Jurnalist Heydər Oğuzu 24-cü polis bölməsinin əməkdaşları saxladı – VİLAYƏT EYVAZOVUN GÖSTƏRİŞİ OLDUĞUNU DEDİLƏR

270

Ovqat.com-un baş redaktoru Heydər Oğuz Nizami rayonu, 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Hurriyyet.org-a jurnalistin özü bildirib:

“Məni “Neftçilər” metrosunun yaxınlığında, Nizami rayonun, 24-cü polis bölməsinin əməkdaşları saxlayaraq, polis bölməsinə aparıb. 24-cü polis bölməsinin sahə rəisi, polis mayoru Şamil Məmmədov polis səlahiyyətlərini aşaraq, mənə qanundan kənar sözləri məcburi şəkildə yazdırmaq istəyir. Polis əməkdaşı bildirir ki, ona şəxsən Vilayət Eyvazov göstəriş verib”.

Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi Elaşad Hacıyevlə əlaqə saxlamağımızı bildirdi. Daha sonra, BŞBPİ-nin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə əlaqə saxlamalı olduq. Elşad Hacıyev də məsələdən xəbərsiz olduğunu, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxlamağımızı istədi. Bu dəfə Ehsan Zahidov özü bizimlə əlaqə saxlayaraq, jurnalistin saxlanılma səbəbini araşdırdığını bildirib. O, jurnalistin karantin qaydalarını pozduğunu və polis əməkdaşının maskadan istifadə etmək tələbinə  aqressiv cavab verdiyini deyib. Ona görə də o, bölməyə dəvət olunub və xəbərdarlıq olunduqdan sonra buraxılıb.

YƏHYA