Jerar Depardye Rusiyada ilk restoranını açır

4

Məşhur fransız aktyoru Jerar Depardye Rusiyada ilk restoranını açacaq.

Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə aktyorun vəkili Yuri Mosman məlumat verib.

Vəkilin sözlərinə görə aktyorun açacağı restoran Novosibirskdə olacaq.

Vəkil həmçinin qeyd edib ki, aktyora məxsus Novosibirskdə fəaliyyət göstərən “Fransa dadı” adlı şirkətinin pandemiya səbəbindən bağlandığı haqda xəbərlər doğru deyil: “Bu şirkət hüquqi məsələlər baxmından əlverişsiz olduğu üçün bağlanıb”.

Xatırladaq ki, dünyaca məşhur fransız aktyoru Jerar Depardye 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bu ölkənin vətəndaşlığını alıb. Bundan sonra aktyor Saranskda qeydiyyatdan keçsə də bir müddət Rusiyadan kənarda yaşamağa davam edib. Yalnız 2018-ci ildə Rusiyaya gələrək mədəniyyət və biznes layihələri üzərində işləməyi planlaşdırdığı Novosibirskdə yaşayış icazəsi alaraq, orada yaşamağa başlayıb.

Xalidə Gəray
Musavat.com