İsveçrə erməniləri SOCAR-a qarşı: Təbliğat müharibəsi davam edir

444

Yerli sağçılar erməniyə dəstək verən solçularla razılaşmır

Ermənistan-Azərbaycan savaşı həm də informasiya müharibəsi ilə müşayiət olundu. İnformasiya, -antitəbliğat savaş dünyanın dörd tərəfində gedirdi.

Azərbaycana bağlı bir çox şirkətlər də bu savaşa qatılmışdı. Ən çox yaddaqalanını xatırladım. Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Fud siti”də (“Food City”) Ermənistandan gətirilən məhsullara qarşı boykot aksiyası keçirilməsi Bakıda və İrəvanda ciddi rezonans doğurdu. Bu qərarı verənlər “Fud siti” sahibləri professor İlham Rəhimovla Azərbaycan mənşəli yəhudi biznesmen Qod Nisanov idilər. Şübhəsiz ki, biznes fəaliyyətlərini təhlükə altına ataraq ermənilərə qarşı iqtisadi savaşa başlamaq hünər istəyirdi. Bu məsələ ilə bağlı Azərbaycanda çox yazılıb. Ancaq diqqətdən kənarda qalan şirkətlərimiz də var. Bu yazıda ermənilərə qarşı savaşa qalxan başqa bir şirkətimiz haqqında məlumat verəcəyik. Söhbət Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-dan gedir.

 

 

“İsveçrədə həyata keçirilən milyard dollarlıq sövdələşmələr Azərbaycanın müharibə kassasını necə doldurur? «Ermənistana inanmayın!»: SOCAR Ermənistana qarşı əks-təbliğat aparır. Neft şirkətinin İsveçrədəki mərkəzi ofisi Cenevrədə yerləşir və Azərbaycan şirkəti İsveçrədə milyardlar qazanır”.

İsveçrənin “bazonline.ch” saytı belə yazır. Məqalənin müəllifi Markus Häfliger vurğulayır ki, SOCAR İsveçrədə Ermənistana qarşı davakar təbliğat aparır. Müharibəni təbliğ edir. Bu isə neytral İsveçrə üçün qəbuledilməzdir:“Azərbaycan ilə Ermənistan arasında müharibə başlayan gündən SOCAR öz Facebook səhifəsində qonşu ölkəyə qarşı əks-təbliğat aparır və ermənilərə nifrət yağdırır. Məsələn, SOCAR-ın səhifəsində oxuyuruq: “Erməni faşizmini durdurun! Ermənilərə inanmayın! Erməni işğalını durdurun! Qarabağ Azərbaycandır!”

Müəllif yazır ki, müharibə təbliğ edən belə bir şirkətin İsveçrə ilə ciddi əlaqələri var. Hətta iddia olunur ki, SOCAR-ın İsveçrədə əldə etdiyi qazanc Azərbaycanda əldə etdiyindən çoxdur. Şirkətin rəsmi hesabatına əsasən 2019-cü ildə 36 milyard dollarlıq ticarət əməliyyatı keçirilib. Bu əməliyyatın 76 faizi İsveçrənin payına düşür.

Əsasən solçular SOCAR-ın bu tövrünə qarşı çıxır. Çenevrə kantonunu İsveçrə parlamentində təmsil edən Karlo Sommaruqa (Carlo Sommaruga) deyir ki, bu şirkətin müharibə təbliğatı aparması bizlərə şok yaşatdı. Parlament birmənalı şəkildə bəyan etməlidir ki, SOCAR-ın bu cür davranışı İsveçrə üçün qəbuledilməzdir.

Onun həmkarı Yves Nidegger isə qeyd edir ki, müharibə ilə bağlı hər iki tərəf eyni yanaşma sərgiləyib. Süni şəkildə onların birini qabartmaq doğru deyil: “Solçular İsveçrədə yaxşı fəaliyyət göstərən hər şeyi məhv etmək istəyirlər”.

 

 

Göründüyü kimi, yerli sağçılar SOCAR-ı müdafiə edirlər. İsveçrədə sağçılar solçulara nisbətdə daha güclüdür. Yazıda Qubad İbadoğlunun fikirlərinə də yer verilib. O da SOCAR-ı korrupsioner bir şirkət kimi təqdim edib.

Məqalədə o da qeyd olunur ki, SOCAR—ın İsveçrədə 200 yanacaqdoldurma məntəqəsi var. Orada 800 nəfər isveçrəli çalışır.
Məqalədə vurğulanır ki, SOCAR-ın İsveçrədə qazandığı milyardlar Azərbaycanı ən müasir silahlarla təmin edir. Bu təminat isə ermənilərə baha başa gəldi.

İsveçrə saytı təqdim etdiyi məqaləyə karikatura da əlavə edib. Karikatura da İsveçrədə qazanılan pulların Azərbaycan tərəfindən silah almaq üçün sərf olunduğunu əks etdirir.

Son olaraq onu da deyək ki, SOCAR İsveçrədə ciddi nüfuza sahibdir. İsveçrənin ictimai həyatında yaxından iştirak edir. Ölkədə həyata keçən bir çox sosial layihələrə verdiyi dəstəklə tanınır.