İtaliyanın baş naziri karantinin yumşaldılması açıqlamasını verdi

54

Hurriyyet.org xəbər verir ki, İtaliyanın baş naziri Cüzeppe Konte karantin tədbirlərinin 4 may tarixindən etibarən mərhələli şəkildə yumşaldılacağını bildirib.

Yeni tipli koronavirus epidemiyası üzündən İtaliyada 10 mart tarixindən bəri karantin rejimi tətbiq olunur.

Cüzeppe Konte küçəyə çıxmaq qadağası başda olmaqla karantin tədbirlərinin yumşaldılması ilə əlaqədar “La Repubblica” qəzetinə müsahibə verib. Baş nazir deyib: “Hazırda istehsalat sənayesindən inşaat sənayesinə qədər bir çox şirkətin 4 may tarixində yenidən açılması üçün çalışırıq. Bu karantini daha çox uzada bilmərik. Ölkənin sosial-iqtisadi sisteminin pozulması riski artar”.

Konte küçəyə çıxma qadağasının nə vaxt yumşaldılması sualının cavabında deyib: “Hələlik tam hərəkət azadlığını qaytaracaq vəziyyətdə deyilik, amma hazırda mövcud sərt tədbirlərin yumşaldılması üzərində çalışırıq. Əvvəlcədən bildirmişdim ki, dərhal hamı azad olmayacaq. Virusun yoluxmasının qarşısının alınması və nəzarətdə saxlanılması üçün bütün tədbirləri görərək, hər kəsin daha çox hərəkət edə bilməsini təmin eləmək üçün əlimizdən gələni edəcəyik”.

Konte məktəblərin sentyabr ayında yenidən açıla biləcəyini bildirib.

Hurriyyet.org