İsveçdən Bakıya müharibə qoxusuna gələn qazi: “Əgər vətən savaşı varsa, mən burada olmalıyam”

45

Kənan Hacıəkbəroğlu: “Xaricdəki bütün azərbaycanlılar savaş üçün vətənə dönməyə hazırdırlar”

Azərbaycan Vətən savaşı günləri yaşayır. Bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu xeyli irəliləyərək, bir qism torpaqları işğaldan azad edib.

Vətən savaşını xarici ölkələrdə yaşayan soydaşlarımız da böyük həyəcan və diqqətlə izləyir. Onların arasında Vətənə geri dönüb, bu savaşda iştirak ermək istəyənlər də var. Bu cür soydaşlarımızdan biri İsveçdə yaşayan Qarabağ qazisi, şəhid qardaşı Kənan Hacıəkbəroğludur.

Xatırladaq ki, 45 yaşlı Kənan Hacıəkbəroğlu birinci Qarabağ müharibəsində iki qardaşı və atası ilə birgə ön cəbhədə döyüşüb. Qardaşı Sənan Rüstəmov bu döyüşlərdə şəhid olub. Kənan Hacıəkbəroğlu artıq uzun müddətdir ki, ailəsi ilə birgə İsveçin Höteburq şəhərində yaşayır. Əslən Ağdamdan olan qazi Vətən savaşının başlanması ilə əlaqədar Azərbaycana geri dönərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, qeydiyyatdan keçib.

“Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində Kənan Hacıəkbəroğlu öncə şəhidlərimizə Allahdan  rəhmət dilədi: “Allah şəhidlik zirvəsini, o cənnəti duymağı bizə də qismət etsin, Azərbaycanımızı bütöv etsin”.

– İsveçdə azərbaycanlıların Vətən savaşının sədalarına münasibət  necədir?

– Şükürlər olsun, bütün dünyada, Avropada, o cümlədən İsveçdə yaşayan azərbaycanlılar bu məsələyə biganə deyil. Stokholumda, həmçinin yaşadığımız Höteburq şəhərində bir neçə tədbirlərimiz olub. Gəncə terroru ilə bağlı piketlər keçirmişik, bukletlər paylamışıq, mitinqlər olub, maşınlarla, bayraqlarla şəhəri gəzmişik. Bu məsələdə böyüklü-kiçikli  hamı öz köməyini edir. Qeyd edim ki, həm İsveçdə, həm də digər ölkələrdə yaşayan azərbaycanlılar maliyyə cəhətdən də yardımlarını əsirgəmirlər. Onlar şəhid ailələrinə, qazilərimizə, həmçinin əsgər ailələrinə yardımlar edirlər. Şükürlər olsun ki, millət bu gün birlik nümayiş etdirir, hədəfi, məqsədi birdir. Hədəfimiz Qarabağ, bütöv Azərbaycandır. Allah bizi bu hədəfdən başqa yerə yönəltməsin.

– Necə oldu ki, Vətənə qayıtmaq qərarı verdiniz? 

– Bu savaş Azərbaycanın kimliyini özünə qaytardı. 30 il kimliyimizi sual işarəsi kimi qəbul edirdik. 1905-ci ildən bu yana artıq qalib kimi bir tarix yazdıq. Yəni bu gün atəşkəs olsa belə, biz artıq qalibik və bunu bütün dünya görür. İsveçdə bizim “Qarabağ” restoranımız var. Bunun özü də bir təbliğatdır. Amma şükürlər olsun ki, bu gün bütün dünya artıq Qarabağ savaşında kimin haqlı olduğunu duyur. Şükürlər olsun ki, artıq diasporamız  da güclənib. Xaricdə yaşayan hər bir azərbaycanlı demək olar ki, bir diaspora deməkdir. Beləliklə, mən də bir qarabağlı kimi ölkəyə gəlib, Səfərbərlik Xidmətinə müraciət etdim, qeydiyyatdan keçdim. Bu müddət ərzində cəbhə bölgəsində də olmuşam. Bu Vətən mənimdir, bizimdir. Əgər Vətən üçün savaş varsa, mən burada olmalıyam. Xaricdə yaşayan digər azərbaycanlılar da eynən bu cür düşünür. Bu, çox qürurvericidir. Biz artıq ermənilərin qarşısında aciz deyil. Artıq böyük bir Azərbaycan var. 27 ildir ki, biz torpaq, Vətən həsrətindəyik. Ata-babalarımzın qəbirləri, yurdumuz oradadır. Azərbaycanın hər tərəfi bizimdir. Ona görə də xaricdə yaşayan soydaşlarımızın hamısı Azərbaycanın haqq savaşı üçün döyüşməyə hazırdır. Yəni bu gün Ali Baş Komandan xaricdə yaşayan soydaşlarımıza səslənsə, azərbaycanlıların hamısı Vətənə geri dönüb, savaşmağa gələr. Bu gün Avropada, digər xarici ölkələrdə soydaşlarımız hər bir savaş xəbərini diqqətlə, həyəcanla izləyir. İnanırıq ki, tezliklə Xankəndinə, Şuşaya gedəcəyik.

Gələn kimi Ağdam bölgəsində olmuşam. Bir çox sənətkarlarımız, o cümlədən bu, günlərdə qardaşı oğlu şəhid olmuş xalq artisti Mənsum İbrahimov və digərləri də tez-tez Ağdamda, cəbhə bölgəsində olurlar. Eləcə də digər ağdamlı ziyalıların hamısı oradadır. Hazırda orada o qədər gözəl abu-hava var ki, sanki bu dəqiqə Ağdam şəhərinə gedəcəyik.

– Cəbhə bölgəsində əhval-ruhiyyəni siz necə gördünüz?

– Mən əgərlərimizin üzündə təbəssüm gördüm. Xalqımız əlindən gələn yardımı əsgərlərimizə etmək istəyir. Amma hərbiçilərimiz heç nə istəmirlər, dövlətimiz nə lazımdırsa onları təmin edib. Bir məsələni də qeyd etmək istəyirəm. Xaricdə yaşayan türkiyəli qardaş-bacılarıma da öz təşəkkürümü bildirirəm. Onların bizlərə dəstəyi çoxdur, həm maddi, həm də mənəvi olaraq. Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın belə bir açıqlamasını oxudum: “26 fevraldakı ad günümü Xocalıda keçirəcəm”. Həmçinin prezidentimiz İlham Əliyev isə qeyd etdi ki, “Şuşa bizim tarixi şəhərimizdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. İnşallah ki, hər iki qardaş ölkənin Prezidentinin istəkləri tezliklə reallaşar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”