İTV-nin efirində erməni bayrağının rənglərinə uyğun zolaq – BU, TƏSADÜFDÜR, YOXSA…

348

Xəbər verdiyimiz kimi, dünən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalayıb. Həmin saziş Azərbaycanın sentyabrın 27-də başlayan ikinci Qarabağ savaşında qalib gəldiyini rəsmi şəkildə təsdiqləyib. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olunur və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında birbaşa quru yolla əlaqə təmin olunur.

Eyni zamanda, atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması da əldə olunan uğurlar sırasındadır. Odur ki, rusiyalı ekspert Yevgeni Mixaylovun təbirincə desək, Ermənistan yeni reallıqda yaşamağı öyrənməlidir, Qarabağ Azərbaycandır! “Artsax” deyil! Bəli, biz Qarabağın Azərbaycan olduğunu şəhidlərimizin qanı bahasına dünyaya sübut etdik və ordumuzun rəşadəti sayəsində qələbə qazandıq. Bu gün hər bir Azərbaycan vətəndaşı qələbəni bayram edir, sevincini bölüşür. Lakin bu məqamda üzülərək qeyd etməliyik ki, ölkənin ən sayılıb-seçilən telekanallarından biri olan İctimai TV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişində Ermənistan bayrağı əks olunub. Daha doğrusu, veriliş boyu erməni bayrağının rənglərinə uyğun 3 zolaq əks olunub. Ümid etmək istərdik ki, bu, tam təsadüf nəticəsində baş verib və telekanal rəhbərliyi yaranmış narahatlığı nəzərə alaraq, tezliklə problemi aradan qaldıracaq. Əks halda, İctimai TV-də kim(lər)insə məqsədli şəkildə Ermənistan bayrağının təbliği ilə məşğul olduğunu düşünməkdən başqa çıxış yolu qalmır.

Hurriyyet.org