“İstinad oluna biləcək torpaq kadastrı ilə bağlı elektron resurs formalaşmayıb” – OSMAN GÜNDÜZ

    33

    “Torpaqların elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq? Bir neçə gün öncə Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri üçün artıq belə bir elektron resursun hazır olduğunu bildirib. Düşünürəm ki, çox faydalı bir resurs olacaq» Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.

    “ƏMDK-də hazırda bu resursun hazırlanıb başa çatdırılması istiqamətində ciddi işlər aparılır”

    O. Gündüz vurğulayıb ki, Prezident tərəfindən 7 mart 2016-cı ildə qəbul edilən Fərmana görə cari ilin sonunadək bütün ölkə üzrə belə bir informasiya sistemi və rəqəmsal xəritə hazırlanmalıdır: “Bununla bağlı bəlli qaydalar da müəyyən olunub. Bildiyim qədər ƏMDK-də hazırda bu resursun hazırlanıb başa çatdırılması istiqamətində ciddi işlər aparılır”.

    “Torpaqlarla bağlı real vəziyyəti əks etdirən rəqəmsal kadastr xəritəsinə ciddi ehtiyac var”

    O. Gündüz nəzərə çatdırıb ki, “Torpaq kadastrı haqqında” qanun 1998-ci ildə qəbul edilib: “Ölkədə 2010-cu ildə Prezident fərmanı ilə daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi qaydaları müəyyən olunsa da, torpaqlarla bağlı vəziyyət fərqlidir. İndiyədək oturuşmuş , istinad oluna biləcək torpaq kadastrı ilə bağlı elektron resurs formalaşmayıb. Rəqəmsal sektorda ən gözə çarpan kasıbçılıq müxtəlif sahələr üzrə rəqəmsal xəritələrin olmaması ilə bağlıdır. Torpaqlarla bağlı real vəziyyəti əks etdirən rəqəmsal kadastr xəritəsinə ciddi ehtiyac var. Hazırlanmaqda olan bu rəqəmsal resurs bəlkə də ən əsas bazis rolunu oynayacaq bir mənbə olacaq”.

    “Torpaq sahəsində hüquqi və texniki sənədlərdəki uyğunsuzluqlar tənzimlənməlidir”

    “Kadastr ümumiyyətlə, torpaq haqqında mövcud olan bütün məlumatların bir məcmusudur. Odur ki, qaydalara uyğun olaraq hazırlanmaqda olan informasiya sisteminə hər bir torpaq parselinin təyinatı, hüdudları, onların üzərindəki tikilinin ünvanı, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları, torpağın keyfiyyət göstəriciləri və s. barədə müfəssəl məlumatlar daxil ediləcək. Mürəkkəb bir prosesdir. Həmçinin burada torpaq sahəsində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar tənzimlənməlidir”,-deyə O.Gündüz qeyd edib.

    “Müxtəlif tematik rəqəmsal kadastr xəritələri hazırlana biləcək”

    O, Gündüz düşünür ki, bu, resurs torpaq üzərində hüquqların dövlət qeydiyyatı işini daha da sadələşdirəcək, daha səmərəli istifadəyə imkan verəcək, o cümlədən torpaq ehtiyatlarının çevik və effektiv mexanizmlərlə idarəsinə imkan verəcəkdir: “Bundan istifadə edilməklə müxtəlif tematik rəqəmsal kadastr xəritələri hazırlana biləcək. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas olacaq. Kadastar informasiya sisteminin digər dövlət informasiya sistemlərinə , əmlakın dövlət reyestrinə, elektron məhkəmə sisteminə inteqrasiyası bu sahədə qərar qəbuletmə proseslərinin daha sürətli və daha etibarlı qurulmasına kömək edəcək”.

    Şamo EMİN, Hurriyyet.org