“İTV prinsipləri kobud surətdə pozub” – OSMAN GÜNDÜZDƏN SƏRT TƏNQİD

33

"İpoteka Fondu aidiyyatı dövlət qurumlarının tövsiyyəsini qulaqardına vuraraq sistemə start verib"

"İTV-nin saat 21.00 üçün xəbər proqramını izləyirdim. İpoteka Fondunun kirayə mənzil mexanizmi ilə bağlı İTV-nin hazırladığı reportaja baxdım və çox təəssüfləndim. Məlum olduğu kimi, vətəndaşlar bu gün bu layihəyə müraciət edə bilmədilər, çünki e-ipoteka sistem müraciətlərə tab gətirməyərək çöküb". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun sözlərinə görə, İTV bu cür ictimai əhəmiyyətli dövlət layihəsi ilə bağlı ala-yarımçıq, bəsit və ictimai yayımın prinsiplərini kobud surətdə pozan bir reportaj verib: "Son zamanlar öz reytinqini xeyli qaldıran, plüralizmi xeyli canlandıran İTV nə üçün belə yanaşdı, düzü anlamadım. İTV fərqində olmalıydı ki, uzun müddət hazırlıq görülən, 10 milyonlarla ictimai vəsait xərclənən və ictimai maraq dairəsində olan bir dövlət layihəsinin bu gün uğursuz startı cəmiyyətin maraq dairəsindədir. Bu baxımdan, reportajda hətta aidiyyatı dövlət qurumlarının, ekspertlərin, digər maraqlı tərəflərin, sistemi hazırlayan şirkətlərin sistemin çökməsi ilə bağlı baxışları təqdim edilməliydi. Təəssüf ki, İTV-nin reportajından məlum olmadı ki, nə baş verib, milyonlarla ictimai vəsait xərclənən sistemi kim hazırlayıb və nə üçün çöküb? Nə üçün İpoteka Fondu aidiyyatı dövlət qurumlarının tövsiyəsini qulaqardına vuraraq sistemə start verib? Nə üçün sistem audit olunmayıb? Nə üçün eGov sektorunda bu tip hadisələr təkrarlanır və s. Ümid edirəm ki, İTV rəhbərliyi bunları nəzərə alacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org