“İvanişvili öz əhalisinə konstitusion müharibə elan etdi”

66

Azər Süleymanov: ““Gürcü Arzusu” güc yolu ilə özünə dövlət qurmaq istəyir, Gürcüstan əhalisi İvanişviliyə bunu bağışlaya bilməz”

“Açıq deyə bilərəm ki, Qərb və ABŞ istəyir ki, insanlar İvanişvili hökumətinə qarşı küçələrə çıxsın”

 “Saakaşvili hazırda Gürcüstana hava-su kimi lazımdır. O, yeganə adamdır ki, ölkəni bu günki böhrandan çıxara bilər”

“Artıq heç kim parlamentə getmək niyyətində deyil. Müxalifət yekdilliklə mandatdan imtina edib. Yenidən seçki tələb edirik. Yalnız buna razı ola bilərik. Gürcüstanda yenidən seçki keçirilməlidir”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri günü idi və bu seçkilər əvvəlkindən fərqli oldu. Bu dəfəki seçkilər həm birləşmiş müxalifətin etiraz aksiyaları ilə, həm də soydaşlarımızın iqtidardakı, İvanişviliyə bağlılığı məlum olan “Gürcü Arzusu” Partiyasına yox, müxalifətə kütləvi şəkildə səs verməsi ilə müşayiət olundu. Bu barədə Saakaşvilinin yaradıcısı olduğu Milli Hərəkat Partiyasının üzvü olan soydaşımız Azər Süleymanovun fikirlərini öyrəndik.

– Azər bəy, sizin təmsil etdiyiniz Milli Hərəkat Partiyası və digər müxalif partiyalar mandatdan imtina edərək, seçkilərin nəticələrini tanımadıqlarını bəyan etdilər. İlk olaraq bilmək istərdik ki, bu zərurət haradan yarandı?

– Açıq demək olar ki, Gürcüstanda seçki getmədi. ”Gürcü Arzusu” Partiyası – Gürcüstanı qeyri-formal idarə edən Bidzina İvanişvili öz əhalisinə konstitusion müharibə elan etdi. Seçkilər təzyiqlər altında keçirildi. Eləl bir məntəqə yox idi ki, orada təzyiqlər, saxtakarlıqlar olmasın. “Exit poll”un nəticələrinə, həmçinin seçkinin axşam saat 8-ə olan nəticələrinə görə, birləşmiş müxalifət partiyalarının nəticələri 57%-dən yuxarı idi. Elə bir məntəqə yox idi ki, orada müxalifət qalib olmasın. Amma çox təəssüf ki, “Gürcü Arzusu” tərtib etdikləri saxta, yalan protokollarla qalib gəlmək istəyir.

Mən sizə bir faktı açıqlayım ki, axşam saat 8-də məntəqələr bağlanandan sonra, elə mənim də namizəd olduğum bölgələr də daxil olmaqla, müxalifət partiyaları ilə bağlı bütün Gürcüstan üzrə protokollarda bir rəqəm göstərilibsə, axşam seçki komissiyasının müdaxiləsi ilə o rəqəmlər dəyişdirilib. Hər məntəqəyə 100-200 səs əlavə olunub. Protokollarda imzalar belə yoxdur. Bütün Gürcüstan ərazisində – Batumidə, Kutaisidə, Rustavidə etiraz aksiyaları keçirilib. Artıq heç kim parlamentə getmək niyyətində deyil. Müxalifət yekdilliklə mandatdan imtina edib. Yenidən seçki tələb edirik. Yalnız buna razı ola bilərik. Gürcüstanda yenidən seçki keçirilməlidir. Əgər hökumət buna getməsə, bazar günü ayın 8-i saat 3-də 100 mindən artıq insan Tiflisdə, Rustaveli küçəsində toplaşacaq. Parlament binası önündə etiraz aksiyası keçiriləcək. Dövlət yeni seçki qərarı verənə kimi aksiyamız davam edəcək.

– Müxalifətin seçkiləri boykot etməsinin ardından etiraz aksiyasının keçiriləcəyini bildirirsiniz? Aksiyanın əsas şüarı nə olacaq?

– Tələbimiz yenidən parlament seçkisinin keçirilməsidir. Biz ikinci tura qalmışdıq. Amma heç kim ikinci tura girmir. Azsaylı partiyalar da 2-3 nəfərlik mandat qazanmışdılar. Onlar da mandatdan imtina etdilər. Ən çox mandatı bizim partiya – Milli Hərəkat Partiyası 34 yer olmaqla qazanmışdı. Hamımız o mandatlardan imtina etmişik. Dediyim kimi, müxalifət ikinci tura getməyəcək. Müxalifət birləşib koalisiya hökuməti quracaqdı. “Gürcü Arzusu”- İvanişvili də bunu gözəl bilirdi ki, müxalifətin Birləşmiş Koalisiya Hökuməti onun hökumətini bitirəcək. Hökumət bilirdi ki, Rusiya oliqarxı İvanişvilinin partiyasının ömrü bitmək üzrədir. Əhali İvanişvilinin komandasını istəmir. “Gürcü Arzusu” güclə özünə dövlət qurmaq istəyir. Gürcüstan əhalisi İvanişviliyə bunu bağışlaya bilməz. Hər birimiz səsimizi onların getməsi üçün verəcəyik. Sizi inandırım ki, yeni seçki də hər kəs üçün əlverişli olacaq. “Gürcü Arzusu” bu ayın axırına qədər müxalifətdə olacaq.

– Necə düşünürsünüz, İvanişvili hökumətinin addımları necə olacaq. Yeni seçkilərin baş tutmasına imkan verəcəklərmi və sonrakı prosesləri necə görürsünüz?

– Hökuməti quran millətdir. Dövlət əhalinin səsini eşitməlidir. Əhalinin səsini eşitməyib, mövqeyini nəzərə almasalar, insanlar parlament binasının önündəki mitinqləri, piketləri imkan verməyəcək ki, onlar icas keçirsinlər. Beləliklə, etiraz edən əhalinin sayı 100 min nəfərlə başlayacaqsa, 200 minlə davam edəcək. Bütün regionlar bu aksiyalara qoşulacaqlar. Dövlət məcbur olacaq bu addımı atmağa, çünki bu gün Gürcüstanda qeyri-legitim hökumət var. Bu seçkiləri uduzublar, qazanmayıblar. Dövləti idarə etməyə niyyətləri olmamalıdır. Gürcüstan əhalisi buna imkan verməyəcək.

– Azər bəy, Saakaşvilinin son anda ona təklif olunan baş nazir postundan imtina etməsi müxalifətdən incikliyinin nəticəsidir, ya hökumətə etirazın nümayişi idi?

– Yox, ölkədə onu sevənlər kimi sevməyənlər də var. Saakaşvili Gürcüstanda heç bir post uğrunda mübarizə aparmır. O müxalifətin birləşməsi naminə bu addımı atmaqla bildirmək istədi ki, yəni “mən heç bir post uğrunda mübarizə aparmıram. Apardğım mübarizə yalnız Gürcüstan və onun inkşafı üçündür”. Əgər hansısa partiyalar onu istəmirlərsə… Bizdən ayrılan müxalifət partiyaları da var ki, Saakaşvilinin baş nazir olmasını istəmirlər. Amma bunu gələcək göstərəcək. Gürcüstan hal-hazırda birləşməlidir, mübarizə aparmalıdır. Gürcüstan əhalisi səsini qorumalıdır. Saakaşvilinin bu addımı da hər bir partiya tərəfindən alqışlanıb. O da sıravi bir gürcüstanlı kimi deyir ki, səsimizi qoruyaq, ölkəmizi qoruyaq.

– Baş verənlərə əsasən deyə bilərik ki, ABŞ və Qərb Gürcücstanda rusyönümlü hakimiyyəti dəyişmək üçün rəngli inqilablara yox, parlamentin tərkibini qərbyönümlü istiqamətə dəyişməklə situasiyanı ələ almağa üstünlük verir. Sizcə, müxalifətin yekdilliklə mandatlardan imtina etməsi bu strategiyaya ümid verirmi? ABŞ və Qərb parlamentdə dəyişikliyi bacaracaqmı?

– ABŞ-n Demokratiya İnstitutu bununla bağlı açıqlama da verdi. Neçə günlük susqunluqdan sonra nəhayət ki, reaksiya verildi. Açıqlamada bildirildi ki, artıq Gürcüstanda müxalifət seçkilərdə qalib gəlib, İvanişvili seçkiləri saxtalaşdırıb. Hökumətə iki gün vaxt veriblər ki, səsləri, yəni seçki bülletenlərini bir-bir saysın. Mərkəzi seçi komissiyasının üzvləri qaçıb gizləniblər. Onların adından axırıcı adamları, beşinci adam sayılacaq katib çıxış edir. ABŞ bu açıqlamasından sonra gürcü hökumətinə mesaj verdi ki, seçki saxtalaşdırılıb. Belə bir çıxış da oldu ki, lazım gəlsə dövlət yenidən seçkiyə getməlidir. Bildiyimiz kimi, burada Rusiyanın maraqlarını qoruyan partiyalar da var idi. Onların heç biri parlamentə düşmədi. Onlar da mandatlarını qorumaq istəyirdilər, amma əhalinin basqısı nəticəsində onlar da mandatlarından imtina etməyə məcbur oldular. İvanişvili bir rus oliqarxı kimi meydanda tək qalıb. Ətrafı da onu tək buraxıb, artıq heç kimi İvanişvilini Gürcüstanda görmək istəmir. Rusiya Gürcüstanı artıq öz koloniyasına, quberniyasına çevirib. 8 ildir burada inkişaf dayanıb. Demək olar ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanın gününə düşüb. Əvvəlki Saakaşvilinin Gürcüstanından əsər-əlamət qalmayıb. Qərb də, ABŞ da buradakı vəziyyəti çox gözəl bilir. Açıq deyə bilərəm ki, Qərb və ABŞ istəyir ki, insanlar İvanişvili hökumətinə qarşı küçələrə çıxsın.

– Azər bəy, bəs sizcə, Gürcüstanın Rusiyanın nüfuz dairəsindən çıxarılmasında Türkiyənin nə kimi təsiri ola bilər? Türkiyə faktoru bu məsələdə nə qədər realdır?

– Türkiyə və Azərbaycan Gürcüstanın ən strateji tərəfdaşıdır. Gürcüstana qardaş dövlətdir. Gürcü iqtisadiyyatını xilas edən dövlətdir. Əlbəttə ki, Ankaranın burada həm siyasi, həm biznes marağı da var. Çoxlu yatırımı var. Azərbaycan, Türkiyə və Gürcüstan arasnda heç bir problem yoxdur. Burada nə kimi hökumət dəyişikliyi olsa da, bu dostluq davam edəcək. Ölkədə yarım milyona qədər Azərbaycan türkü də yaşayır. Biz azərbaycanlı-türk toplumu olaraq Türkiyə və Gürcüstan arasında bir körpü olmuşuq. Heç vaxt istəmərik ki, Türkiyə ilə Gürcüstan arasında bir problem yaransın. Ona görə, istər Saakaşvilinin, istər İvanişvilinin vaxtında bu dostluğa heç bir xələl gələ bilməz. Bu, əsrlər boyu belə olub.

– Bəs necə düşünürsünüz, Saakaşvilinin yerinə Gürcüstan daxilində müxalifətin içindən ölkəni Rusiyanın nüfuz dairəsindən çıxaracaq lider kim ola bilər?

– Açığı, bu gün müxaifətin içində bu məsələ hələ ki, gündəmdə deyil. Bizim birinci planımız odur ki, səslərmizi qoruyub İvanişviliyə göstərək ki, rus oliqarxı hakimiyyətdən getməlidir. Müxalifətin bu günki hədəfi Gürcüstanı İvanişvilinin əlindən çıxarmaqdır. Ardınca bu məsələ gündəmə gələ bilər. Açığını deyim ki, Saakaşvili hazırda Gürcüstana hava-su kimi lazımdır. O, yeganə adamdır ki, ölkəni bu günki böhrandan çıxara bilər. Mən bir yaxın dostu kimi, yaxın bir partiya əməkdaşı kimi deyə bilərəm ki, o, bunu edə biləcək insandır. Bir məsələ də var ki, bu qərar birləşmiş müxalifətin parlamentə düşməsindən asılıdır. 76 nəfər millət vəkili olan partiya hökumət qura bilər. Biz bu qədər yeri götürə bilsək hökuməti biz quracağıq, qərarı da bu zaman verəcəyik. Liderimizi seçəcəyik. Yox, başqa müxalifət partiyaları ilə koalisiya etsək, onların da səsini eşitməliyik.

– Azərbaycanlıların Gürcüstanın siyasi palitrasında rolu nə yerdədir, soydaşlarımızın siyasi aktivliyi necədir? İlbəil azərbaycanlı deputatların sayının azaldığını görürük…

– Əvvəl parlament üzvləri 225 nəfər olan vaxtda da azərbaycanlılar parlamentdə təmsil olunurdu. Hazırda bu say 150 nəfərdir. 3-4 soydaşımız parlamentdədir. Deyim ki, son 8 ildə ölkə müxalifətində indiki qədər soydaşımız olmamışdı və bu 8 il ərazində azərbaycanlıların bir dənə də problemini həll etmədilər. 300 minə qədər Azərbaycan türkü gürcü müxalifətinin sıralarında siyasi fəaliyyət aparır. Amma bu günki hakimiyyət tərəfindən bizə qırmızı xətt göstərildi. Bizim insanlarımızın kompakt yaşadığı yerlərdəki bütün seçki məntəqələrində hakim partiya uduzdu. Bizə qarşı təzyiqlərə baxmayaraq azərbaycanlılar hakim partiyaya “yox” dedilər. Biz gəlmə deyilik, aborigen əhaliyik. Saakaşvilinin vaxtında normal vətəndaş münasibəti gördük. Onun hakimiyyətə gəlməsindən öncə 7 nəfər soydaşımız Gürcüstan universitetində tələbə idi. Saakaşvili hakimiyyətə gəldikdən sonra isə 3 minə yaxın azərbaycanlı tələbə bütün Gürcüstan universitetlərində təhsil almağa başladı. Çox təəssüflər ki, bu gün o rəqəmlər azalmağa doğru gedir. Azərbaycanlılar unversiteti bitirsə də bazarlarda özlərinə yer tapırlar.

– Mənim toxunmaq istədiyim məsələ məhz bu idi. Ölkənin siyasi həyatında həmyerlilərimizin çəkisi azaldılır və bu xətt hökumət tərəfindən aparılır…

– Bəli, qubernator müavini azərbaycanlı idi, yer boşaldı. İcra başçılarının müavinləri sırasında soydaşlarımız var idi, artıq yoxdurlar. Bu günlərdə bir şəhərin mer postuna həmyerlimiz namizədliyini vermişdi, onun yeri boşaldı. İvanişvilinin səyləri ilə azərbaycanlıların sıxışdırılması aparılır. Yerli əhali də bundan nəticə çıxarmağı bacarır, buna görə bizim kompakt yaşadığımız yerlərdə İvanişvilinin partiyası uduzdu.

 

Ülviyyə ŞÜKÜROVA