İvanişvili siyasətdən niyə getdi? – “Saakaşvili ilə düşmənçilik Gürcüstanda siyasi tıxaca çevrilmişdi…”

564

Milyarder 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olmiş Bdzina İvanişvili hakim “Gürcü arzusu” partiyasının liderliyindən və siyasətdən getdiyini açıqlayıb. Qeyd edək ki, o, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib.

İvanişvili siyasətdən getdiyini yaydığı açıq məktub vasitəsi ilə bildirib. Milyarder missiyasının başa çatdığını vurğulayıb. O, bundan sonra yalnız öz şəxsi işləri ilə məşğul olacağını deyib.

İvanişvilini İrakli Kobaxidzenin əvələyəcəyi gözlənilir. Qeyri-rəsmi məlumatlara əsasən, partiya rəhbərliyində sədrliyin icraçı katib olan İ.Kobaxidzeyə verilməsi barədə qərar artıq qəbul edilib.

Yeni sədrin yaxın günlərdə seçiləcəyi gözlənilir.

Milyarderin bu qərarı rezonans doğurub və geniş müzakirələr aparılır. Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, İvanişvilinin bu qərarı ölkədə siyasi böhranın yarandığı dövrə təsadüf edir.

“Müxalifət parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını söyləyərək qazandığı mandatlardan imtina edib. Son seçkilərin rəsmi nəticələrinə əsasən iqtidar partiyası 90, müxalifət 60 yer əldə edib. ABŞ və Avropa Birliyi səfirlərinin vasitəçiliyi ilə böhrandan çıxmaq üçün tərəflər arasında dialoq aparılır. Lakin Qərblə müxalifət arasında da mövqe fərqləri var. Qərb onları parlamentə gedərək mübarizəni orada davam etdirməyə çağırdığı halda, müxalifət yeni seçki tələb edir”-deyə ekspert vurğulayıb.

Ş. Cəfərli qeyd edib ki, İvanişvilinin öz qərarında nə dərəcədə səmimi olduğu çox önəmlidir: “Çünki o, daha əvvəl də baş nazir vəzifəsindən və “Gürcü Arzusu” liderliyindən istefa versə də, partiyanı və ölkəni pərdə arxasından idarə etməyə davam etmişdi. Əgər İvanişvili doğrudan da siyasətdən tamamilə çəkilirsə, onda bu amilin Gürcüstanda siyasi proseslərin axarına çox ciddi təsiri olacaq.

Bu halda siyasi böhrandan çıxmaq da asanlaşacaq, ən əvvəl ona görə ki, Gürcüstan müxalifəti ən güclü müxalif partiyanın lideri kimi Saakaşvilinin adı ilə assosiasiya olunur – hər nə qədər Vahid Milli Hərəkat xaricindəki müxalifət bunu istəməsə də Saakaşvili faktoru qarşısında geri addım atmaq təkcə siyasi baxımdan deyil, psixoloji olaraq da İvanişvili üçün problem idi. Bu iki şəxsin rəqabəti və düşmənçiliyi Gürcüstanın inkişafı önündə bir tıxaca çevrilmişdi, Qərb də bu durumdan narahat idi”.

Siyasi təhlilçi hesab edir ki, İvanişvili istefasında səmimidirsə, bu tıxac açılmış olur: “Güman edirəm ki, Saakaşvilinin fürsətçilik etməsinə və bu durumdan fərd olaraq öz siyasi məqsədləri üçün yararlanmasına da imkan verilməyəcək”.

“AzPolitika.info”