Kədərlə dolu bir ilk məhəbbət

99

Azərbaycanın Şimal-Qərb rayonlarının birinə qısa müddətli istirahətə gəlmiş bir necə gənclə bir nəfər nisbətən yaşlı, müdrik ağsaqqal arasında yüksək koloritli söhbət gedirdi. Yayın ilk ayı idi. Bu zamanlar həmin səfalı rayonların füsunkar təbiəti öz gözəlliyinin pik nöqtəsinə  çatır. Onlar da təbiətin bu gözəl guşəsində yerləşən yuksək səviyyəli istirahət mərkəzlərinin birində, hər tərəfi yaşıllığa bürünmüş bisedkada oturaraq, çox şirin söhbət edirdilər.

(Əvvəli ötən saylarımızda)

Mən elə bəxtəvər idim ki… Necə olmuşdu ki, göydə gəzən ayı yerdə tapa bilmişdim. Bir az gəzəndən sonra getmək qərarına gəldik. Rəşidsayağı pilləkanlarla parkın aşağı qapısına enməyə başladıq. Mən ixtiyarsız olaraq onun əlini tutdum, o əlini çəkmədi və beləcə parkın qapısına çatdıq. O vaxtlar “Volqa” minik avtomobillərinin təzə çıxan və dəbdə olan vaxtları idi. Maşınların qabaq tərəfində havada uçan ceyranın kiçicik fiquru var idi. Bunu sanki ilk dəfə görürdüm:

Yerdən ayağını quş kimi üzüb……

Baş alıb gedirsən, hayana ceyran.

Elə bil bu ceyran da məni təbrik edirdi.

Tez belə bir taksi saxlatdım, əyləşib yataqxanaya sarı üz tutduq. Taksi asfalt yolla şütüdükcə, sanki  havada uçan, taksinin qabağına bərkidilmiş ceyran deyil, mən idim. Sağollaşmadan qabaq yenidən görüşməyimizi qərarlaşdırdıq. Ayrılarkən o, məni məlahətli baxışlarla süzüb dedi:

  • Mənim oxumağıma mane olacaq qədər yox, hərdən bir görüşmək olar.

Ondan ayrıldıqdan sonra yaşadığım yerə piyada gəldim. Ətrafda baş verənlər elə sürərlə olmuşdu ki, mən hələ də özümə gələ bilməmişdim. İndi isə rahat fikirləşə bilərəm. Taleyin mənə bəxş etdiyi bu xoşbəxtlikdən məst olmuşdum, daha heç nə düşünmək istəmirdim. Beləcə xoşbəxt günü başa vurdum.

Sonra isə biz vaxtaşırı görüşürdük. Şən və qayğısız söhbətlərimiz olurdu bu görüşlərdə. O, dərslərindən danışırdı, onlara dərs verən görkəmli alimlərdən elə həvəslə danışırdı ki, adam qibtə edirdi. Onların hər birinin dəyərini necə zərgər dəqiqliyi ilə verə bilirdi. Yay tətili başladı, praktikadan sonra o, rayona getdi, mən isə öz işlərimlə məşğul olurdum, necə darıxdığımı təsəvvür edirsinizmi.

Nəhayət mənimçün üzücü olan tətil bitdi. O, yenidən gəldi, görüşdük. Rayonun təmiz havası onu daha da gözəlləşdirmişdi (bəlkə də mənə belə gəlirdi). Biz dərslərə ziyan gətirməmək şərtini gözləməklə görüşürdük. Hərdən bir yeni filmlərə baxırdıq. O zaman təzə filmlər ancaq kinoteatrlarda göstərilirdi. Görüşlər zamanı gələcək planlarımızı da müzakirə edirdik. Biz artıq ikinci kursdan sonra nişanlanmağı qərara almışdıq. Hələlik hər şey gizli idi. Fikirləşirdik ki, məsələni açıq formaya keçirək… Həyatımın ən xoşbəxt anlarını yaşayırdım.

Bir dəfə görüş zamanı o, dedi ki, bizim məhəbbətimiz kiminsə məhəbbətini xatırladır. Dedim:

–Yox gülüm, bizim məhəbbətimiz heç kimin məhəbbətini xatırlatmır. O, bizim öz məhəbbətimiz, ancaq öz məhəbbətimizdir. Hesab edirəm ki, məhəbbət barmaq izi kimidir. Dünyada nə qədər insan cütlüyü varsa, o qədər də bir-birinə bənzəməyən məhəbbət vardır…

Birdən…. qəflətən, onun II kursunun axırına yaxın, mənim xidməti işlərimlə əlaqədar olaraq, Sovetlər Birliyinin uzaq bir şəhərinə təcili olaraq gizli bir səfərə getməli olmağımı dedilər. Bir neçə saatdan sonra uçan reyslə getməliydim. Dedilər ki, bu səfər ancaq bir həftə çəkəcək. Fikirləşdim ki, bu barədə onu narahat etməyim, bir də vaxt elə dar idi ki, bunu heç edə də bilməzdim, çünki bu səfər çox gizli səfər idi.

Əvvəl qeyd etdiyim kimi, belə səfərlər məndə hərdən bir olurdu. Qohumlarım, dostlarım buna vərdiş etmişdilər. Birdən qeyb olurdum, birdən də üzə çıxırdım. Bir həftəlik ezamiyyət çox uzun çəkdi. Sonrakı düyünlər məni 5 il ərzində üzə çıxmaqdan məhrum etdi. Mən bunu sizə incəlikləri ilə danışmaq istəmirəm, əziz uşaqlar (həmsöhbətlərinə o, həmişə belə müraciət edirdi), bu maraqsız cansıxıcı əhvalatları danışmağa dəyməz. Mən üzə çıxarkən artıq hər şey dəyişmişdi. Sonradan məlum oldu ki, o, pünhan olaraq məni çox axtarıb, lakin heç bir məlumat ala bilmədiyindən çox pis hala düşüb. Sonra necə deyərlər hər işin dərdinə əlac tapılır, keçirdiyi psixoloji sarsıntıdan özünə gəldiyini öyrənə bilmişdim. Lakin bir mahnıda deyildiyi kimi:

Hər yara sağalar unudulanda,

Sağalmaz yarası ilk məhəbbətin.

Bu mahnını görkəmli kaman ustası, muğam bilicimiz Habil Əliyev bəstələyib, sözləri isə Süleyman Rüstəmindir. Axı Habil Əliyev bəstəçi deyildir. Nə olsun ki, yaxşı mahnılarımızın, özəlliklə məhəbbət mahnılarımızın çoxunu həvəskar bəstəçilər: Əlibaba Məmmədəv, Arif Babayev, Ələkbər Tağıyev bəstələyib. Hamı bu mahnıları sevə-sevə dinləyir…

İnstitutu bitirdikdən sonra təyinatla doğulduğu rayona gedən Gülər orada həkimliyə başlamış və çox məhşurlaşmışdı. Müəyyən vaxtdan sonra ailə qurmuşdu.

Mən onun yoluna çıxmamaq, yenidən onun həyatını korlamamaq üçün onun gözünə görünməmək qərarına gəlmişdim və belə də etdim. Mən onun üçün artıq yox idim…

Sonradan mən də layiqli bir xanımla ailə qurdum,  uşaqlarımız oldu. Çox yaxşı bir ailəyə sahib oldum.  Bütün bunlara baxmayaraq onu heç vaxt unuda bilmirdim. Bəzən saatlarla oturub onun xəyalına dalırdım, həyatsa davam edirdi…

Çox-çox sonralar,  bir yaxın dostumun atasının yasına getmişdim. O, yasa gələn yaxın adamlarını öz həyət evində qəbul edirdi. Həmin gün dar çərçivədə yaxın adamları yığılmışdıq. Çay içib müxtəlif söhbətlər edir, rəhmətə gedəni yad edirdik.

Çay gətirən, qulluq edənlər evin öz adamları idi. Birdən məni elə bil elektrik cərəyanı vurdu, az qaldım  şoka düşəm. Çay gətirən qız Gülər idi! Yox bu ola bilməz, mən dəli olurdum deyəsən! Ətrafdakıların diqqətindən yayınmağa çalışaraq, bir təhər özümü ələ almağa çalışdım. Nə baş verir ətrafda, başa düşə bilmirdim. Mən yuxarıda dediyim kimi möcüzəyə inanmıram. Amma deyəsən həqiqətən möcüzə baş vermişdi.  Bizi ayıran zaman məni zahirən  dəyişmiş, ona isə qətiyyən toxunmamışdı; 50 il əvvəl ayrılanda necə görmüşdümsə, eləcə də qalmışdı.  Ev sahibi mənim əhvalımın pozulduğunu görüb:

  • Qardaş, sənə nə oldu? Rəngin, ruhun lap dəyişdi, özünü necə hiss edirsən,

bəlkə həkim çağıraq? – dedi.

Mən başımın işarəsi ilə yox dedim. Özümə gələnə qədər bir xeyli vaxt keçdi. Adamların çoxu  artıq dağılışıb getmişdi. Bir təhər özümü toparlayıb ev yiyəsindən soruşdum:

–  Bizə çay gətirən xanım kim idi, o mənə yaman tanış gəlir.

Ev yiyəsinin xanımı dedi:

– Bu bizim gəlinimizdir. Moskvada yaşayan qohumumuzun həyat yoldaşıdır. Yasla əlaqədar olaraq bizə gəliblər. Lap yaxınlarda evləniblər. Nəyə görə soruşdunuz? Gəlinimizin valideynləri uzaq dağ rayonununda yaşayırdılar. Onun anası həmin rayon mərkəzində işləyirdi. Çox məşhur həkim idi. Həm xarici görünüşünə, həm bir insan, həm də sənətkar kimi olduqca gözəl bir qadın idi. O, bunlarla bərabər nümunəvi bir həyat yoldaşı və ana idi. Amma  deyirlər ki, onun sağalmaz bir dərdi var imiş və bunu heç kəsə demirmiş. Qəflətən ürək tutmasından vəfat etmişdir. Gəlinimiz Vəfa həm xarici görünüşünə, həm də xasiyyətinə görə anası Gülərə çox bənzəyir…

O, daha nəsə danışırdı, amma mən heç nə eşitmirdim…..

***

O, beləcə öz məhəbbət hekayəsini bitirdi. Kiçik bir fasilədən sonra hotelin həyətində Aygün Bayramovanın ifasında  “İlk məhəbbət” mahnısının həzin sədaları eşidilməyə başladı. Hiss olunurdu ki, bu musiqini, onun cavan həmsöhbtləri qoşub, sakitcə uzaqlaşmışdılar. Mahnı isə gecə saat ikidə bütün ətrafa səs salırdi:

Bu dərdə neynəsin loğmanın əli?!

Əlimə dəyməmiş cananın əli.

Döydü qapımızı hicranın əli,

Budurmu  vəfası ilk məhəbbətin?!

O, isə yerində oturaraq donmuşdu.

Eldar Məmmədbəyli

Bakı şəhəri, 01.08.2020-ci il