İtirdiklərimizlə qazandıqlarımızın fərqi…

285

Və yaxud Ali Baş Komandanın təndiq olunması nə dərəcədə ədalətlidir?

27 sentyabra qədər Azərbaycan dövlətindən və məxsusən prezident İlham Əliyevdən nələri istəyirdik, indi tələblərimiz sırasında nələr durur!?  Dünən də, bu gün də bizləri xalq olaraq ilgiləndirən, narahat vəziyyətdə saxlayan erməni işğalı altında olan torpaqlarımızın taleyi düşündürüb. Hakimiyyəti qınamışıq, milli heysiyyatlarımızla oynayan erməni faşizminə dözümlülüyünə görə onunla barışmamışıq.

Əlacımız yerdən-göydən üzüldüyündən heç olmazsa bir-iki kəndimizin, yaxud bir-iki rayonumuzun azadlığını iqtidardan tələb edirdik. İçimizdə sönməyə doğru yol alan bu arzunun alova dönəcəyinə inamımız yox dərəcəsində idi. Sən demə, İlham Əliyev öz işini görürmüş. Günün birində yuxudan oyandıq ki, o artıq düşmənlə müharibəni başlayıb. 44  günlük savaşda xalqın dəstəyi, Ordunun və Ali  Baş Komandanımızın fədakarlığı, qəhrəmanlığı sayəsində zəfər qələbəmizi təmin etdik.

Düşmən təslim oldu. Dünən bir-iki rayonu azad etmək barədə düşünürdüksə, bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Ali Baş Komandanın rəhbərliyi ilə müharibədən qalib çıxan Ordumuz 300-ə yaxın kənd və qəsəbəmizi, 8 rayonumuzu işğaldan azad etdi. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarını erməni ilhaqından qurtardıq. Həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklərə nəzarətimizi təmin edə bildik. Nə üçün bu qeydləri qələmə aldım!?

Bəli, müharibədə  az nəticə əldə etmədik. Buna dəyər verməmiz lazım. Lakin təəssüf ki, bəzi adamlar indi də tənqidin digər növləri ilə Ali Baş Komandanı atəşə tutmağa başlayıblar. Bununla nəyə görəsə qarşıma yarınmaq, yaltaqlanmaq məqsədini qoymamışam. Sadəcə ədaləti, haqqı, bu möhtəşəm qələbəyə həyatını həsr etmiş insanın çəkdiyi zəhməti yerə vuranlara bircə tövsiyyəm var: “Bir az insaflı olun. Məncə, qərəzsiz müqayisə aparsanız, itirdiklərimizlə qazandıqlarımızın fərqini görə bilərsiniz”.

Eldar SABİROĞLU