İstedadlar və istedadsızlar

144

Onların əksəriyyəti məndən 5-6 yaş kiçik olsalar da, biz demək olar ki, bir vaxtda ədəbiyyata gəlmişik. Aralarında elələri var idi ki, ümumiyyətlə ədəbiyyata aidiyyatları olmasa da, işbazlıqları, qılığa girmək bacarıqları sayəsində qələmlə külüng çalmaqda idilər. Vaqif Əlixanlı kimi bəziləri sadəcə redaktə ustalıqları ilə dəstədə yer almışdılar.  Ancaq əksəriyyəti şair və yazıçı idilər. Maraqlısı o idi ki, yalnız tək-təkləri paxıllıqdan uzaq, mane olmaq imkanları olsa da, bundan istifadə etməmək zorunda idilər. Əşrəf İbrahimov (nasir), İsa İsmayılzadə (şair), Vidadi Məmmədov (yazıçı) və başqalarını misal göstərmək olar. Adil Rəsul (şair), Vaqif Nəsib (şair), Mövlud Süleymanlı (nasir) kimilər də var idi ki, paxıllıqdan daha çox ədalət və xeyirxahlıqları ilə seçilirdilər. Anar, Elçin, Fikrət Qoca, Əkrəm Əylisli,  Vahid Əziz, Vidadi Paşayev, Ələkbər Salahzadə və başqa çoxlu sayda yazıçı və şairlər də vardı ki, o dövrdə daha çox gündəmdə idilər. Bəziləri atalarına görə (Anar, Elçin), bəziləri Naxçıvanlı olmaları səbəbindən (Ə.Əylisli), bəziləri də  dövrün zövqünə uyğun gələn şeir, hekayə və povestlərinə görə.

Mən onların demək olar ki, hamısı ilə az və ya çox dərəcədə dostluq münasibətlərində olmuş, müəyyən vaxtlarda hətta həmsöhbət də olmuşduq. Əlbəttə hər yerdə olduğu kimi bizdə də bu gənclər arasında da güclü rəqabət vardı. Amma bu rəqabət daxildə gedir və əməli işlərdə üzə çıxırdı. Bu rəqabət Kamyu və ya Sartr arasında olan rəqabət deyildi. Yəni dünyagörüş və xarakter müxtəlifliyinin rəqabəti deyildi. Sadəcə ölkə başında oturanların həyat prinsipi kimi “bizim adamdır” və ya “bizim adam deyil”  siyasəti əsasında formalaşmışdı. Yəni hansı bir vasitə ilə səndən faydalanmaq olurdusa, heç olmasa mətbuatda kimin tərəfindənsə təriflənirdilərsə onların çap olunmaq imkanları böyük idi və maneəsiz idi. Mən isə bunların hamısından məhrum idim. Ona görə hədsiz dərəcədə çətinliklərlə üzləşirdim. Bu da məni məcbur edirdi ki, ardı-arası kəsilmədən oxuyum, mütaliə edim ki, səviyyəcə yüksəkdə olum, eyni zamanda gecə-gündüz şeir, hekayə, povest, roman yazım ki, özü də hər dəfə daha yüksək səviyyədə güclə özümə yol aça bilim. Ona görə hardasa oxuduğum kimi mən bir növ alnımla özümə tunel açım.

Çox maraqlıdır ki, hələ də dərsliklərdə, nəşriyyatlarda, ədəbiyyatda tarixi kitablarında əsasən 1920-1990-cı illərin Azərbaycan Sovet ədəbiyyatı klassikləri hegemonluq edirdi. Hər şey onlara məxsus idi. Hamısı da xalq şairi və yazıçısı. Sovet hakimiyyəti yıxıldıqdan və kommunist ideologiyası göyə sovrulduqdan sonra bu məşhurların yaratdıqları həyatı və tarixi əhəmiyyətlərini itirdikdən sonra da dominantlıq etməkdədirlər. Yuxarıda adlarını çəkdiyimiz 1960-2000-ci illərin yazarları isə hələ də ədəbiyyat tarixindən kənarda qalmaqdadırlar. Çünki ədəbiyyatşünaslığın və dərsliklərin mərkəzi olan Nizami adına Ədəbiyyat İnstutunda hələ də sosializm, realizm üsulu başlıca dəyər sayılır.

Yalnız indi-indi adlarını çəkdiyimiz bəzi şair və nasirlər tək-tək hallarda yada salınırlar. Bütün bunların səbəbi odur ki, hakimiyyətdə heç bir dəyişiklik olmadı. 1960-1970-ci illərin ənənə və qaydaları ötən əsrin  90-cı illərindən sonra yenidən bir az başqa şəkildə cücərib pöhrə verdi.

Mətbuat azad və senzurasız oldu. Bu əlbəttə ədəbiyyatın böyük bayramı idi. Və yalnız bundan sonra mən də qol-qanad açdım və düşündüyüm ağlasığmaz dərəcədə yeni ruhlu, yeni məzmun və mündəricatlı roman və povestlərimi çap etdirdim. Lakin təbii ki, Ədəbiyyat İnstutu hələ də öz yolu ilə gedir. Həmin 1960-2000-ci illərin şair və yazıçılarının çoxu dünyanı tərk ediblər. Bu gün onların yaratdıqları tədqiq olunmur. Dəyərləri və qiymətləri verilmir. Bu isə əlbəttə anormallıqdır. Halbuki kim olursa olsun yaradıcılığı araşdırılmalı, dəyəri və yeri müəyyən olunmalı və dərsliklərdə bu öz əksini tapmalıdır. Başdan-ayağa kommunizm ideologiyasının ilhamlı tərənnümçüsü olan Səməd Vurğun, Süleyman Rüstəm  və onun kimilərin adları tarixin layiq olduqları yeşiyinə atılmalıdırlar.

 

Əlisa  NİCAT