İsrailin tanınmış şairi Mətbuat Şurasında olub

    15

    Bu gün İsraildən olan tanınmış şair Pyotr Davıdov Azərbaycan Mətbuat Şurasında olub.

    Şuradan Hurriyyet.org-a verilən məlumata görə, sədr Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə İsrail və Azərbaycan mediası arasındakı oxşar və fərqli cəhətlərə toxunulub. Ə.Amaşov bildirib ki, hər iki ölkə bütün sahələrdə sıx əlaqələrə malikdir. Media hər zaman buna önəm verir. Şura sədri həmçinin vurğulayıb ki, Azərbaycan mediasının İsrailin qabaqcıl təcrübəsini öyrənməsi mühüm əhəmiyyətə malikdir.

    P.Davıdov Azərbaycan və İsrailin mədəni əlaqələr müstəvisindəki dinamik əməkdaşlıq xəttindən söz açıb, mövcud istiqamətdəki xarakterik cəhətlərə toxunub.

    Qeyd edək ki, İsrailin tanınmış şairlərindən olan P.Davıdov Bakıda anadan olub. Neft Akademiyasında təhsil alıb. Azərbaycanda yaşadığı dövrdə çalışdığı media orqanı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC) olub. İsrailli qonaq informasiya agentliyində çalışdığı illərlə bağlı xatirələrini bölüşüb.

    Ə.Amaşov P.Davıdovu Mətbuat Şurasının fəxri diplomu ilə təltif edib.

    Onu da bildiririk ki, P.Davıdovun şerlər kitabı dünyanın 6 dilinə tərcümə edilib. Şairin yaradıcılıq nümunələrini internet üzərindən 20 milyondan artıq adam izləyib. Bakıda olduğu müddətdə onun tələbələrlə, şair və yazıçılarla, media təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

    Hurriyyet.org