İsveçrə, Rusiya və Azərbaycan

66

…Rusiyada son 20 ildə yüzlərlə parlaq şəxsiyyətlər – dissidentlər, həqiqətpərvərlər, azadlıq, qanun və ədalət carçıları məhv edilib; Bizdə isə rüşvətxorluq, haqsızlıq, qanun pozuntuları, zorakılıq bütün əndazələri aşıb

Söhbət heç də kimin haralı olmasından deyil, haranın əhalisinin kimlərdən ibarət olmasından gedir. Söhbət milli qarışıqlıqdan da getmir. Çünki Ermənistan demək olar ki, tamamilə ermənilərdən, Azərbaycan isə əksinə, min bir millətin qarışından ibarətdir.

İsveçrə Avropanın düz mərkəzində, qədim və ən müstəqil dövlətlərdən biridir. İtaliyanın şimalında yerləşib, Avstriya, Fransa və Almaniya ilə həmsərhəddir. Əhalisi də lap qədimlərdən əsasən almanlardan, fransızlardan, bir az da italynlardan formalaşıb. Lakin elə formalaşıblar ki, sanki daşlaşıblar. Bəlkə də dünyanın çox az ölkəsində xalq  öz milli mənsubiyyətləri ilə bu qədər bağlıdırlar. Və buna əsasları da var. Çünki artıq yüz illərdir ki, bu ölkə tam müstəqil olub siyasi-iqtisadi və mənəvi cəhətdən nəinki Avropada, bəlkə də dünyada birinci pillədədirlər. Təsəvvür edin ki, bu ölkənin müstəqilliyinə hətta Napoleon və Hitler də zərrə qədər toxunmadılar.

Bunun səbəbi barədə düşünəndə keçən əsrin 70-ci illərində baxdığım bir italyan filmi yadıma düşür: “Çörək və şokolad”. Çox məşhur italyan aktyorunun baş rolda çıxış etdiyi həmin filmdə İtaliyadan İsveçrəyə işləyib pul qazanmağa gələn bir italiyalının başına gələnlərdən bəhs edilir.

Yazımın ideyası həmin filmdə çox parlaq şəkildə əks olunub. Bütün ölkələrin siyasi-ictimai, iqtisadi və mənəvi həyatı ölkənin necəliyindən, harda yerləşməsindən, milli sərvətlərindən və təbii şəraitindən ya heç asılı deyil, ya da çox cüzi şəkildə asılıdır. İsveçrədə ofisiant işləyib, yaxşı da qazanın italiyalı addımbaşı axmaq hərəkətlərə yol verərək, yanlış addımlar ataraq, səhv düşünərək filmin sonunda bütün qazandıqlarını da itirərək faciəli bir şəkildə vətəninə – İtaliyaya qayıtmaq məcburiyyətində qalır. Filmdə isveçrəlinin də italiyalının da xaraktercə necə bir-birlərindən fərqləndiyini hər səhnədə, hər səhnədə, hər epizodda görmək olar.

Xülasə, hədsiz pərişan və məğmun vəziyyətdə qatara minib vətəninə yola düşən italyan qatarda hər tərəfdə həmvətənlərinin qışqırıb-bağıraraq danışıb mübahisə etdiklərini, ən çox isə oxuduqlarını (kitab yox ha… mahnı və ariya) görüb nə edəcəyini bilmir. İsveçrədə o, addımbaşı milli xarakterinin yerli əhalinin xarakterindən və mənəviyyatından aşağı olduğunu görür və dönə-dönə bunun şahidi olurdu. Amma buna baxmayaraq filmin son epizodunda  çox qəribə hadisənin şahidi oluruq. İsveçrə ilə İtaliya arasındakı dəmir yolu addımbaşı tunellərdən ibarətdir. Qatar yenə növbəti tunelə girib gözdən itir və az sonra görürük ki, bizim qəhrəman italiyalı miqrant, deməli, qatardan yerə atılıb yavaş-yavaş geriyə – İsveçrəyə qayıdır. Və bununla da tamaşaçı İtaliyadakı həyatın İsveçrədəki həyatdan nə qədər fərqləndiynin, nə qədər aşağı olduğunun şahidi olur.

Bəli, Rusiyada son 20 ildə, elə ondan qabaq da yüzlərlə parlaq şəxsiyyətlər – necə deyərlər, dissidentlər, həqiqətpərvərlər, azadlıq, qanun və ədalət carçıları məhv edilib. Özü də açıq-aşkar, günün günorta çağı Boris Nemtsov kimi küçədə güllələnib, ya xəstəxanalarda, həbsxanalarda və elə Aleksey Navalnı kimi yeməkxanalarda zəhərlənib, ya xaricə qaçsa belə, orda qətlə yetirilib, ya da həbsxanalarda çürüməkdədirlər. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Və əlbəttə, İranda və onun oxşarı olan ölkədə təkrar olsa da, heç birində bu dərəcədə açıq-aşkar baş vermir.

Rusiyada 20 ildən çoxdur ki,  ölkənin sərvətləri açıq aşkar talan edilir. Amma əhalisinin iqtisadi vəziyyətinə görə Rusiya dünyada ən axırıncı yerlərdən birini tutur. Burada yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı  20-30 milyonu keçib. Halbuki öz yeraltı və yerüstü sərvətlərinə görə Rusiya dünyada birinci yerdədir.

Bunlar hamısı ona görədir ki, həmin xalq yəni Rusiya xalqları bu cür həyata layiqdirlər. Onlar bu cür yaşamaqdan çox mülayim şəkildə narazılıq edirlər. Özü də əksəriyyəti yox. Ölkənin ekologiyası – meşələri, çayları, gölləri, səfalı yerləri hamısı məhv olub sıradan çıxır, zəhərlənir. Rusiya yeganə ölkədir ki, xalq üçün hər şey pulladır. Hətta çayda və ya göldə tilov atıb balıq tutmaq da.

İsveçrə əlbəttə təbiəti etibarilə çox gözəl ölkədir. Hər yanda dağlar, tərtəmiz göllər, çaylar, ucsuz-bucaqsız gömgöy çəmənliklər… Ona görə bütün bunlar bu qədər təmiz qalıb ki, ölkənin xalqı təbiəti kimi təmiz, ədalətli və ləyaqətlidir. O qədər ədalətlidirlər ki, dünyanın demək olar ki, bütün pul sərvətləri yüz illərdir bu ölkənin banklarında yatır. Və hamı əmindir ki, onun pulunun bir manatına da toxunan olmayacaq.
İsveçrə həyat şəraitinə görə dünyada birinci yerdədir. İsveçrənin yeraltı sərvətləri demək olar ki, yoxdur, olsa da çox cüzidir. Buna baxmayaraq elə bir sənaye sahəsi yoxdur ki, İsveçrə onun ən yeni, ən kamil ixrac edəni olmasın. Təsəvvür edin ki, Rusiyadan Almaniyaya çəkilən sualtı qaz kəməri nə qədər texniki vüsət və kamillik tələb edir və bu işi İsveçrə şirkəti həyata keçirirdi.

Xülasə, dünyada hər şey insanların  özlüyündən, daxili xüsusiyyətlərindən, mənəvi prinsiplərindən, ən əsası isə bu prinsiplərin sarsılmazlığından asılıdır. Əcəba, hansı xüsusiyyətimiz sarsılmaz və dəyişməzdir? Müsbət tərəfi axtarsaq, heç bir. Mənfi tərəfi axtarsaq, sayı-hesabı yoxdur. Rüşvətxorluq, haqsızlıq, qanun pozuntuları, zorakılıq bütün əndazələri aşıb. Adi polis, demək olar ki, heç nədən ötrü gündüz-günorta çağı vətəndaşın qapısını sındırıb evinə girib, onu yarıçılpaq şəkildə döyə-döyə polis idarəsinə aparır. Başa düşmürük ki, hər nə edirsənsə et, əndazəni aşmaq olmaz. Bütün bunlar ona görə baş verir ki, cinayətkarlar harda cinayət etməyin mümkün olduğunu, harda isə mümkün olmadığını yaxşı bilirlər. Harda cinayəti həzm edirlər, harda isə bu, ağlasığmazdır. Bütün bunlar hər ölkənin insanlarının hansı təbiətin, hansı xarakterin sahibi olmasından asılıdır.

Əlisa  NİCAT