“İtkilərin az olması hər bir vətəndaşın məsuliyyət hissindən asılıdır” – Musa Quliyev

66

“İnsanlar başa düşməlidirlər ki, artıq 3 aydan çoxdur ki, ölkədə koronavirusla çox ciddi mübarizə gedir. Sonuncu iki həftədə bu mübarizə demək olar ki, ölüm-dirim mübarizəsinə çevrilib. Dünyada ümumilikdə 400 mindən çox insan pandemiyanın qurbanı olub. Virusa yoluxanların sayı 7 milyonu ötüb. Dünya iqtisadiyyatına milyardlarla zərər dəyib. Vətəndaşlarımızı qorumaq üçün Prezident İlham Əliyev, dövlətimiz nə mümkündürsə edir. Həkimlərimiz və polislərimiz böyük fədakarlıqlar nümayiş etdirirlər. Bu mübarizənin tam effektli olması üçün dövlət və vətəndaş birgə fəaliyyət göstərməlidir.”

Hurriyyet.org-un məlumatına görə, bunu Publika.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri əlavə edib ki, əgər vətəndaş hökumətin səylərinə dəstək vermirsə, bu mübarizədə məğlub ola bilərik:

“Bu məğlubiyyət olduqca böyük itkilərə səbəb ola bilər. Vətəndaşlarımız bilməlidirlər ki, onlar tək özlərinin və yaxınlarının qarşısında deyil, bütövlükdə cəmiyyətin qarşısında məsuliyyət daşıyırlar. Cəmiyyətimizin nə qədər sağlam olmasının, itkilərin az olmasının birbaşa səbəbi hər bir vətəndaşın məsuliyyət hissindən asılıdır. İntizamı qorumaq lazımdır. Dəfələrlə elan olunub, cənab Prezident də söyləyib, Ümumdünya Səhiyyə Təşkilatı da öz tövsiyələrində deyir ki, bu virusun vaksini tapılmayıb və müalicəsi yoxdur, biz ancaq sosial məsafəni qorumaqla, maska taxmaqla, sosial izolyasiya tədbirlərini həyata keçirməklə, anti-infeksiya tədbirlərinə əməl etməklə və bütövlükdə sanitar-gigiyenik normalara riayət etməklə bunun qarşısını ala bilərik.

Vətəndaşlarımız gözləməsinlər ki, qohumlarında və ailələrində kimdəsə bu xəstəlik olsun və ondan sonra tədbirlərə əməl etsinlər. O zaman artıq gec olacaq. Çünki onların özləri də virusa yoluxmuş olacaqlar. İnsanlar ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamalıdırlar. Əlləri yumaq, dezinfeksiya etmək lazımdır. Bunlar çox sadə qaydalardır. Heç bir zəhmət və böyük maliyyə tələb etmir. Sadəcə məsuliyyət lazımdır. Bu məsələyə anlayışlı yanaşmaq lazımdır. Vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıram”.