim. Bu məhəbbət mənim mənəvi durumumu idarə olunmaz bir vəziyyətə gətirmişdi. Ağır və böyük təmkin tələb edən bir yolun başlanğıcında dayanmışdım. Hər zaman onunla görüşmək, danışmaq arzusu ilə alışıb-yanırdım. Öyrənə bildim ki, şəhər və institut həyatına çox tez uyğunlaşa bilmişdi. Fitri istedadı ona imkan verirdi ki, dərslərin öhdəsindən asanlıqla gələ bilsin. Yanvar ayında, I semestrin imtahanlarını verdi. Bu keçən zaman müddətində mənimçün nə qədər çətin və ağrılı olsa da, özümü təmkinli aparırdım, həm də o baxımdan ki, onun təhsil prosesinə əngəl yaratmaqdan ehtiyat edirdim. Onun ilk semestrdəki uğurları məni bir az cəsarətləndirdi və nə isə etmək istədim. Amma həqiqi məhəbbət insanı düşünülmüş, tədbirli, ağıllı hərəkətdən yayındıra bilir. Mən ancaq yataqxanada onunla tanış növbətçi qadın vasitəsilə birbaşa olmayan əlaqə saxlaya bilirdim. Dediyim kimi o, iki nəfərlik otaqda öz yaxın rəfiqəsi ilə yaşayırdı. Mən həmin qadın vasitəsilə bayramlarda və digər vaxtlarda ancaq qızılgüldən ibarət büketlər göndərə bilirdim onlara. Deyəsən onlar da buna adət etmişdi.

Tətildən sonra mən bir dəfə onunla guya bir təsadüf nəticəsində görüşə bildim. Biz söhbət etdik. Bu qısa zaman kəsiyində o,necə də dəyişmişdi; danışığı daha cazibədar, daha məntiqli və daha qətiyyətli olmuşdu. Ayrılarkən nazlana-nazlana:

  • Bilirəm ki, qızılgül büketlərini siz göndərirsiniz, qaytara bilərdim, amma…

Hər halda “sağ olun” – deyib ayrıldı.

Beləliklə, yaz semestri yaxınlaşırdı. Həyat öz axar-buxarı ilə davam edirdi, təkcə mənim bu dəlicəsinə məhəbbətimdən başqa.

Artıq qəti fikrə gəlmişdim, bu məsələ belə qala bilməz. Mənimçün bu nə deməkdir?! Özümdən narazı qalmışdım. Növbəti rastlaşmamız yazın sonlarında baş tutdu. Mən onu görüşməyə dəvət etdim. O, mehribanlıqla mənə baxıb:

  • Məqsədiniz nədir?! Qoy olsun – dedi.

Beləcə, razılaşdıq, gələn şənbə görüşməyi qərara aldıq. Dağüstü parkda görüşməyə vədələşdik, ayrıldıq. Mən necə də sevinirdim. Hər halda bu məsələyə aydınlıq gətirmək lazım idi.

Mən həyəcanla görüş gününü gözləməyə başladım, bu görüşmənin həyatımda dönüş nöqtəsi ola biləcəyindən çox narahat  idim.  Və nəhayət həmin gün gəlib yetişdi. Biz deyilən vaxt, deyilən yerdə görüşdük. Aman Tanrı, o, necə də gözəldi. Sadə formada, yüksək zövqlə geyinmişdi. Geyiminin rəngi yaponların zövqündə olan açıq rəngli və ürəyəyatan idi, hər şey yerli-yerində, rənglərin harmoniyası və bir-birini tamamlaması, əl çantasından tutmuş tuflilərə qədər hər şey bütöv bir tablo idi. Mən təbiətin bu nadir incisinə heyran qalmışdım. Həm də ona görə ki, bu cür məlahətli olmağı hardan və nə vaxt öyrənib. Bir-birimizə yaxınlaşdıq, həyəcanlı addımlarla. Birdən Tanrı ürəyimə bir təpər gətirdi, ani olaraq qətiyyətli olmaq qərarına gəldim.

O, məni təəccübləndirəcək qədər soyuqqanlılıqla çox sakit şəkildə görüşdü. Bunun özü də məni heyran qoymuşdu, bu nə deməkdir. Beləcə, söhbətə hal-əhval tutmaqdan başladıq, sonra dərslər, işlər barədə danışdıq. Gəzişə-gəzişə söhbət edirdik. O, necə də təmkinli, ölçülüb-biçilmiş şəkildə danışırdı.

Gəzintinin bir anında ayaq saxlayıb düz onun gözünün içinə baxaraq dedim:

– Gülər xanım (onun adı Gülər idi), bilirsiniz sizinlə görüşməkdə əsas məqsədim, sizə öz ürəyimi açmaqdır. Mən sizin simanızda beynimdə uzun illər ərzində yaratdığım qızı tapmışam. Əgər razı olsanız, nişanlanıb, sonra da evlənərdik.

Mən artıq rahatlaşmışdım, ən çətin addım artıq atılmışdı. Narahatlığım bircə dünyada hamıdan çox istədiyim bu ülvi varlığı incitməkdən qorxu hissi idi.

Biz addımlarımızı dayandıraraq yerimizdə donub qalmışdıq. Əlbəttə, qəribə olsa da, mən daha çox. Beləcə, xeyli sakit dayandıqdan sonra ilk dəfə olaraq o, danışmağa başladı. Bu an şairin dediyi aşağıdakı misralar yadıma düşdü:

İncə, zərif bir gül nəm ilə yaşar,

Polad nəmdən qorxub dirilik istər.

Sizə demək istəyirəm ki, sükutu ilk olaraq, dünya görmüş bir kişi olan mən yox, o, “incə, zərif bir gül” poza bildi. Sakit və aramla, çox sərbəst şəkildə dedi:

– Elə ilk gündən siz mənim düşüncəmdə, hisslərimdə dərin rəğbət oyatmışdınız, sonra bu hisslər sürətlə dəyişməyə başladı və mən elə bil ki, sizdən ötrü darıxırdım. Sonra hiss etdim ki, siz mənim qəlbimdə özümdən asılı olmayaraq möhkəm bir yer tutmusunuz. Aramızda olan 5 yaş fərqi məni zərrə qədər narahat etmir. Mənim atamla anamın arasındakı yaş fərqi bundan bir az artıq olmağına baxmayaraq, onlar bir-birini çox sevirlər. Çox mehriban ailəmiz var. Ağlım kəsəndən elə başa düşürəm ki, kişinin yaşının bir az çox olması müsbət haldır. Tanıdığım həmyaşıd cavanların ailəsində həmişə söz-söhbət daha çox olur. Amma bizim ailəmizi tanışlar, qohumlar hamısı həmişə nümunə göstərir.

Birdən kövrəldi, danışığını kəsdi, qara gözlərindən axan 2 damla yaş yanaqlarında ilişib qalmışdı. Allahım, bu nə mənzərə,  bu nə haldır. Bu nə deməkdir, 18 yaşında bir qızın ağlı, mühakiməsi, dünyagörmüş ağbirçək ağıllı qadınlarda ola biləcək səviyyədədir. Bəs gözəllik?!. Mən sizə əvvələdən demişəm Allahın yaratdığı gözəlliyi heç bir rəssam, pedaqoq, müəllim yarada bilməz.

Mən tez mövzunu dəyişdim, biz yavaş-yavaş gəzməyə başladıq. Dağüstü park yaz vaxtı necə gözəl idi, burada güllər, çiçəklər açmışdı, onlar süni olsa da yüksək zövqlə sıralanmış, dekorativ ağaclarla bir-birini necə tamamlayırdı. Bu gün buralar daha gözəl görünürdü mənə, dünya necə gözəldir, deyə mən düşünürdüm. Ağaclar, çiçəklər, quşlar hamısı məni təbrik edirdi. Azman sənətkarımız Rəşid Behbudovun “Bəxtiyar” filmində çəkildiyi mənzərədə olduğu kimi. Onun şəlalələr qədər gurultulu, bulaqlar qədər pıçıltılı zərif zənguləsi qulağımda səslənirdi:

Nə gözəlsən bu axşam sən…

Mən elə bəxtəvər idim ki… Necə olmuşdu ki, göydə gəzən ayı yerdə tapa bilmişdim. Bir az gəzəndən sonra getmək qərarına gəldik. Rəşidsayağı pilləkanlarla parkın aşağı qapısına enməyə başladıq. Mən ixtiyarsız olaraq onun əlini tutdum, o əlini çəkmədi və beləcə parkın qapısına çatdıq. O vaxtlar “Volqa” minik avtomobillərinin təzə çıxan və dəbdə olan vaxtları idi. Maşınların qabaq tərəfində havada uçan ceyranın kiçicik fiquru var idi. Bunu sanki ilk dəfə görürdüm:

Yerdən ayağını quş kimi üzüb……

Baş alıb gedirsən, hayana ceyran.

Elə bil bu ceyran da məni təbrik edirdi.

Tez belə bir taksi saxlatdım, əyləşib yataqxanaya sarı üz tutduq. Taksi asfalt yolla şütüdükcə, sanki  havada uçan, taksinin qabağına bərkidilmiş ceyran deyil, mən idim. Sağollaşmadan qabaq yenidən görüşməyimizi qərarlaşdırdıq. Ayrılarkən o, məni məlahətli baxışlarla süzüb dedi:

  • Mənim oxumağıma mane olacaq qədər yox, hərdən bir görüşmək olar.

Ondan ayrıldıqdan sonra yaşadığım yerə piyada gəldim. Ətrafda baş verənlər elə sürərlə olmuşdu ki, mən hələ də özümə gələ bilməmişdim. İndi isə rahat fikirləşə bilərəm. Taleyin mənə bəxş etdiyi bu xoşbəxtlikdən məst olmuşdum, daha heç nə düşünmək istəmirdim. Beləcə xoşbəxt günü başa vurdum.

Sonra isə biz vaxtaşırı görüşürdük. Şən və qayğısız söhbətlərimiz olurdu bu görüşlərdə. O, dərslərindən danışırdı, onlara dərs verən görkəmli alimlərdən elə həvəslə danışırdı ki, adam qibtə edirdi. Onların hər birinin dəyərini necə zərgər dəqiqliyi ilə verə bilirdi. Yay tətili başladı, praktikadan sonra o, rayona getdi, mən isə öz işlərimlə məşğul olurdum, necə darıxdığımı təsəvvür edirsinizmi.

Nəhayət mənimçün üzücü olan tətil bitdi. O, yenidən gəldi, görüşdük. Rayonun təmiz havası onu daha da gözəlləşdirmişdi (bəlkə də mənə belə gəlirdi). Biz dərslərə ziyan gətirməmək şərtini gözləməklə görüşürdük. Hərdən bir yeni filmlərə baxırdıq. O zaman təzə filmlər ancaq kinoteatrlarda göstərilirdi. Görüşlər zamanı gələcək planlarımızı da müzakirə edirdik. Biz artıq ikinci kursdan sonra nişanlanmağı qərara almışdıq. Hələlik hər şey gizli idi. Fikirləşirdik ki, məsələni açıq formaya keçirək… Həyatımın ən xoşbəxt anlarını yaşayırdım.

Bir dəfə görüş zamanı o, dedi ki, bizim məhəbbətimiz kiminsə məhəbbətini xatırladır. Dedim:

–Yox gülüm, bizim məhəbbətimiz heç kimin məhəbbətini xatırlatmır. O, bizim öz məhəbbətimiz, ancaq öz məhəbbətimizdir. Hesab edirəm ki, məhəbbət barmaq izi kimidir. Dünyada nə qədər insan cütlüyü varsa, o qədər də bir-birinə bənzəməyən məhəbbət vardır…

Birdən…. qəflətən, onun II kursunun axırına yaxın, mənim xidməti işlərimlə əlaqədar olaraq, Sovetlər Birliyinin uzaq bir şəhərinə təcili olaraq gizli bir səfərə getməli olmağımı dedilər. Bir neçə saatdan sonra uçan reyslə getməliydim. Dedilər ki, bu səfər ancaq bir həftə çəkəcək. Fikirləşdim ki, bu barədə onu narahat etməyim, bir də vaxt elə dar idi ki, bunu heç edə də bilməzdim, çünki bu səfər çox gizli səfər idi.

Əvvəl qeyd etdiyim kimi, belə səfərlər məndə hərdən bir olurdu. Qohumlarım, dostlarım buna vərdiş etmişdilər. Birdən qeyb olurdum, birdən də üzə çıxırdım. Bir həftəlik ezamiyyət çox uzun çəkdi. Sonrakı düyünlər məni 5 il ərzində üzə çıxmaqdan məhrum etdi. Mən bunu sizə incəlikləri ilə danışmaq istəmirəm, əziz uşaqlar (həmsöhbətlərinə o, həmişə belə müraciət edirdi), bu maraqsız cansıxıcı əhvalatları danışmağa dəyməz. Mən üzə çıxarkən artıq hər şey dəyişmişdi. Sonradan məlum oldu ki, o, pünhan olaraq məni çox axtarıb, lakin heç bir məlumat ala bilmədiyindən çox pis hala düşüb. Sonra necə deyərlər hər işin dərdinə əlac tapılır, keçirdiyi psixoloji sarsıntıdan özünə gəldiyini öyrənə bilmişdim. Lakin bir mahnıda deyildiyi kimi:

Hər yara sağalar unudulanda,

Sağalmaz yarası ilk məhəbbətin.

Bu mahnını görkəmli kaman ustası, muğam bilicimiz Habil Əliyev bəstələyib, sözləri isə Süleyman Rüstəmindir. Axı Habil Əliyev bəstəçi deyildir. Nə olsun ki, yaxşı mahnılarımızın, özəlliklə məhəbbət mahnılarımızın çoxunu həvəskar bəstəçilər: Əlibaba Məmmədəv, Arif Babayev, Ələkbər Tağıyev bəstələyib. Hamı bu mahnıları sevə-sevə dinləyir…

İnstitutu bitirdikdən sonra təyinatla doğulduğu rayona gedən Gülər orada həkimliyə başlamış və çox məhşurlaşmışdı. Müəyyən vaxtdan sonra ailə qurmuşdu.

Mən onun yoluna çıxmamaq, yenidən onun həyatını korlamamaq üçün onun gözünə görünməmək qərarına gəlmişdim və belə də etdim. Mən onun üçün artıq yox idim…

Sonradan mən də layiqli bir xanımla ailə qurdum,  uşaqlarımız oldu. Çox yaxşı bir ailəyə sahib oldum.  Bütün bunlara baxmayaraq onu heç vaxt unuda bilmirdim. Bəzən saatlarla oturub onun xəyalına dalırdım, həyatsa davam edirdi…

Çox-çox sonralar,  bir yaxın dostumun atasının yasına getmişdim. O, yasa gələn yaxın adamlarını öz həyət evində qəbul edirdi. Həmin gün dar çərçivədə yaxın adamları yığılmışdıq. Çay içib müxtəlif söhbətlər edir, rəhmətə gedəni yad edirdik.

Çay gətirən, qulluq edənlər evin öz adamları idi. Birdən məni elə bil elektrik cərəyanı vurdu, az qaldım  şoka düşəm. Çay gətirən qız Gülər idi! Yox bu ola bilməz, mən dəli olurdum deyəsən! Ətrafdakıların diqqətindən yayınmağa çalışaraq, bir təhər özümü ələ almağa çalışdım. Nə baş verir ətrafda, başa düşə bilmirdim. Mən yuxarıda dediyim kimi möcüzəyə inanmıram. Amma deyəsən həqiqətən möcüzə baş vermişdi.  Bizi ayıran zaman məni zahirən  dəyişmiş, ona isə qətiyyən toxunmamışdı; 50 il əvvəl ayrılanda necə görmüşdümsə, eləcə də qalmışdı.  Ev sahibi mənim əhvalımın pozulduğunu görüb:

  • Qardaş, sənə nə oldu? Rəngin, ruhun lap dəyişdi, özünü necə hiss edirsən,

bəlkə həkim çağıraq? – dedi.

Mən başımın işarəsi ilə yox dedim. Özümə gələnə qədər bir xeyli vaxt keçdi. Adamların çoxu  artıq dağılışıb getmişdi. Bir təhər özümü toparlayıb ev yiyəsindən soruşdum:

–  Bizə çay gətirən xanım kim idi, o mənə yaman tanış gəlir.

Ev yiyəsinin xanımı dedi:

– Bu bizim gəlinimizdir. Moskvada yaşayan qohumumuzun həyat yoldaşıdır. Yasla əlaqədar olaraq bizə gəliblər. Lap yaxınlarda evləniblər. Nəyə görə soruşdunuz? Gəlinimizin valideynləri uzaq dağ rayonununda yaşayırdılar. Onun anası həmin rayon mərkəzində işləyirdi. Çox məşhur həkim idi. Həm xarici görünüşünə, həm bir insan, həm də sənətkar kimi olduqca gözəl bir qadın idi. O, bunlarla bərabər nümunəvi bir həyat yoldaşı və ana idi. Amma  deyirlər ki, onun sağalmaz bir dərdi var imiş və bunu heç kəsə demirmiş. Qəflətən ürək tutmasından vəfat etmişdir. Gəlinimiz Vəfa həm xarici görünüşünə, həm də xasiyyətinə görə anası Gülərə çox bənzəyir…

O, daha nəsə danışırdı, amma mən heç nə eşitmirdim…..

***

O, beləcə öz məhəbbət hekayəsini bitirdi. Kiçik bir fasilədən sonra hotelin həyətində Aygün Bayramovanın ifasında  “İlk məhəbbət” mahnısının həzin sədaları eşidilməyə başladı. Hiss olunurdu ki, bu musiqini, onun cavan həmsöhbtləri qoşub, sakitcə uzaqlaşmışdılar. Mahnı isə gecə saat ikidə bütün ətrafa səs salırdi:

Bu dərdə neynəsin loğmanın əli?!

Əlimə dəyməmiş cananın əli.

Döydü qapımızı hicranın əli,

Budurmu  vəfası ilk məhəbbətin?!

O, isə yerində oturaraq donmuşdu.

 

Bakı şəhəri, 01.08.2020-ci il

Eldar Məmmədbəyli